"Ölkə başçısının dövlətimizin inkişafı ilə bağlı mövqeyi məlumdur. Ötən həftə keçirilən Nazirlər Kabinetinin iclasında nitq söyləyən Prezident İlham Əliyev bir daha qeyd etdi ki, ölkəmizdə iqtisadi islahatlar aparılmalı, bu sahə daha da inkişaf etməli, neft sektorundan olan asılılıq aradan götürülərək kənd təsərrüfatı və digər sahələrə üstünlük verilməlidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.Ölkə başçısının iclas zamanı digər mühüm məqamlara toxunduğunu deyən millət vəkili söyləyib ki, Azərbaycan Prezidenti bütün çıxışlarında olduğu kimi budəfəki nitqində də hər kəsin yaralı yeri olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyini ortaya qoydu: "Ölkə başçısı Dağlıq Qarabağ problemi ilə bağlı bütün məsələlərdə dövlətin maraqlarından çıxış edir. Dövlət başçısı Nazirlər Kabinetinin iclasında bir daha mövqeyini ortaya qoyaraq bildirdi ki, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın ermənilər tərəfindən işğal olunması beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir. Əks halda torpaqlarımızın işğaldan azad edilməsi xalqımızın iradəsi ilə və digər yollarla da həll oluna bilər. Ölkə başçısı dövlətimizin maraqlarını üstün tutaraq, çıxışında qəti fikrini bildirərək qeyd etdi ki, münaqişənin həlli ilə əlaqədar heç bir güzəştli addımlar atılmayacaq"."Prezident İlham Əliyev iclasdakı çıxışı ilə məmurlarla yanaşı, Azərbaycan xalqına da mesaj vermiş oldu. Belə ki, ölkə başçısı bildirdi ki, ölkədə işləmək imkanı olan hər bir kəs açılacaq yeni sənaye parklarında, kənd təsərrüfatı istehsal sahələrində çalışmalı, öz ailəsini saxlamaq üçün onlara təqdim olunan imtiyaz və güzəştlərdən istifadə etməlidir. Ölkədə bolluq yaradılmalı, xaricdən ixrac edilən bir çox məhsulların qarşısı alınmalı, heç bir torpaq istifadəsiz qalmamalıdır. Uzun müddət işləməyən, tənbəlləşən, dövlət tərəfindən təqdim olunan müəyyən yardımlarla gününü keçirən ailələr və insanlar artıq ələbaxımlıqdan əl çəkərək zəhmətə qatlaşmalı, onlara ayrılan torpaqlarda becərməli və dövlətin yaratdığı sənaye və digər müəssisələrdə çalışmalıdır. Bu, bütün dünyada belədir. Prezidentin nitqi gələcəyə hesablanan proqram, plan və addım kimi qiymətləndirilməlidir. Düşünürəm ki, hər kəs bundan nəticə çıxarmalı, hamı dövlətimizin, xalqımızın rifahı naminə öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir" –deyə, Ç. Qənizadə əlavə edib.
sia.az