Oktyabr ayının 9-da Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən "SƏS"ə daxil olan məlumata görə, gənc kursantlar təntənəli surətdə hərbi andı qəbul etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılıb.
Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi general-mayor Elşən Verdiyev Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasından danışıb, Vətənə və dövlətə sədaqət andı içən kursantları təbrik edərək, hərbi anda daim sadiq qalacaqlarına, təhsildə və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliyini bildirərək, onlara müvəffəqiyyətlər arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin 2010-cu ilin avqust ayının 10-da akademiyanın açılış mərasimində iştirak etməsinin qürur hissi ilə xatırlandığı tədbirdə Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların sərhədçi zabit kimi hazırlanması üçün ən yüksək standartlara cavab verən şəraitin yaradılması, güclü elmi-tədris bazası və yüksək ixtisaslı hərbi-pedaqoji heyətin formalaşdığı, akademiyanin zabit-gizir, professor-müəllim heyətinin gənc kursantların Vətənin layiqli müdafiəçiləri kimi yetişmələri üçün qabaqcıl təcrübədən və səmərəli metodlardan bacarıqla istifadə etmələri xüsusi vurğulanıb.
Gənc kursantlar adından çıxış edənlər hərbi biliklərə dərindən yiyələnəcəklərinə, dövlət sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına, sərhədçı adını daim uca tutacaqlarına söz veriblər.
Tədbirdə çıxış edən valideynlər övladlarının Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil almaları ilə fəxr etdiklərini bildirmiş, gənc kursantlara dövlətimizə və xalqımıza sadiq, mərd və qürurlu zabit kimi yetişərək, Vətən torpaqlarının müdafiəsinə daim hazır olmalarını arzulayıblar.
Mərasim şəxsi heyətin təntənəli marşla keçidi ilə başa çatıb.
Təntənəli mərasim başa çatdıqdan sonra valideynlər akademiyada yaradılmış şəraitlə tanış olmuş, kursantlarla birlikdə nahar etmişlər.
R.RƏSULOV