Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun birgə təşkilatçılığı ilə keçirilən "Qeyri ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq" mövzusunda ikigünlük seminar dünən işini yekunlaşdırıb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Din və Etiqad Azadlığı üzrə aparıcı məsləhətçisi Kishan Manochanın moderatorluğu ilə keçirilən "Dinlərarası dialoqda effektivliyin artırılmasında faydalı örnəklər" mövzusunda panel iclasda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin, eləcə də DQİDK-in və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun əməkdaşları iştirak edib.
İclasda Avropa Kilsələri Şurasının İnsan Hüquqları və Əlaqələr üzrə icraçı katibi Elizabeta Kitanoviç, DQİDK-nin Xarici Əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli və Avropa Dinlərarası Gənclər Şəbəkəsindən gənc buddaçı Qabrielle Vestheadin çıxış ediblər.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Etibar Nəcəfov Azərbaycanın multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşdığını, bu siyasətin nəticəsində ölkəmizdə dini etiqad azadlığının təmin olunduğunu, rəsmi fəaliyyət göstərən bütün dini icmaların qanun qarşısında eyni məsuliyyət daşıdıqlarını və dini radikalizmin qarşısının alındığını deyib.
BBMM-in əməkdaşı Sərxanbəy Xuduyev diskussiyalar zamanı qurumun fəaliyyəti, Azərbaycanın multikulturalizm təcrübəsinin dünya gəncləri arasında təbliği və təşviqi istiqamətində mərkəzin həyata keçirdiyi layihələr haqqında məlumat verib.
Seminarın "Dəyişiklik üçün dialoq: növbəti addımlar" mövzulu panel iclasında maarifləndirmə məqsədilə keçirilən ikigünlük seminarın əhəmiyyəti yüksək dəyərləndirilib. Qeyd olunub ki, seminarin məqsədi Avropa məkanında və dünyada dinlərarası dialoqun təşviq edilməsi, bu sahədə dünya ölkələri və Azərbaycanın təcrübələrinin bölüşdürülməsidir.
DQİDK-nin sədrinin birinci müavini Səyyad Salahlının bağlanış nitqindən sonra sonra seminar işini yekunlaşdırıb.
Nəzakət ƏLƏDDİNQIZI