"Ümumiyyətlə Azərbaycanda keçirilən referendumun nəticələrinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi olaraq təsdiqlənməsi, referendumda həyata keçirilmiş Konstitusiyaya dəyişikliklərin həyata keçirilməsinin icrasının başlanğıcı kimi sayıla bilər". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Baş redaktorun sözlərinə görə, yəni referendum keçirilməsi və Konstitusiyaya dəyişikliklərin edilməsi hələ özlüyündə o demək deyil ki, Konstitusiyanın həmin dəyişilmiş maddələri birbaşa fəaliyyətə başlayır və təsdiq olunur: "Burada elə məsələr var ki, onlarla bağlı yeni Konstitusiya aktlarına və yeni qanunların, sənədlərin qəbul olunmasına ehtiyac var. Düşünürəm ki, cənab Prezidentin ötən gün referendum aktının qüvvəyə minməsi haqqında imzaladığı Sərəncam referendumda nəzərdə tutulmuş dəyişikliklərin həyata keçirilməsi üçün gərəkli olan tam hüquqi bazanın yaradılmasına xidmət edir. Sərəncamda da göstərildiyi kimi bu proses də 6 aya qədər davam edəcək. Mənə elə gəlir ki, bu 6 aylıq dövrü Konstitusiya dəyişikliklərinin, Azərbaycanın yeni Konstitusiya dövrünün ilkin mərhələsi saymaq olar. 6 aydan sonra isə hazırlanmış o aktların həyata keçirilməsi ilə Azərbaycanın yeni Konstitusiya dövrünün ikinci mərhələsi və böyük mərhələsi başlayacaq. Artıq onda biz çox ciddi dəyişikliklərin və islahatların şahidi ola bilərik".
sia.az