PDF Oxu

Siyasət

  • 23

Gennadi Axramoviç: “Naxçıvanda istehsal olunan məhsulların Belarusa ixrac olunmasında maraqlıyıq”

Gennadi Axramoviç: “Naxçıvanda istehsal olunan məhsulların Belarusa ixrac olunmasında maraqlıyıq”

"Gələcəkdə Belarus Respublikasının regionları ilə Naxçıvan Muxtar Respublikası arasında sıx əlaqələrin qurulmasında səylərimizi əsirgəməyəcəyik. Naxçıvanda istehsal olunan məhsulların Belarusa ixracında maraqlıyıq". Bu sözləri Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç Naxçıvana səfəri zamanı "Şərq qapısı" qəzetinə müsahibəsində deyib. Muxtar respublikaya səfərindən məmnun qaldığını bildirən səfir Naxçıvanın bir sıra sahələr üzrə qazandığı nailiyyətlərin nümunə gücündə olduğunu xüsusi vurğulayıb, muxtar respublikanın əldə etdiyi qabaqcıl təcrübənin Belarus Respublikasında da tətbiq edilməsinin əhəmiyyətini qeyd edib.

Gennadi Axramoviç deyib: "Bu, mənim Naxçıvan Muxtar Respublikasına ilk səfərimdir. Bir ildən çoxdur, Azərbaycan Respublikasında fəaliyyət göstərirəm. Belarus Respublikasının yaxın dostu olan Azərbaycanın qədim diyarına səfər etməyi çox arzulayırdım. Mən bilirəm ki, Naxçıvan Muxtar Respublikası həm Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğulub boya-başa çatdığı qədim diyardır, eyni zamanda Azərbaycana çox böyük tarixi şəxsiyyətlər, sərkərdələr, ziyalılar, elm xadimləri bəxş edən bölgədir. Ona görə bu unikal diyara səfər etmək mənim üçün çox xoşdur.

Naxçıvan şəhərinin küçələrindəki təmizlik və səliqə-sahman, insanların çox qonaqpərvər və gülərüz olması mənə öz doğma vətənim Belarusu xatırlatdı. Naxçıvanlılar şəhərdə tarixiliklə müasirliyin möhtəşəm kompozisiyasını yaratmaları, tarixi abidələri, milli dəyərləri ən yüksək səviyyədə qorumaları və bütün bu sahələrdə böyük uğurlar əldə etmələri ilə fəxr edə bilərlər.

Mənim muxtar respublikaya səfər proqramımın sıx olmasına baxmayaraq, bir sıra tarixi-mədəni abidələrlə də tanış oldum. Heyrətamiz idi. Naxçıvanın iqtisadi potensialı ilə tanışlığım zamanı məlumat verildi ki, insanların gərgin əməyi, məqsədyönlü fəaliyyəti və aparılan düzgün iqtisadi siyasət nəticəsində muxtar respublika özünü ərzaq məhsulları ilə tam təmin edir. Naxçıvanın bu nailiyyəti də insanı heyrətləndirir. Muxtar respublikanın əldə etdiyi bu böyük təcrübə bir sıra ölkələrə nümunə təşkil edir. Bu təcrübənin Belarusun bölgələrində də tətbiq olunması əhəmiyyət kəsb edir".

sia.az

Digər xəbərlər