SİYASİ TƏHLİL
"Beşinci kolon" Dağlıq Qarabağ problemi ətrafında erməni lobbisinin təlimatlarını həyata keçirir
Bəlli olduğu kimi, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycanın işğal olunmuş beş rayonunu qaytarması məsələsinin gündəmdə olduğunu bildirib. Türkiyə mətbuatının yaydığı məlumatda bildirilir ki, bu məsələdə Rusiyanın da əhəmiyyətli təşəbbüsləri var. "Rusiya bizimlə bu ideyanı paylaşdı, biz isə dəstəklədik. Biz Qarabağ probleminin həlli üçün çox çalışmışıq. Ermənistanla münasibətin normallaşması üçün də xeyli iş görmüşük. Hətta İsveçrədə saziş də bağlamışıq, lakin bu, nəticə verməyib", - deyə qeyd edən Çavuşoğlu, həmçinin, bildirib ki, Minsk Qrupunun və Rusiyanın həmsədrləri bəzi konstruktiv təkliflər irəli sürüblər. SİTAT: "Gündəmdə işğal olunmuş ən azı beş rayonunun Azərbaycana qaytarılması məsələsi durur. Rusiya bu təklifi paylaşdı, Türkiyə isə onu dəstəklədi. Bunu Azərbaycan tərəfi ilə də müzakirə etdik. Əgər bu cür addımlar atılsa, biz Azərbaycanın istənilən qərarını dəstəkləyəcəyik. Biz Ermənistanla da münasibətlərin normallaşmasını istəyirik. Əgər bu problem həll olunsa, güman edirik ki, Azərbaycan da bunu istəyəcək. Nəyə görə Cənubi Qafqazda bu cür təhlükə, bu cür problem olmalıdır? Niyə o, həll olunmur? Minsk Qrupu da səy göstərməlidir".
Ölkəmiz heç vaxt Qarabağ torpaqlarının işğal altında qalması ilə barışmaq niyyətində deyil
Göründüyü kimi, əslində, bu kimi faktorun gündəmə gəlməsi Azərbaycan Prezidenti İlham Əliyevin ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcəyi barədə vurğuladığı fikirləri kifayət qədər tamamlamış olur. O cümlədən, Dağlıq Qarabağ probleminin həlli istiqamətində dövət başçımızın qətiyyətli və prinsipial mövqeyi də sübut edir ki, ölkəmiz heç vaxt Qarabağ torpaqlarının işğal altında qalması ilə barışmaq niyyətində deyil. Yeri gəlmişkən, onu da xatırlatmaq yerinə düşərdi ki, dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin keçirilən son iclasında ciddi bir bəyanatla çıxış edərək deyib ki, "Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: "Dağlıq Qarabağda status-kvo qəbuledilməzdir". Bu, ancaq rəsmi qaydada səslənən bir tezis idi. Amma bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin",- deyə Prezident qeyd edib. Dövlət başçısı bağlı qapılar arxasındakı söhbətləri açıqlamaq istəmədiyini də vurğulayıb və bunun səbəbini diplomatiyanın öz qaydalarının olması ilə əsaslandırıb: "Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada "beşinci kolon"a göstəriş verərək, bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt olmayacaq. Nə qədər ki, biz iqtidardayıq,- referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq,- heç vaxt Azərbaycan buna razılıq verməyəcək. Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik".
AXCP, Müsavat və s. kimi radikal müxalifət partiya rəhbərliklərinin zaman-zaman xarici səfirllik qapılarında yatıb-durmaları da deyilənləri kifayət qədər təsdiq edir
Məhz bu mühüm tezislərdən də nəticə çıxarmaq mümkündür ki, bir sıra Qərb siyasi dairələri Qarabağ problemi ətrafında çirkin oyunlar oynamaqla, Azərbayca hakimiyyəti ilə təzyiq dilində danışmağa cəhdlər göstərirlər. Ancaq onların bu cəhdləri, əlbəttə ki, nəticəsiz qalır. Bu səbəbdən, dövlət başçımızın da qeyd etdiyi kimi, ölkəmizdə öz siyasi maraqlarını təmin edən "beşinci kolon"dan istifadə etməyə çalışırlar. AXCP, Müsavat və s. kimi dağıdıcı müxalifət partiya rəhbərliklərinin zaman-zaman xarici səfirllik qapılarında yatıb-durmaları da deyilənləri kifayət qədər təsdiq edir. Guya Azərbaycan xalqının maraqlarından çıxış etdiklərini iddia edən radikal müxalifət "liderləri", ilk növbədə, Dağlıq Qarabağın işğal müddətinin uzanmasının tərəfdarı olduqlarını xəyanətkar addımları ilə dəfələrlə sübuta yetiriblər. Onlar yaxşı dərk edirlər ki, işğal altında qalan torpaqlarımızın azad olunması an məsələsidir və bunu, məhz mövcud iqtidar reallaşdıracaq. Belə olan təqdirdə, xalqın Prezident İlham Əliyev hakimiyyətinə olan sarsılmaz inamı daha da möhkəmlənəcək və bu faktor mövcud müxalifətin birdəfəlik olaraq siyasi məhvini reallaşdırmış olacaq. Ona görə də xaricdə fəaliyyət göstərən ermənipərəst təşkilatların, lobbi qurumlarının təlimatlarını canla-başla yerinə yetirməyə çalışırlar. Göründüyü kimi, bu, onlarda alınmır və alınmayacaq da...
Unudurlar ki, belə davam edərsə, hakimiyyətin ətrafında biləşən güclü xalq ordusunun hiddəti qarşısında əzilmək təhlükəsi yaşayırlar
Bu baxımdan, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında "təzyiqlər var" mesajına dağıdıcı müxalifət tərəfindən dərhal reaksiya verildi və onlar Qərbdəki ağalarından aldıqları təlimatları vasitəsilə sərsəm bəyanatları ilə gündəmə çıxmağa cəhd göstərdilər. Ancaq unudurlar ki, belə davam edərsə, hakimiyyətin ətrafında biləşən güclü xalq ordusunun hiddəti qarşısında əzilmək təhlükəsi yaşayırlar. Bu arada daha bir amilə də toxunmaq zərurəti yaranır. Belə ki, istər erməni lobbisinin siyasi korrusiya və rüşvətlərindən bəhrələnən bəzi xarici QHT-lər və onların havadarları, istərsə də yerli "beşinci kolon" xəyanətkarları bu addımları ilə BMT-nin nizamnaməsini kobud şəkildə pozduqlarının fərqinə varmalıdırlar. Çünki Azərbaycan BMT-yə müstəqil dövlət kimi üzv qəbul olunanda, onun 87 min kvadratkilometr ərazisi təsbit olunub. Yəni indiki işğaldakı ərazilər də Azərbaycanın ərazisi kimi göstərilib. Azərbaycan dövləti xalqının gücünə söykənir və öz potensialı, qüdrəti və gücü ilə istənilən təzyiqi məhv edir Ona görə də Azərbaycana təzyiq edənlər təkcə bizim ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirmirlər, həm də BMT-nin nizamnaməsinə qarşı pozuculuq fəaliyyəti göstərirlər. Ona görə də, bu gün torpaqlarımızın azad olunmasına mane olmağa cəhd edənlər, bu cür ədalətsiz yanaşmalar edənlər bilməlidirlər ki, Azərbaycan dövləti xalqının gücünə söykənir və öz potensialı, qüdrəti və gücü ilə istənilən təzyiqi məhv edir. Yaxşı olardı ki, "beşinci kolon" olan radikal müxalifətin lidercikləri erməni lobbisinə satılmalarından sonra öz aqibətləri barədə düşünlər. Çünki dövlətə və millətə xəyanət heç vaxt bağışlanmır.
Rövşən RƏSULOV