PDF Oxu

Siyasət

  • 19

Ermənistanın sosial-iqtisadi durumu dövlətçiliyini təhlükə qarşısında qoyur

Ermənistanın sosial-iqtisadi durumu dövlətçiliyini təhlükə qarşısında qoyur

Bu gün dünyada tanınmış multikulturalizm mərkəzlərindən birinə çevrilən Azərbaycan yürütdüyü siyasəti, eləcə də cəmiyyətin durumu sübut edir ki, ölkəmizdə multikulturalizm dərin köklərə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı il ölkəmizdə "Multikulturalizm ili" elan olunması ilə insanlar arasında birlik və həmrəyliyin möhkəmlənməsinə yönələn tədbirlər planlı ardıcıl şəkildə həyata keçirilir. Müxtəlif mədəniyyətlərin nümayəndələrini bir araya gətirən dünya və Avropa miqyaslı tədbirlərin Azərbaycanda keçirilməsi ənənə halını alıb və ölkəmiz müxtəlif sivilizasiyaların qovuşduğu məkana çevrilib.

Təəssüflə də olsa vurğulamalıyıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin yeganə ciddi problemidir. Bu gün ölkəmiz hərtərəfli inkişaf edir, amma Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması inkişafın daha da sürətlənməsinə maneçilik törədir. Bu gün Azərbaycan ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayon təcavüzkar Ermənistanın işğalı altındadır. Azərbaycanın işğal olunmuş torpaqlarından 1 milyondan çox dinc sakin doğma yurdundan didərgin salınıb. Göstərilən beynəlxalq səylər, Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi münaqişənin sülh yolu ilə həllinə imkan vermir. Münaqişənin nizama salınmaması nəinki Cənubi Qafqaz regionunda, həm də dünyada sülh və sabitlik üçün təhlükə mənbəyidir. Ermənistan isə öz xarici havadarlarına güvənərək, münaqişənin sülh yolu ilə həllini uzadır. BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinə, İƏT və digər beynəlxalq təşkilatların qərarlarına və ayrıca dövlətlərin mövqelərinə məhəl qoymayaraq və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edir.

Belə bir ictimai-siyasi vəziyyəti yaşayan Azərbaycan bu gün dünyada inkişaf edən dövlətlər sırasındadır. Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var və öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə yürüdülən xarici siyasətdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet yer tutur. Prezident İlham Əliyevin, birmənalı olaraq, qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaq. Torpaqlarımızın bir qarışını da güzəştə getməyəcəyik.

2025-2030-CU İLLƏRƏDƏK ERMƏNİSTANDA ƏHALİNİN SAYININ AZALARAQ TƏQRİBƏN 1 MİLYON 500 MİN NƏFƏR OLACAĞI GÖZLƏNİLİR

Sarkisyanın prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində Ermənistan tərəfindən dəfələrlə qeyri-konstruktivlik nümayiş olunduğu üçün durğunluq yaranıb. Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən Ermənistan iqtisadiyyatı artıq tamamilə tənəzzülə uğrayıb. İşğalçı ölkənin dövlət büdcəsinin gəlirləri də rekord həddə azalıb. Cari ilin nəticələrinə görə, Ermənistanın büdcəsinin gəlirləri 633 milyard 400 milyon dram, xərcləri isə 717 milyard 200 milyon dram olub. Büdcə gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 2 milyard 200 milyon dram azalıb. Əvəzində isə Ermənistanın dövlət büdcəsinin xərcləri keçən ilkindən daha çoxdur. Bu, belə davam edərsə, ilin sonunda büdcə çatışmazlığı nəzərdə tutulandan daha artıq olacaqdır. Bu isə yeni böhran dalğasından xəbər verir. Ölkədə yoxsulların sayı da durmadan atrır. Hazırda Ermənistanda hər üç adamdan biri yoxsul, hər 5 adamdan biri isə ifrat yoxsulluq həddindədir. 1998-ci ildən etibarən əhalinin həyat standartlarının azaldığını hökümət dairələri artıq etiraf edib. Təkcə bir il ərzində yoxsulların sayında 316 min nəfər artım qeydə alınıb. Ölkədə miqrasiya tempi də yüksəlib. Statistikaya nəzər salsaq, görərik ki, 2008-2015-ci illər ərzində Ermənistanı, ümumilikdə, 528 min 300 nəfər tərk edib. BMT-nin ekspert qrupunun hesablamalarına görə isə, 2025-2030-cu illərədək Ermənistanda əhalinin sayının azalaraq təqribən 1 milyon 500 min-2 milyon nəfər olacağı gözlənilir.

Ermənistan prezidenti ölkədə mövcud olan bütün bu problemlərə laqeyd yanaşsa da, tutduğu vəzifədən sui-istifadə edərək, özünün şəxsi maliyyə imkanlarının artırılmasına xüsusi diqqət yetirir. Bu müddət ərzində isə, ölkəni tərk edən əhali arasında təhsil alan şagirdlərin sayı da kəskil azalıb. Bəzi ümumtəhsil məktəbləri ləğv edilib. Ümumtəhsil müəssisələrinin bağlanması halları təkcə şəhərlərdə deyil, rayon və kəndlərdə də qeydə alınıb.

Təbii ki, hazırda xarici qrantlar, kreditlər və pul yardımı toplayan marafonlardan əldə edilmiş maliyyə vəsaitləri hesabına yaşamaq məcburiyyətində olan ölkənin iqtisadiyyatını inkişaf etdirmək mümkün deyil.

ERMƏNİSTAN DÖVLƏTİ CİDDİ TƏHLÜKƏ QARŞISINDADIR

Ermənistan hakimiyyətinin daxili siyasəti ölkədə ictimai fikrə təsir göstərə bilən yalan siyasi vədlər üzərində qurulub. Bu cür vədlər verməklə hakimiyyət Ermənistanın siyasi, iqtisadi, sosial, hərbi, təhsil, demoqrafik və digər sahələrində mövcud olan problemlərdən insanların diqqətini yayındırmaq və iqtidara qarşı mümkün etiraz aksiyalarının qarşısını almaq istəyir. Ermənistanın istər siyasi, istərsə də iqtisadi vəziyyətinin günü-gündən pisləşməsinə baxmayaraq, Serj Sarkisyan 2018-ci ildə ikinci prezidentlik müddətinin bitməsindən sonra belə hakimiyyəti əldə saxlamaq niyyətindədir.

Amma hadisələrin gedişatı bizə deməyə əsas verir ki, hazırkı hakimiyyətin həyata keçirdiyi siyasət Ermənistanın təkcə müstəqilliyinin itirilməsi ilə deyil, eyni zamanda, dövlətçiliyinin də ciddi təhlükə qarşısında qalması ilə nəticələnə bilər. Regional əməkdaşlığı inkişaf etdirmək və iqtisadiyyatı inkişaf etmiş qonşu ölkələrlə münasibətlər qurmaq əvəzinə, Ermənistan hakimiyyəti işğalçılıq fəaliyyətindən əl çəkmir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər