Oktyabrın 14-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında "Azərbaycan multikulturalizmi" elektron kitabxanasının və veb saytının təqdimatı keçirilib.AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov yeni elektron resursla bağlı məlumat verib. Bildirib ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Bu gün də milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin vətəndaşlarının gündəlik həyat tərzinə çevrilib. Şərqlə Qərbin arasında körpü rolunu oynayan Azərbaycanın beynəlxalq arenaya təqdim etdiyi multikultural model xalqların və dini konfessiyaların dostluq və mehriban şəraitdə birgə yaşamalarını və fəaliyyət göstərmələrini təmin edən modeldir.Mayıl Əhmədov deyib ki, multikulturalizm ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı il ölkəmizdə "Multikulturalizm ili" elan edilib. Həmin Sərəncamın icrası məqsədilə dövlət başçısının təsdiq etdiyi Tədbirlər Planında "Azərbaycan multikulturalizmi" elektron kitabxanasının və veb saytının yaradılması müvafiq dövlət orqanları ilə birgə Prezident Kitabxanasına həvalə edilib. Bu məqsədlə Prezident Kitabxanasında Azərbaycan, ingilis və rus dillərində hazırlanan veb sayt və elektron kitabxana Azərbaycan multikulturalizminin mahiyyətini və onun bütün aspektlərini tam dolğunluğu ilə əhatə edir.Veb saytın quruluşu barədə məlumat verən kitabxananın direktoru bildirib ki, materiallar saytda 6 bölmədə qruplaşdırılıb. "Multikulturalizm" adlanan birinci bölmədə istifadəçilərə Azərbaycanda yaşayan bütün xalqları birləşdirən azərbaycançılıq ideologiyasının mahiyyəti, ölkəmizin etnik rəngarəngliyi, mədəni müxtəlifliyi, milli azlıqların təhsili, tolerantlıq ənənələri və s. barədə ətraflı məlumat verilir.Tədbirdə digər çıxış edənlər yeni resursun mühüm əhəmiyyət daşıdığını, günümüzün tələbləri səviyyəsində hazırlandığını və böyük marağa səbəb olacağını bildiriblər.
AZƏRTAC