"Ermənistanda Rusiyadan qaçmaq, Qərbə inteqrasiya etmək tərəfdarları həmişə olub. Amma son beş ildə demək olar ki, həmin şəxslər hədsiz dərəcədə fəallaşıblar". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresindən sonra Ermənistanda Rusiyadan imtina edib NATO-ya inteqrasiya etməklə bağlı çağrışlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı və ABŞ özünün Ermənistanda "5-ci kalon"unu yaradıb və qrantlar vasitəsilə təmin edib: "Ona görə də indi Ermənistanda belə çağrışların artması və ya azalması o qədər də təəccüblü deyil. Amma Ermənistanın ümumiyyətlə, heç yerə qaçmaq imkanı yoxdur. Bu ölkənin Rusiyada nüfuzu itir, amma daha çox Qərb qarşısında nüfuzdan düşür. Bu yaxınlarda bəlli oldu ki, NATO ilə Ermənistan arasında ciddi narazılıqlar var. İndi NATO-da başa düşürlər ki, erməni ekspertlərinin, siyasətçilərinin, o cümlədən Ermənistan məmurlarının NATO-ya marağı qrant mənimsəməkdən ötrü imiş. Yəni NATO ilə birgə tədbirlər keçirirlər, Alyans pul xərcləyir, ermənilər isə ordan qazanır. Hətta NATO Ermənistana Gürcüstanda keçirdiyi tədbirlərə qatılmağı təklif edir, amma İrəvan bundan imtina edib. Yaxud başqa bir misal, Serj Sarkisyan bu yaxınlarda ABŞ-da tədbir keçirdi, amerikalı biznesmenləri Ermənistana investisiya qoymağa dəvət etdi. Sarkisyan üç gün ABŞ-da oldu, amma bir rəsmi onu qəbul etmədi. Bu, onu göstərir ki, Serj Sarkisyan, Ermənistan Qərbdə nüfuzunu tamamilə itirib. Heç Ermənistana pul vermək niyyətində də deyillər. Bu günlərdə Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tədbiri keçirilir və o çərçivədə XİN rəhbərləri 31 sənəd imzalayıb, dövlət başçıları isə 24 sənəd imzalamalıdır. Onların 50 faizdən çoxu NATO, ABŞ və Qərbin əleyhinədir. Buna görə də erməni ekspertlərinin çağırışı heç bir rezonans yaratmayacaq. Sadəcə, Rusiyada rezonas yarada bilər. Rusiya indi Ermənistanın şantajına düşüb. Rusiyada hesab edirlər ki, ermənilər Qərbə qaça bilər və buna görə də Qarabağ məsələsində fəaliyyətini müəyyən qədər dondurub. Hesab edirəm ki, bu müvəqqəti haldır, çünki Rusiya üçün Azərbaycan və Ermənistan eyni gücdə olan dövlət deyil".