Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Qusar rayon icra hakimiyyəti və YAP Qusar rayon təşkilatının birgə təşkilatçılığı ilə "Azərbaycan müstəqilliyi əbədidir, dönməzdir: 25 ilin nailiyyətləri" mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə YAP Siyasi Şurasının üzvü, rayon təşkilatının sədri David İbramxəlilov açaraq, 18 oktyabr Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edildiyi tarixi gündən 25 il keçdiyin bildirib:"1991-ci ilin 18 oktyabrda Azərbaycan yenidən müstəqilliyini bərpa etsə də, ölkədə baş alıb gedən hərc-mərclik, özbaşınalıq, hakimiyyətin tez-tez dəyişilməsi müstəqilliyimizi təhlükə altına alırdı. 1993-cü ilin iyununda Azərbaycan parçalanma, dağılma ərəfəsində ikən Ulu Öndərimiz xalqın tələb və təkidi ilə hakimiyyətə gəlməsəydi, bu gün biz Azərbaycanın müstəqilliyindən belə danışa bilməzdik. Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycan çox böyük uğurlara imza atıb - atəşkəsə nail olunub, "Əsrin müqavilə"si imzalanıb, ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunub. Bu gün Heydər Əliyev siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla, həm də məqsədyönlü şəkildə davam etdirilir".
Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsmixan Vəliyev "Milli dövlət quruculuğu 25 ildə" mövzusunda çıxış edərək, çətin bir dövrdə 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpa olunduğunu qeyd edib. Müasir müstəqil Azərbaycan dövlətinin Qurucusu olaraq milli dövlətçiliyimizin ideya əsasının təməlini qoyan Ulu Öndər Heydər Əliyevin bütün mənalı həyatını öz xalqına bəxş etdiyini diqqətə çəkən İ.Vəliyev Ulu Öndərin inkişaf strategiyası nəticəsində müstəqil Azərbaycanın gündən-günə inkişaf etdiyini bildirib: "Bu gün Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Respublikası misli görünməmiş sosial-iqtisadi inkişafa nail olub, regionda lider ölkə statusunu qazanıb. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önəmli bir dövlətdir".
Milli Məclisin üzvü Azər Badamov "Müstəqillik illərində dövlətimizin iqtisadi siyasəti" mövzusunda çıxışında ötən illər ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini qeyd edərək, ölkəmizin inkişaf strategiyasının Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini diqqətə çatdırıb. "Azərbaycanda Ümummilli Lider Heydər Əliyev siyasətinin alternativi yoxdur" -deyən millət vəkili müasir dövrümüzdə Möhtərəm Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrildiyini vurğulayıb.
Konfransda rayon prokuroru Zahid Vəliyev "Hüquqi islahatlar müstəqillik müstəvisində", Bilik Fondunun Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Arif Xəlilov "Müstəqillik dövründə Azərbaycan təhsili", YAP Qusar rayon təşkilatı gənclər birliyinin üzvü Lamiyə Xəlilova "Dövlətimizin gənclər siyasəti 25 ildə" mövzusunda çıxış edərək, müstəqil Azərbaycanın inkişaf yolundan, ölkənin əldə etdiyi uğurlardan danışıblar.
NƏZAKƏT