Dünən YAP Astara rayon təşkilatının konfrans zalında "Müstəqilliyimiz əbədidir və dönməzdir" mövzusunda yığıncaq keçirilib. Yığıncağı giriş sözü ilə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov açaraq, bildirib ki, 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür: "25 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir. 1993-cü ildə ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. 1993-cü ildən başlayaraq, dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər müstəqil Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, Azərbaycanın müstəqilliyi, əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır. Respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan AXC-nin varisi elan edən Ümummilli Lider Heydər Əliyev, müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir" məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi".
Tədbirdə rayon qadınlar şurasının sədri Yasəmən Rəsulova, rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, rayon mərkəzi xəstəxanasının baş həkimi Əlövsət Əliyev, gənclər birliyinin sədri Tural Eyvazov çıxış ediblər.
Samir