Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində "Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi" mövzusunda regional konfrans keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Hacıyev, muxtar respublikadakı dövlət qurumlarının mətbuat xidmətlərinin əməkdaşları, Naxçıvan Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri, yerli televiziya, radio və nəşrlərin, habelə, Bakıda fəaliyyət göstərən 20-dək aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Dahi Öndərin adını daşıyan muzeylə tanış olublar.
Naxçıvan Dövlət Texniki Kollecinin akt zalında işinə başlayan konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Hacıyev qonaqları salamlayaraq, tədbirin dövlət qurumları ilə ölkənin aparıcı KİV-ləri arasında sıx və məhsuldar əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb. R.Hacıyev mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında sıx və məhsuldar əlaqələrin əsasının 1990-1993-cü illərdə - Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbərliyi dövründə qoyulduğunu vurğulayıb. Həmin dövrdə muxtar respublikanın siyasi, sosial-iqtisadi, mədəni həyatı, qonşu ölkələrlə ikitərəfli əlaqələri barədə yeniliklərin "Şərq qapısı" qəzetində dərc olunduğunu xatırladan R.Hacıyev əlavə edib ki, Ümummilli Lider Azərbaycana rəhbərliyi dövründə də kütləvi informasiya vasitələrinin cəmiyyət həyatındakı rolunu hər zaman yüksək dəyərləndirib, jurnalistlərin peşə fəaliyyətinə geniş imkanlar yaradıb.
R.Hacıyev, həmçinin, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısını siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Ölkədə söz, fikir və məlumat azadlığının təmin olunması, yüzlərlə qəzet və jurnalın, informasiya agentliklərinin maneəsiz fəaliyyəti bu diqqət və qayğının bariz təcəssümüdür.
Naxçıvanda dövlət qurumları ilə KİV-lər arasında əlaqələrin inkişafı istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran R.Hacıyev hazırda burada 1 muxtar respublika, 8 şəhər və rayon qəzetinin, 4 jurnalın, 3 televiziya, 3 radio və 6 nəşriyyatın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Natiq, həmçinin, qeyd edib ki, muxtar respublikada Televiziya və Radio Şurasının, Mətbuat Şurasının yaradılması KİV-lərlə dövlət qurumları əlaqələrin sivil məcrada tənzimlənməsini təmin edib. O, muxtar respublikanın bütün rayonlarında fəaliyyət göstərən mətbuat orqanları üçün normal iş şəraitinin yaradıldığını, maddi-texniki bazalarının gücləndirildiyini xüsusi vurğulayıb.
Naxçıvan MR Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri ixtisaslı jurnalist kadrların hazırlanması və dövlət orqanlarında mətbuat xidmətlərinin işinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə də ətraflı məlumat verib. R.Hacıyev fondun təşkilatçılığı ilə Naxçıvanda keçirilən tədbirin dövlət orqanları və media arasında əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcəyinə inandığını bildirib.
Fondun icraçı direktor Vüqar Səfərli ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorlarının Naxçıvana geniş heyətdə ilk səfərinin və belə bir konfransın təşkilinin əhəmiyyətindən söz açıb. V.Səfərli bildirib ki, konfransın təşkilində məqsəd muxtar respublikanın dövlət qurumları ilə respublikanın aparıcı KİV-ləri arasında əlaqələrin daha da genişləndirilməsi, habelə, ölkə ictimaiyyətinin blokada şəraitində yaşayan Naxçıvanda ictimai həyatın bütün sahələri üzrə qazanılan nailiyyətlər barədə dolğun və obyektiv məlumatlandırılmasıdır.
V.Səfərli son illərdə muxtar respublikanın iqtisadi, siyasi, mədəni və abadlıq-quruculuq sahələrində möhtəşəm nailiyyətlərə imza atdığını bildirərək, burada Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun müstəsna xidmətlərini diqqətə çəkib. İcraçı direktor, Ulu Öndər Heydər Əliyev ideyaları əsasında inkişaf edən muxtar respublikada Azərbaycan Prezidenti İlham Əliyevin mütərəqqi inkişaf strategiyasının uğurla reallaşdırıldığını vurğulayıb.
Fondun icraçı direktoru ölkə mətbuatının müstəqilliyin ilk illərində ciddi problemlərlə üzləşdiyini, müxtəlif təzyiqlərə, senzuraya məruz qaldığını xatırladıb və Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, cəmiyyət həyatının digər sahələri kimi, KİV-lərin inkişafında da keyfiyyətcə yeni mərhələnin başlandığını bildirib. Vüqar Səfərli Ümummilli Liderin siyasi iradəsi ilə 1998-ci il avqustun 6-da KİV üzərində senzuranın ləğv edildiyini, söz və mətbuat azadlıqlarının etibarlı təminatına xidmət edən mükəmməl qanunvericilik bazasının formalaşdırıldığını, qəzetlərin "Azərbaycan" nəşriyyatına borclarının dondurulduğunu və digər mütərəqqi islahatları diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu siyasəti son 13 ildə uğurla davam etdirdiyini deyən icraçı direktor KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin və sosial vəziyyətlərinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. V.Səfərli qəzetlərin "Azərbaycan" nəşriyatına olan borclarının dövlət büdcəsi hesabına silinməsi, ölkə mətbuatının 130, 135 və 140 illik yubileylərinin yüksək səviyyədə qeyd edilməsi, onlarla jurnalistin fəxri adlara, orden və medallara layiq görülməsi və digər mühüm tədbirləri xüsusi xatırladıb.
Fondun icraçı direktoru KİV-ə dövlət qayğısının sistemli və ardıcıl şəkildə həyata keçirilməsi məqsədilə ölkə başçısının 2008-ci ildə imzaladığı müvafiq Sərəncamla Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edildiyini xatırladıb. Konsepsiyadan irəli gələn vəzifələrin gerçəkləşdirilməsi üçün 2009-cu il 3 aprel tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması KİV-lərə dövlət dəstəyinin sistemli və ardıcıl şəkildə həyata keçirilməsini təmin edib. Fondun fəaliyyət istiqamətlərindən biri də mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsidir. İcraçı direktor Naxçıvanda keçirilən konfransın kütləvi informasiya vasitələri ilə muxtar respublikanın müvafiq icra strukturları arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacağını bildirib.
V.Səfərli ötən illərdə fondun KİV-lərin maddi-texniki bazasının təkmilləşdirilməsi, ölkə jurnalistlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması və digər proritet istiqamətlərdə gerçəkləşdirdiyi layihələr barədə də ətraflı məlumat verib. Yarandığı gündən fondun hesabına dövlət büdcəsindən köçürülən vəsaitlərin məbləğinin 26 milyon 795 min manat təşkil etdiyini diqqətə çatdıran icraçı direktor əlavə edib ki, bir qrup jurnalistin mənzillə təmin olunması və jurnalistlər üçün növbəti binanın tikintisinin yekunlaşmaq üzrə olması mediaya dövlət tərəfindən göstərilən yüksək diqqətin əyani təcəssümüdür.
İcraçı direktor fondun KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasına müvafiq olaraq keçirdiyi fərdi jurnalist yazıları müsabiqələri barədə də ətraflı məlumat verib. Ötən illərdə həmin müsabiqələrdə muxtar respublika mətbuatında çalışan jurnalistlərin də iştirak edərək qalib olduqlarını diqqətə çatdıran V.Səfərli media nümayəndələrini fondun növbəti müsabiqələrində daha fəal olmağa dəvət edib.
Sonra konfrans diskussiya şəraitində işini davam etdirib. "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev, Milli Məclisin deputatı, "Ədalət" qəzetinin təsisçisi Aqil Abbas, Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Şərq qapısı" qəzetinin baş redaktoru Tural Səfərov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Naxçıvan MR Mətbuat Şurasının üzvü Qahirə Hüseynova, "APA-Holdinq"in prezidenti Vüsalə Mahirqızı, Naxçıvan MR Mətbuat Şurasının sədri Rövşən Hüseynov, "Trend" informasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Naxçıvan MR Televiziya və Radio Şurasının üzvü Sara Əzimova, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Şərqin səhəri" qəzetinin redaktor əvəzi Zaleh Novruzov, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz çıxış edərək konfransın əhəmiyyətindən söz açıb, habelə, Naxçıvandakı inkişaf və tərəqqi prosesi ilə bağlı təəssüratlarını bölüşüblər.
Tədbiri yekunlaşdıran fondun icraçı direktoru V.Səfərli konfransın təşkilinə verdiyi dəstəyə görə Naxçıvan MR Ali Məclisinin rəhbərliyinə təşəkkürünü bildirib və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xidmət edən belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Rəsmi tədbirdən sonra Naxçıvanda səfərdə olan qonaqlara muxtar respublikanın tarixi-mədəni, dini abidələri, aparıcı ali təhsil müəssisələri və KİV-ləri ilə yaxından tanışlıq imkanı yaradılıb.
ZÜMRÜD