Əhəd Abıyev: "İlham Əliyevin diqqət və qayğısı sayəsində Daşkəsən rayonu 2016-cı ildə özünün inkişaf dövrünü yaşayır"
Dünən Daşkəsən rayonunda 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilib. Yığıncaqda rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, RİH başçısının inzibati-ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ümumrayon yığıncağında çıxış edən rayonun icra başçısı Əhəd Abıyev oktyabrın 7-də Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirildiyini xatırladaraq, bildirib ki, dövlət başçısı 2016-cı ilin dünya iqtisadiyyatı üçün çox ağır il olduğunu vurğulayıb və qeyd edib ki, bu il tarixdə bəlkə də ən ağır illərdən biridir: "Dünya iqtisadiyyatında böhranlı vəziyyət davam edir. Bu böhrandan həm təbii resurslarla zəngin olan ölkələr, eyni zamanda, istehlakçı ölkələr əziyyət çəkir. Təbii ki, neftin qiymətinin kəskin şəkildə düşməsi neftlə zəngin olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərmişdir. Eyni zamanda, neft ölkələrində öz kontraktlarını icra edən digər ölkələr də əziyyət çəkir. Çünki o ölkələrin şirkətləri kontraktları daha az həcmdə icra edir və beləliklə, bu böhran o ölkələrə də mənfi təsir göstərir..."
Əhəd Abıyev çıxışına davam edərək bildirib ki, respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da 2016-cı ilin doqquz ayında bir çox işlər görülüb və uğurlu nailiyyətlər əldə olunub: "Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müxtəlif sahələr üzrə xeyli artıb. Rayon ərazisində bir çox təmir-tikinti, abadlıq-quruculuq işləri davam etdirilmişdir. Quşçu həkim məntəqəsində, Zinzahal kənd klubunda və Əhmədli kənd mədəniyyət evində təmir işləri aparılıb.
İcra başçısı, həmçinin qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində və Qabaqtəpə kəndində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 3 fərdi yaşayış evinin tikintisinə başlanılmış və hazırda həmin obyektlərdə tikinti işləri davam etdirilir: "Qeyd etmək istərdim ki, Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır".
Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev qeyd edib ki, 27 avqust 2016-cı il tarixdə Daşkəsən rayonu ərazisində baş vermiş təbii fəlakət nəticəsində rayonda sosial obyektlərə, inzibati və yaşayış binalarına (əsasən, Daşkəsən şəhərində çoxmərtəbəli binaların dam örtüklərinə ciddi ziyan dəyib), fərdi yaşayış evlərinə, yol, elektrik, rabitə təsərrüfatına ziyan dəyib. Ziyanın artmasının qarşısını almaq məqsədilə rayonun daxili imkanları hesabına dəymiş zərərin aradan qaldırılması üçün aidiyyəti üzrə işlər görülüb.
"Bildiyiniz kimi, "Yeni Daşkəsən" layihəsi elmi əsaslarla işlənib-hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, yerlərdə mövcud problemlərin həlli, o cümlədən, "Daşkəsən Filizsaflaşdırma" Açıq Səhmdar Cəmiyyətinin yenidən formalaşıb müasir modeldə işə salınması layihədə əsas vəzifə kimi qarşıya qoyulmuşdur"-deyə qeyd edən icra başçısı əlavə edib ki, müəssisənin işə salınması üçün rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən vaxtaşırı olaraq aidiyyəti nazirliklər və qurumlar qarşısında məsələ qaldırılırdı: "Bu müəssisə işə düşdükdən sonra Daşkəsən rayonunda olan işsizlik problemi həll olunacaq, rayonumuza iqtisadi gəlir gətirəcək. Hazırda rayonumuzda olan bəzi idarə və qurumların struktur dəyişiklikləri ilə bağlı, yəni regional qurumlarının yaradılması Daşkəsəndə işsizliyin səviyyəsinin daha da artmasına səbəb olur".
Əhəd Abıyev bildirib ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinə aidiyyəti üzrə qarşıda duran vəzifə kimi tapşırıq verməsi ilə filiz yataqlarının bazasında yeni "Filizsaflaşdırma Kompleksi"nin tikilib gələcəkdə səmərəli istifadə olunacaq: "Rayonda işsizliyin aradan qaldırılmasına, iqtisadi gəlirin əldə olub əhalinin vəziyyətinin yaxşılaşmasına və rayonumuza göstərdiyi diqqət və qayğıya görə bütün daşkəsənlilər adından və şəxsən öz adımdan ölkə rəhbərimiz, möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk".
Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev çıxışının sonunda yığıncaq iştirakçılarının diqqətinə çatdırdı ki, qarşıda çox məsul və şərəfli vəzifələr durur: "İcazə verin, Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyevi bir daha əmin edim ki, bundan sonra da qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək, bütün daşkəsənlilər qüvvəmizi səfərbər edib, var gücümüzlə çalışacağıq!
Azərbaycan xalqının əvəzsiz lideri dünya şöhrətli Prezidentimiz İlham Əliyevə eşq olsun!"
Əhəd Abıyevin çıxışından sonra rayon təhsil şöbəsinin müdiri Nazim Verdiyev, rayon mərkəzi xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyev və RİHB-nin şəhər İƏDÜN-ü Nüsrət Vəliyev çıxış etmiş, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, qarşıda duran vəzifələrin icrasından danışmışlar.
Yığıncağın sonunda gündəlikdəki məsələ ilə əlaqədar qərar layihəsi oxunub, toplantı iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Rövşən NURƏDDİNOĞLU