PDF Oxu

Siyasət

  • 17

Müstəqilliyimiz əbədidir!

Müstəqilliyimiz əbədidir!

YAP Şəmkir rayon təşkilatında gənc fəalların iştirakı ilə dəyirmi masa keçirilib

Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatında gənc fəalların iştirakı ilə Azərbaycanın Respublikasının müstəqilliyinin bərpasının 25-ci ildönümü həsr olunmuş "Müstəqil Azərbaycan - 25 il" mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masanı giriş sözü ilə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq, Dövlət Müstəqilliyi Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək deyib ki, müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur: "Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır. Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Lakin müstəqilliyini qazandıqdan 2 il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış müharibə, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Ulu Öndər Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu".

YAP Şəmkir rayon təşkilatı aparatının rəhbəri Şövqi Həsənov çıxış edərək bildirdi ki, indi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir: "Ulu Öndər Heydər Əliyevin müstəqil dövlət konsepsiyası və onun ayrılmaz tərkib hissəsi olan azərbaycançılıq ideologiyasının həyata keçirilməsi müstəqil Azərbaycan dövlətinin bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir".

Ş.Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi xəttini davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin də, ölkəmizin firavan gələcəyinin təmin edilməsində Ulu Öndər Heydər Əliyevin müstəqil dövlət təliminin və azərbaycançılıq ideologiyasının alternativsiz bir yol olduğunu bildirdiyini vurğulayıb.

YAP Şəmkir rayon təşkilatı apartının məsləhətçisi İlkin Musayev çıxış edərək, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin yenidən müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan Azərbaycanı, sözün həqiqi mənasında, xilas etdiyini bildirmişdir.

Sonra Şəmkir Heydər Əliyev Mərkəzinin direktor müavini Fəxri Yusibov, gənc YAP fəallarından Famil Həmidov, Elvira Allahverdiyeva, Bəxtiyar Əhmədov və başqaları çıxış edərək, dövlət müstəqilliyimizin əbədi, daimi və dönməz olmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən, bu siyasi kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.

R.RƏSULOV

Digər xəbərlər