Eldar Əzizov: "2016-cı ildə də Prezident İlham Əliyevin həyata keçirdiyi ciddi iqtisadi islahatlar öz müsbət nəticələrini verməkdədir"
Səbail rayon icra hakimiyyətində 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Yığıncağı giriş nitqi ilə açan Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, artıq Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyi tamam olur. Belə ki, bu müddət ərzində Azərbaycan xalqı dövlət quruculuğu prossesində ən ümdə amal, arzu və istəklərini reallaşdıraraq, bütün sahələrdə əldə etdiyi nailiyətlərlə fəxr edirlər: "Uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələri möhkəmlənmiş, ölkə iqtisadiyyatı inkişaf etmişdir. Bu gün isə inkişafın Azərbaycan modeli dünyada bir nümunəyə çevrilib, bir çox yerlərdə Azərbaycanın təcrübəsi öyrənilir. 2016-cı ildə də Prezident İlham Əliyevin həyata keçirdiyi ciddi iqtisadi islahatlar öz müsbət nəticələrini verməkdədir. Dünya iqtisadiyyatında böhran və gərginlik davam etsə də, Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin olunub. Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev islahatların daha da dərinləşəcəyini, regionların sosial-iqtisadi inkişafı ilə bağlı yeni layihələrin həyata keçiriləcəyini vurğulamışdır. Bununla əlaqədar ölkəmizin uğurları naminə hər kəs üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir".
İcra başçısı ötən 9 ay ərzində ölkədə əldə olunmuş uğurlar, həyata keçirilən layihələr barədə məlumat verərək Səbail rayonunda görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələr barədə danışıb.
Səbail rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev isə çıxışında bildirib ki, cari ilin 9 ayında Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 14 milyard 177,3 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz artmış, iri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 287,6 milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 4,3 faiz az olmuşdur. Rabitə müəssisələri tərəfindən görülmüş iş və ximətlərin dəyəri 92,8 milyon manat olmuşur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz azalmışdır.
9 ay ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 6 milyard 471,4 milyon manat və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 22,8 faiz çox, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 4281 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz çox olmuşdur.
Tədbirdə Səbail RİHBA ictimai-siyasi və humanitar məsələlər şöbəsinin böyük məsləhətçisi Rasim İbrahimova Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, dövlət qulluğunda uzun illər səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı təqdim edilib.
Rövşən NURƏDDİNOĞLU