Yaxud, düşərgə "liderlərinin" siyasi "alimlikləri" nədən xəbər verir?
Azərbaycan hakimiyyəti, o cümlədən, hakim Yeni Azərbaycan Partiyası ümummilli məsələlər kontekstində daim müxalifətə açıq olub və bu faktor zaman-zaman bir sıra olaylarda öz təsdiqini tapıb. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən siyasi hadisələr zamanı, hakim partiyanın təşəbbüsü ilə zərbənin bir nöqtəyə yönəldilməsi ümummilli maraqların təminatı baxımından kifayət qədər önəm kəsb edib.
Lakin ictimaiyyət sözügedən istiqamətdə müxalifətin iqtidarın irəli sürdüyü təşəbbüslərinə biganə yanaşmasını, yaxud bənzər hallarda hakim partiya ilə birgə eyni masaya oturmaqdan imtina etməsini, hətta bunu edən konstruktiv müxalifət partiya sədrlərinin "xəyanətkar", "satqın" adlandırmasının da şahidi olub. Hətta bir masaya əyləşməkdən ötrü şərtlər belə irəli sürülüb. Təbii ki, belə addımlar düşərgə başbilənlərinin qeyri-ciddiliklərindən, siyasəti yalnız şəxsi mənfəətləri üçün istifadə etmələrindən xəbər verir ki, bu cür düşüncələr onların daxili çirkablıqlarını daha da üzə çıxarmış olur.
23 illik müxalifətin qaldığı eyni nöqtədən tərpənə bilməməməsinin əsas sübutu
Bu arada Dağlıq Qarabağ probleminin həlli istiqamətində yenidən müzakirələrin yaranması sözügedən məsələdə baltanın bir nöqtəyə - düşmənə və düşməni müdafiə edənlərin üzərinə vurulması zəruriliyini yaradıb. Əlbəttə ki, belə olan halda, hakimiyyət ətrafında sıx birləşən xalq faktoru əsas rol oynayır. Yəni müxalifətdən öncə, hakim partiya, məhz xalqın maraqlarına cavab vermək istiqamətində qətiyyətli mövqeyini ortaya qoyur ki, burada görünən ilk amil xalq-iqtidar vəhdətinin mövcudluğudur.
Müxalifət partiyalarının da xalqın tərkib hissəsindən olmaları nəzərə alınaraq, onların da mövqe bildirmələri üçün geniş şərait yaradılıb. Amma təəssüf ki, müxalifət ümummilli maraqlar kontekstində iqtidar partiyası ilə eyni addımı atmaq yerinə, tamamilə əks-addımlar atır, hətta Qarabağ məsələsində sərsəm, heç bir siyasi bilgiyə əsaslanmayan şərtlər irəli sürür. Bəri başdan, onu da vurğulamaq yerinə düşərdi ki, məhz siyasi bilgisizlik, qaragüruhçuluq üzərində qurulmuş çıxışlar, münasibətlər 23 illik müxalifətin qaldıqları eyni nöqtədən tərpənə bilməmələrini şərtləndirib. Buna misal olaraq, bir neçə sübutları, faktları dəyərli oxucularımızın, ictimai rəyin diqqətinə çatdırmaq istərdik.
İqbal Ağazadənin absurd "siyasi baxışı"
Məsələn, heç vaxt siyasi orientasiyası bilinməyən partiyanın – "Ümid"in sədri İqbal Ağazadə Qarabağ məsələsində elə də yeni söz işlətməyib, lakin bunun yerinə öz "siyasi baxışını" ortaya qoyub. Bəs bu "siyasi baxış" nədən ibarətdir?
Belə ki, İ.Ağazadə deyir ki, YAP müxalifətin və xalqın birgə etirazının təşkil edilməsi üçün öncə təzyiqin ünvanını, deməli, təzyiqin konkret hansı siyasi dairələr tərəfindən edilməsi açıqlanmalıdır. SİTAT: "Biz qalxdıq etiraz elədik və sonra bəlli oldu ki, başqa yer təzyiq edirmiş. Belə olmaması üçün əvvəlcə hakimiyyət təzyiqin haradan edildiyini deməlidir ki, biz də konkret ünvana etiraz edək..."
Kifayət qədər əsassız və gülünc bir "şərt" irəli sürən Ağazadə çox yəqin unudub ki, ölkə rəhbəri İlham Əliyev bu barədə danışarkən, bir sıra Qərb siyasi dairələrini açıq şəkildə ittiham edib və Qarabağ məsələsində Azərbaycana qarşı təzyiqlərin edildiyini bildirib. Ancaq bununla yanaşı, bəyan edib ki, Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək və işğal faktı ilə barışmayacaq!
Ağazadə reallığı qəbul etmir və ümummilli maraqlar məsələsi gündəmə gələndə yaxasını kənara çəkmək üçün girəvə axtarır
Məgər İ.Ağazadə elə bir önəmli partiya sədri və siyasətçidir ki, ona təzyiqin dəqiq olaraq hansı dairədən edilməsi barədə fikir çatdırılsın? Yaxud burada konkret Qərb siyasi dairələri barədə fikirlər varsa, demək, ümumxalq etirazı da həmin dairələrə qarşı olmalıdır! Həmçinin, "biz qalxdıq etiraz elədik və sonra bəlli oldu ki, başqa yer təzyiq edirmiş" ifadəsindən də görünən budur ki, "Ümid" sədri ümumxalq etirazına qoşulmaqdan qorxur. Bu günə qədər dəfələrlə siyasi səhvlərə yol vermiş Ağazadə indi "ehtiyat" edir ki, birdən səhv qərar verər və bu qərarın verilməməsi üçün hakimiyyət buna hər şeyi tam dəqiqliyi ilə bildirməlidir (?!-R.N.). Təbii ki, "Ümid" sədrinin iddiası və "şərti" absurd və gülüncdür!
İ.Ağazadə uzun-uzadı öz "ağıllı" düşüncələrini mətbuatla bölüşdükdən sonra belə nəticəyə gəlib ki, Azərbaycana təzyiq eləyən Rusiyaymış və hakimiyyət müxalifətlə birgə Rusiyaya qarşı etiraz mitinqləri keçirməliymiş (?!-R.N.). Məhz burada "Ümid" sədrinin daha bir siyasi bilgisizliyi üzə çıxır. Bu gün kimsəyə sirr deyil ki, Qarabağ probleminin həllində Rusiya açar rolunu oynayır və hazırkı məqamda Rusiya ölkəmizlə qonşu dövlət olmaqla yanaşı, həm də strateji partnyorluq edir. İqtisadiyyatdan tutmuş digər sahələrə qədər hər iki ölkənin arasında sıx bağlar mövcuddur. Vaxtilə dünya düzəninin pozulduğu bir dövrdə - postsovet ölkələrinin öz müstəqilliklərinin yenicə əldə etdiyi zamanlardan fərqli olaraq, indi siyasi aspektlər dəyişir, yeni baxış bucaqları yaranır. Azərbyacan və Rusiya arasında yeni əməkdaşlıq imkanları yaranır, xüsusilə, hərbi-müdafiə sahəsində Şimal qonşumuz ölkəmizlə əlaqələrin möhkənləndirilməsində maraqlı görünür. Son zamanlar, xüsusilə, aprel savaşından sonra aparılan danışıqlarda Dağlıq Qarabağ məsələsində əldə edilən üstünlüklərdə Rusiyanın da müəyyən payının olması sirr deyil. Bu cür həssas məqamda İ.Ağazadənin irəli sürdüyü "şərt" tamamilə yararsız və lüzumsuzdur. O, açıq şəkildə Azərbaycanın normal qonşuluq siyasətindən çıxaraq aqressiya və təzyiq göstərməsini tələb edir, bu isə yolverilməzdir. Məgər İ.Ağzadə bunları bilmirmi? Əlbəttə ki, bilir, sadəcə, qəbul etmir və ümummilli maraqlar məsələsi gündəmə gələndə, yaxasını kənara çəkmək üçün girəvə axtarır.
Harada görünüb ki, hakim partiya müxalifət partiyasına apardığı siyasəti haqqında hesabat versin?
Digər müxalifət partiyasının – Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə digər tərəfdən qeyri-ciddi fikirləri ilə yadda qalıb. O, müxalifətdəki həmkarı Ağazadədən fərqli olaraq, bildirib ki, əgər Qarabağ məsələsində təzyiqlərə qarşı etiraz mitinqi keçirmək gərəkdirsə, hakim partiya təkbaşına bunu etməlidir. Sonra da müxalifət öz mitinqlərinə başlamalıdır (?!-R.N.). Söz yox ki, çox gülünc bir düşüncə tərzidir və burada da ümummilli maraq deyil, tamamilə ayrı nəzər nöqtəsi meydana çıxır. Ə.Əliyev də İ.Ağazadə kimi deyir ki, hakimiyyət müxalifətə siyasi detallarını açıqamalıdır. Əcəba, nəyə görə açıqlamalıdır? Ümumiyyətlə, harada görünüb ki, hakim partiya müxalifət partiyasına apardığı siyasəti haqqında hesabat versin? Çünki aşkarda bir təşəbbüs irəli sürülüb, ya gəlin iqtidarla birgə Qarabağın işğalına qarşı etiraz mitinqinə qatılın, ya da çəkilin durun kənarda və bir daha bu məsələlərdə "alimlik" edib, özünüzü ictimaiyyətə güldürməyin!
Rövşən NURƏDDİNOĞLU