"O da nəslini, şəcərəsini, tərcümeyi-halını ortaya qoysun, biz də qoyaq"
Bir neçə gün bundan öncə, Nemət Pənahlı Azərbaycanın müstəqillik bəyannaməsinə imza atan, SSRİ-nin saxlanılması haqda referendumu rədd edən millət vəkillərindən bəzilərini "KQB agenti" adı ilə ittiham etmişdi. Hətta iddia etdi ki, bu şəxslər parlamentə Moskvanın razılığı ilə seçilmişdilər. Heç kimdə şübhə doğurmur ki, N.Pənahlının adını çəkmədiyi həmin millət vəkilləri bu gün dağıdıcı müxalifətdə təmsil olunurlar və həmin dövrdə iqtidarda idilər. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun bu ittihamlara sərt və dərhal rekasiya verməsi isə, bu şübhələri təqsdiqləmiş olur. Axı M.Mirəlioğlu da həmin vaxt deputat idi. KXCP sədri deyir: "Nemət Pənahlıdır da, danışır. Onun danışığına müxtəlif cür qiymət vermək olar. O, başı gicəllənən, məsələlərin hamısını bir rəngdə görən və özündən başqa kimsəni görməyən bir şəxsdir. Hamı getdikcə yaşlaşır, bəzən yaşın da danışığa təsiri olur. N.Pənahlının fikirlərinə münasibət bildirmək, əslində, vaxt itkisidir. Ancaq söhbət tarixdən gedirsə, müəyyən fikirləri və həqiqətləri söyləmək də lazımdır. N.Pənahlı həmişə Azərbaycan SSR-nin "KQB"-sinin himayəsi altında olub. Daim "KQB"-nin himayəsi altında olan bir adam hamıya qarşı belə ittiham irəli sürür. Əslində, bu, ayıb bir işdir. Əlbəttə, onun dedikləri, sadəcə, özünün fikirləridir. Əgər onun əsası varsa, buyurub sübut etsin. Sübut edə bilmirsə, sadəcə, sussun. Hamını bir rəngdə görmək, "KQB"-yə bağlamaq iddiaları, ümumiyyətlə, onun sözləri məkrufdur və ona münasibət bildirmək doğru deyil. Sadəcə, tarix də var və buna görə bəzi sözlər deyilməlidir".
"N.Pənahlını istiqlalçı deputatlar haqqında dediyi iddialarla bağlı məhkəməyə vermək mümkündürmü" sualına gəldikdə, KXCP sədri deyib ki, bunun əhəmiyyəti yoxdur: "O da nəslini, şəcərəsini, tərcümeyi-halını ortaya qoysun, biz də qoyaq. Görək, bütövlükdə, bizim nəslimiz neçə dəfə və neçə mərhələdə repressiya edilib, onun nəsli necə olub? Əgər "KQB"-nin repressiya maşınından keçən nəsillərə bu cür qara ləkə yaxmaq caizdirsə, öz vicdanı və Allahı qarşısında cavab versin. Özü də deyir ki, mən ibadət edirəm. Mən, əslində, onun dediklərinin üzərindən sükutla keçməli idim, sadəcə, tarix üçün dedim".
Xatırladaq ki, N.Pənahlı bir müddət bundan öncə, AXCP və Müsavat haqqında da ittiham dolu fikirlər səsləndirmişdi. Bildirmişdi ki, onu AXCP-Müsavat iqtidarda olan zaman bıçaqlayıblar və daha sonra da zəhərləyiblər.
Samir