YAP Səbail rayon təşkilatı qadınlar şurası və 6 saylı orta məktəbin təşkilatçılığı ilə dövlət müstəqilliyinin 25 illiyi qeyd olunub
Dünən YAP Səbail rayon təşkilatı qadınlar şurası və 6 saylı orta məktəbin təşkilatçılığı ilə respublikamızın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə tədbir keçirilib.
İlk öncə zala Azərbaycan bayrağı gətirildi. Dövlət himni səsləndikdən sonra məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Tədbirdə YAP Səbail rayon təşkilatının qadınlar şurasının sədri Təranə Kərimova Müstəqillik Günü münasibətilə bütün Azərbaycan vətəndaşlarını, o cümlədən, gəncləri təbrik etdi. Bu gün də siyasi sabitliyi qoruyub-saxlamağın və müstəqil ölkə kimi siyasət yürütməyin heç də asan iş olmadığını deyən T.Kərimova bunların ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasi strategiyasının nəticəsi olduğunu qeyd etdi.
YAP Səbail rayon təşkilatının qadınlar şurasının sədri, həmçinin, müstəqilliyin hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyi olduğunu vurğulayaraq bildirdi ki, bu illər ərzində ölkəmiz böyük uğurlarla irəliyə doğru addımlayır.
T.Kərimova, müstəqilliyin yaranmasından, o vaxtkı tarixi hadisələrdən və bu proseslərdə Ulu Öndər Heydər Əliyevin oynadığı əvəzsiz roldan danışdı.
Məktəbin direktoru Gülşən Orucova çıxış edərək 18 oktyabrın iftixar günü olduğunu bildirdi: "Qazanılan uğurun həm daxili, həm də xarici düşmənlərin hesabına itirilmək təhlükəsində olmasına baxmayaraq, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı müstəqilliyimizə yeni nəfəs verdi. Ulu Öndər Heydər Əliyev əvvəlcə vətəndaş müharibəsinin qarşısını aldı, Ermənistanla atəşkəsə nail oldu və Azərbaycanda inkişafın təməli qoyuldu. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
RƏFİQƏ HÜSEYNOVA