PDF Oxu

Siyasət

  • 14

"ADA" Universitetində "Big Data" Elmi-Tədqiqat və Təlim Mərkəzi yaradılır

"ADA" Universitetində "Big Data" Elmi-Tədqiqat və Təlim Mərkəzi yaradılır

"ADA" Universitetində BP-nin maliyyə dəstəyi ilə "Big Data" Elmi-Tədqiqat və Təlim Mərkəzi yaradılır. Bu münasibətlə oktyabrın 19-da keçirilən açılış mərasimində "ADA" Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev mərkəzin universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun təşəbbüsü ilə yaradıldığını bildirərək, mərkəzin fəaliyyətinə uğurlar arzulayıb. Rektor qeyd edib ki, yeni yaradılan mərkəzdən "ADA" Universitetinin tələbələri ilə yanaşı, digər ali təhsil ocaqlarının tələbələri də faydalanacaq. İnanırıq ki, yeni mərkəz bu sahə üzrə yerli mütəxəssislərin və yerli analitiklərin yetişdirilməsi istiqamətində yeni yol açacaq.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda ilk dəfə həyata keçirilən layihənin başlanması münasibətilə iştirakçıları təbrik edib, bu mərkəzin təhsilin inkişafına töhfələr verəcəyini vurğulayıb. Nazir qeyd edib ki, "Big Data" Elmi-Tədqiqat və Təlim Mərkəzi həm də ölkədə elm və tədqiqatlar üzrə yeni inkişaf sahəsinin başlanğıcını qoyacaq. Mərkəzdən faydalanan gənclər bu sahə üzrə qarşılaşacaqları maneələri asanlıqla dəf edə biləcəklər.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirib ki, BP və onun tərəfdaşları ölkədə yeni inkişaf sahəsinin yaradılmasına imkan verəcəyi gözlənilən bu layihəyə dəstək olmaqdan məmnunluq duyur. Bu layihə, konkret olaraq, ölkədə verilənlər üzrə ixtisaslaşmış mütəxəssislərin, verilənlər və informasiya üzrə mühəndislərin və irihəcmli verilənlərin təhlili üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinə yönəlib. BP və tərəfdaşları üçün bu layihə, həmçinin, Təhsil Nazirliyi ilə olan əməkdaşlığı genişləndirmək və Azərbaycanın aparıcı ali təhsil ocaqlarından biri olan "ADA" Universiteti ilə yeni tərəfdaşlıq qurmaq imkanı verir.

Sonra Elmi-Tədqiqat və Təlim Mərkəzinin yaradılmasına dair müqavilə imzalanıb. Müqaviləni "ADA" Universitetinin rektoru Hafiz Paşayev və BP-nin regional prezidenti Qordon Birrell imzalayıblar.

ZÜMRÜD

Digər xəbərlər