Müstəqilliyimizin 25 illiyi ilə bağlı Tərtər rayonunda geniş tədbir keçirilib. Tədbirdə rayon təşkilatının sədri Ramiz Şabanov Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş məruzə ilə çıxış edib.
R.Şabanov qurucusu Ümummilli Lider Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin tarixinə nəzər salaraq, ötən 25 il ərzində Azərbaycan dövlətinin inkişafından, onun dünya arenasında özünə layiqli yer tutmasından, ölkəmizin sosial-iqtisadi və hərbi qüdrətinin durmadan yüksəlməsindən, xalqımızın rifah halının yaxşılaşdırılması üçün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, YAP-ın Sədri ölkə Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurlu nəticələrindən bəhs edib. O, qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı öz iş yerində ona tapşırılan vəzifələri layiqincə yerinə yetirirsə, bu özlüyündə o şəxsin vətənə və dövlətçiliyə xidmətini ifadə edir: "Yağı düşmənlə üzbəüz yaşayıb- yaradan Tərtər əhalisi bundan sonra da möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək ölkəmizin daha da qüdrətlənməsi, inkişaf etməsi, dünya birliyində inkişaf etmiş dövlətlərlə bir sırada olması, Ümummilli Liderimizin müstəqil dövlət kimi bizə əmanət qoyduğu ölkəmizin müstəqilliyinin göz bəbəyi kimi qorunması üçün bütün qüvvə və bacarıqlarını sərf edəcəklər".
Tədbirdə Yuxarı Sarıcalı kənd tam orta məktəbinin direktoru Yaşar Məhərrəmov, rayon mərkəzi xəstəxanasının feldşeri Azər Əhmədli, rayon təşkilatı gənclər birliyinin sədri Emin Pənahov, rayon mədəniyyət və turizm idarəsinin aparıcı məsləhətçisi Ceyhun İsmayılzadə, Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, rayon təşkilatı aparatının məsləhətçisi Surxay Vəliyev və başqaları Azərbaycanın əsrlərlə keçdiyi tarixi yol barədə məlumat verərək, ötən əsrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətindən də danışıblar.
R.KAMALQIZI