YAP Səbail rayon təşkilatının qərargahında müstəqilliyimizin bərpasının 25 illiyi ilə bağlı tədbir keçirilib. İlk öncə Dövlət Müstəqilliyi Gününə gedən çətin və şərəfli yoldan bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb: "Bu gün Azərbaycan dünya dövlətləri sırasında özünə layiqli yer tutub. Bu inkişaf və tərəqqi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Müstəqillik Gününün bəhrələridir".
Müstəqilliyin ilk illərində Azərbaycanın bütün sahələrdə dərin böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşdiyini vurğulayan Ş.Hacıyev deyib: "Xalqımızın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və dahi şəxsiyyətin yürütdüyü müdrik siyasət nəticəsində, ölkəmiz məhv olmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtuldu. Qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu, bütün sahələrdə uğurlu islahatların həyata keçirilməsinə zəmin yaradıldı. Ümummilli Liderin Azərbaycanın zəngin və qüdrətli ölkəyə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilir".
Tədbirdə çıxış edənlər də Müstəqillik Gününün əhəmiyyətindən və ölkəmizin bugünkü dayanıqlı inkişafından danışıblar. Qeyd ediblər ki, bu gün Azərbaycan qlobal transmilli layihələrin təşəbbüskarı və iştirakçısı kimi dünyanın diqqət mərkəzinə çevrilib.
Sonda sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində (referendumda) fəal iştirak edən partiya üzvləri mükafatlandırılıb.
R.KAMALQIZI