Dünən Tərtər rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Tərtər rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda regional konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Tərtər rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elvin Umudov Azərbaycanda multikulturalizmin dövlət siyasətinin önəmli istiqamətlərindən birinə çevrildiyini vurğulayıb. O bildirib ki, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb, dövlət tərəfindən bütün dini konfessiyalara diqqət və qayğı göstərilir, mütəmadi olaraq, maliyyə vəsaiti ayrılır.
DQİDK sədrinin müavini Gündüz İsmayılov konfransın Azərbaycandakı dini tolerantlığın, multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub-saxlanması və təşviqinə nail olmaq məqsədi daşıdığını diqqətə çatdırıb. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən multikulturalizm siyasəti milli, ideoloji və ictimai təhlükəsizliyimizin əsas elementidir.
Sədr müavini multikultural cəmiyyətə əsas təhdid hesab olunan dini radikalizm və ekstremizmin fəsadlarından və bu kimi halların qarşısının alınması yollarından bəhs edib. Dini radikalizmlə mübarizə çərçivəsində görülən işlər haqqında məlumat verən Gündüz İsmayılov bununla bağlı aparılan mübarizə tədbirlərindən danışıb.
Daha sonra rayonun axundu Sadiq Cəfərov çıxış edərək dini radikalizmin fəsadlarından, radikalizm əleyhinə aparılan dini maarifçilik işinin əhəmiyyətindən söz açıb.
Konfransın sonunda iştirakçıların sualları cavablandırılıb.
Rövşən NURƏDDİNOĞLU