Oktyabrın 25-29 tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində əməkdar incəsənət xadimi, görkəmli rəssam Əyyub Hüseynovun 100 illik yubiley sərgisi keçiriləcək. Sərginin açılış mərasimi oktyabrın 25-də baş tutacaq.
Məlumat üçün bildirək ki, Ə.Hüseynov 1916-cı il sentyabr ayının 3-də Naxçıvanın Noraşan rayonunda anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Rəssamlıq Texnikumunu, 1935-ci ildə isə Tbilisi Rəssamlıq Akademiyasını bitirmişdir. Bir müddət Naxçıvan Dövlət Dram Teatrında tamaşalara səhnə tərtibatı vermiş, eskizlər hazırlamışdır. 1948-ci ildə Bakıya gələrək, Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyətə başlamış, sonra həmin təhsil ocağında doqquz il direktor vəzifəsində çalışmışdır. Rəssam ömrünün əlli ilini gənc rəssamlar nəslinin yetişməsinə sərf etmiş və bu sahədə əvəzsiz xidmətlər göstərmişdir.
Ə.Hüseynovun çoxillik pedaqoji və bədii fəaliyyəti diqqətdən kənarda qalmamış və o, 1980-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. 17 aprel 1998-ci ildə dünyasını dəyişən rəssam öz ömrünü, bacarığını xalqımızın tərəqqisinə, tanınmasına, incəsənətimizin inkişafına, milli-tarixi mövzuların təbliğinə və milli xarakterə malik, dolğun azərbaycanlı obrazlarının yaradılmasına sərf etmişdir.
Qeyd edək ki, sərgidə rəssamın ailəsinin kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin Fondunda saxlanılan əsərlər nümayiş olunacaqdır.
ZÜMRÜD