Sarkisyan rejiminin nə ölkəni idarə etmək strategiyası, nə də taktikası var
Məlum olduğu kimi, 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçiriləcək və bu seçkilərə qədər işğalçı ölkənin prezidenti xal toplamaq üçün əlindən gələni edir. Bu xüsusda, Serj Sarkisyanın Yerevanda baş verən iyul hadisələrindən sonra "islahatlara" getməsi, onun hakimiyyət strukturlarında "köklü kadr dəyişiklikləri" etməsi də məhz 2017-ci ilə hesablanmış addım kimi qiymətləndirilə bilər. Ermənistan mətbuatını izlədikcə, aydın görünür ki, xalqın Sarkisyana qarşı inamı yoxdur. Belə ki, əhalinin sosial vəziyyətinin acınacaqlı duruma düşməsinə səbəb olan iqtisadi tənəzzül, qiymətlərin, demək olar ki, günaşırı şəkildə bahalaşması nəticəsində, Ermənistanda etiraz dalğaları hələ də səngimir.
Erməni xalqı cinayətkar Sarkisyanın istefasını və cəzalanması tələb edir
Bu, xüsusilə, Ermənistanda baş verən son hadisələr zamanı bir daha aydın görünür ki, ölkə əhalisi bu tələbləri yerinə yetməyənə qədər mübarizələrini aparacaqlarını bildirirlər. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail dövlətindəki nümayəndəliyinin direktoru, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun fikrincə, Sarkisyan rejiminin müasir Ermənistanın problemlərini həll etməkdə acizlik dərəcəsinin bütün hədləri aşmasından əhalinin narazı olması bu günün reallığıdır. Ekspert yazır: "Ermənistanın istər iqtisadi, istərsə də siyasi vəziyyəti göstərir ki, ölkə səmərəli idarə olunmur, çünki məhz iqtisadi durum hökumətin fəaliyyətinin real bacarığının aynasıdır. Ermənistanın iqtisadi göstəricisi son dərəcə aşağıdır: dünyada 116-cı yer. Ermənistan iqtisadiyyatının göstəricilərinə görə Sudan, Tanzaniya, Zambiya, Çad, Monqolustan və Nepal kimi ölkələrin iqtisadiyyatından geri qalması faktdır. İqtisadiyyatı acınacaqlı vəziyyətdə olduğu üçün hakim oliqarx rejimi öz xalqına qarşı "ağ soyqırımı" siyasəti yürüdür." A.Qut, həmçinin, ölkədə baş verən soyqırımların icraçısı Sarkisyan olduğunu bildirib: "Hərçənd hamıya məlumdur ki, Ermənistanın indiki rəhbərliyi əli bütünlüklə Azərbaycanın Xocalı şəhərinin günahsız sakinlərinin qanına bulaşmış real terrorçulardan ibarətdir. Yəni Sarkisyan da, Sefilyan da bir bezin qırağıdır. 1992-ci ildə Xocalıda soyqırımı aktının ideoloqu və əsas icraçısı, məhz Sarkisyan olub. Sefilyan isə "Azərbaycanı diz çökdürmək" arzusunda idi. Ancaq bugünkü Azərbaycanın artıq XX əsrin 90-cı illərinin Azərbaycanı olmadığını nə Sarkisyan, nə də Sefilyan başa düşür. Təəssüf kimi, Ermənistanın siyasi liderlərinin çoxu özünün "meqaerməni aləmi"ndə yaşamaqda davam edir. Azərbaycan torpaqlarını işğal etdiyi üçün Cənubi Qafqaz regionunda təcrid durumuna düşən Ermənistan Xəzər dənizinin neft-qaz resursları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalıb. Bu da, bir daha sübut edir ki, Ermənistan rəhbərlərinin nə strategiyası, nə də taktikası var. Danılmaz faktdır ki, onlar Ermənistanı Cənubi Qafqazda batan gəmi kimi hamının tərk etdiyi asılı ölkə vəziyyətinə salıblar".
Erməni siyasətçisi Aram Karapetyanın fikrincə isə, ölkə iqtisadiyyatının indiki xoşagəlməz iqtisadi durumunu 70 faiz obyektiv səbəblər, 30 faiz subyektiv səbəblər şərtləndirib. Karapetyan fikrini belə tamamlayıb: "Obyektiv səbəblər Ermənistanın daxilində yolların olmaması, müvafiq infrastrukturun tamamilə məhv edilməsi, subyektiv səbəblər isə pis idarəçilik, oliqopoliya, proteksionizm və s. ilə bağlıdır. 30 faizlə bağlı problemi həll etmək asandır. Hakimiyyət dəyişən kimi bu problem həllini tapacaq".
Sarkisyanın kadr dəyişiklikləri nəyə hesablanıb?
İşğalçı ölkədə vacib məsələdən olan Serjikin "islahatları" olub. Məsələyə aydınlıq gətirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu baş nazir Karen Karapetyan ölkə iqtisadiyyatında nəsə yenilik etmək və ölkəni ağır iqtisadi böhrandan qurtarmaq istəyidə olmasının mümkünsüz olduğunu deyib: "Ancaq onun istəyi azdır. K.Karapetyan istəyini reallaşdırmaq üçün 3 ciddi maneəni aşmalıdır: birincisi, bütün idaeətmə sistemi yenidən qurulmalıdır. Ancaq çətin ki, prezident S.Sarkisyan Karapetyana belə bir imkan yaratsın. İkincisi, yaranmış maneə iqtisadiyyatdakı monopoliyalardır. Karapeytan heç bir monopoliya ilə bağlı deyil. O, baş nazir vəzifəsinə Rusiyadan gətizdirilib. Ona görə də məntiqlə Karapetyanın Ermənistandakı monopolilayalarla mübarizə aparması mümkündür. Ancaq o, yenə qarşısında Sarkiysanı görəcək. Çünki Ermənistanda monopoliyalar onun və keçmiş prezident Robert Koçaryanın dövründə kök salıb və onlar bundan imtina etmək istəmirlər. Üçüncüsi, Ermənistanda maliyyə və insan resurslarının tükənməsidir. Bu, digər iki maneədən ən mürəkkəbidir. Kaparetyan "islahat aparacam" desə də, bu işi aparmaq üçün onun nə kifayət qədər maliyyəsi, nə də insan resursu var. Ona görə də K.Kapapetyan yerində sayacaq".
Politoloq onu da bildirib ki, K.Karapetyan SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə keçmiş köməkçisi Abel Aqanbekyanı məsləhət üçün keçən həftə Yerevana dəvət etdi: "Ancaq Aqanbekyan Yerevanda jurnalistlərə Ermənistan iqtisadiyyatı barədə optimist fikir bildirmədi. Onun "S.Sarkisyanla iqtisadiyyatı dirçəltmək mümkün olmayacaq" sözləri Ermənistanın hakim elitasında narazılıq yaratdı. "Sarkisyan heç nə bilmir" deyən Aqanbekyan Ermənistanın gələcəyi üçün yaxşı heç nə vəd etmir. Sarkisyan Aqanbekyanın dediyi kimi iqtisadiyyatda heç nə bilməsə də, hakimiyyətdən imtina etməyəcək. Sarkisyan konstitusiyanı da ona görə dəyişdi ki, Ermənistanı parlamentdəki çoxluq vasitəsilə idarə edə bilsin. Buna baxmayaraq, Ermənistanın bugünkü faciəsində Aqanbekyan Sarkisyan qədər günahkardır. Məhz bu şəxs hələ SSRİ-də yeni başlanan yenidənqurma dövründə "Dağlıq Qarabağ Ermənistana məxsus olmalıdır" fikrini söyləmişdi. Bu, Dağlıq Qarabağdakı erməni separatçıları üçün fitil rolunu oynadı. Aqanbekyanın "məsləhəti" ilə Sarkisyan və Koçaryan kimi separatçılar işğala baş vurmasaydılar, Ermənistan Azərbaycanla normal qonşuluq münasibətlərinə çalışsaydı, Ermənistan indiki qədər ağır vəziyyətə sürüklənməzdi. Dağıdıcı yolu seçdilər, bu da nəticəsi".
Qeyd edək ki, ölkədə ən çox gərginlik yaradan məsələ Ermənistan prezidenti S.Sarkisyanın sərəncamı ilə ölkənin müdafiə naziri Seyran Ohanyan vəzifəsindən kənarlaşdırılması, onun yerinə Prezident aparatının rəhbəri Vigen Sarqsyanın gətirilməsi olub. Doğrudur, aprel döyüşlərindəki ağır məğlubiyyətdən sonra onun tezliklə istefaya göndəriləcəyi gözlənilirdi. Çünki aprel döyüşləri təkcə Ohanyanın tax-tacını deyil, Ermənistan hakimiyyətinin bünövrəsini sarsıtdı. İşğal etdikləri torpaqların müəyyən hissəsinin Azərbaycan Ordusu tərəfindən azad edilməsi, ordudakı saysız-hesabsız itkilər xalq arasında Sarkisyanın sarsılmış nüfuzunu heçə endirdi. Bu baxımdan gözdən pərdə asmaq üçün Serjin kadr islahatlarına başlamaqdan başqa yolu qalmadı. Bir də, Sarkisyan anlayırdı ki, səfalət içində yaşayan ermənilər onun yarıtmaz siyasətinin, korrupsioner məmurlarının əlindən boğaza yığılıb, ölkə xaos təhlükəsi ilə üz-üzədir, hər an xalq üsyanı baş verə bilər. Belə məqamda vəziyyətdən çıxmaq üçün ən optimal variant xalqın ağzını yummaqdır. Şübhəsiz ki, Sarkisyan hakimiyyətdə qalmaq üçün ona sadiq nazirləri belə qurban verməyə hazır idi və bunu etdi də.
Göründüyü kimi, baş verən proseslər, onu sübut edir ki, indi S.Sarkisyan müxtəlif manevrlər etməklə vəziyyətdən çıxsın, ancaq özü qazdığı quyu o qədər dərindir ki, oradan çıxmaq mümkünsüzdür. Bir də öz torpağında onlara yaşamaq üçün yer verən bir xalqa qarşı işğalçılıq, terorçuluq və soyqırımı aktları həyata keçirmək bahasına işlənən cinayətin hansı nəticələrə gətirib çıxardığını anlamaq üçün isə erməni olmaq belə yetərlidir. Nə qədər ki, işğalçı ölkə və Sarkisyan hakimiyyəti bu reallığı anlamır - siyasi, iqtisadi, sosial böhranlar məngənəsində elə boğularaq məhvə doğru gedəcək və iqtidarda uzun müddət duruş gətirə bilməsi ciddi sual altında qalacaq.
A.SƏMƏDOVA