PDF Oxu

Siyasət

  • 10

Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişaf və tərəqqisi üçün nəhəng işlər görüb

Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişaf və tərəqqisi üçün nəhəng işlər görüb

TEZİS ƏSASINDA

Sergey Markov: "Azərbaycanın inkişaf və tərəqqisində Prezident İlham Əliyevin və Onun xanımı Mehriban Əliyevanın əməkləri çox böyükdür"

Ötən həftə Azərbaycan müstəqilliyinin 25 illiyini qeyd etdi və bununla bağlı bir çox tanınmış ictimai-siyasi xadimlər, o cümlədən illər öncə postsovet məkanında baş vermiş hadisələri təhlil edən tanınmış politoloqlar şərh ediblər. Bununla bağlı "Vestnik Kavkaza" saytına tanınmış rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitunun direktoru Sergey Markov da müsahibə verib. "SƏS" qəzeti həmin müsahibəni analitik tərzdə oxucularının diqqətinə çatdırır.

Ötən 25 ildə müstəqil Azərbaycanın keçdiyi yola nəzər salan Sergey Markov bildirib ki, bu illər ərzində ölkə möhtəşəm uğurlara imza atıb. Ən əsası həyat səviyyəsinin yaxşılaşdırılması və iqtisadiyyatın inkişafıdır ki, Azərbaycan bu sahə üzrə postsovet məkanında elə də ciddi inkişafa nail olmamışdı.

"Dağlıq Qarabağın və ətraf rayonların azad olunması üçün güclü ordu yaradıldı və bu faktor özünü aprel müharibəsində kifayət qədər təsdiq etdi"

"Bununla yanaşı, ötən müddət ərzində respublikada sovet zamanlarından qalmış neft-qaz sənayesində neft və qazın müxtəlif ölkələrə, o cümlədən Avropaya nəql olunması istiqamətində yeni imkanlar yaradıldı və maliyyə mühiti güclü büdcənin yaranmasına təkan verdi"-deyə qeyd edən Markov, həmçinin, bildirib ki, stabil və möhkəm siyasi sistemin yaradılması iqtisadi cəhətdən doğru qərarların qəbul edilməsini təmin etdi və bu, ekstremist ünsürlərin Azərbaycanı ədalətli kursundan döndərə bilmədi. SİTAT: "Dağlıq Qarabağın və ətraf rayonların azad olunması üçün güclü ordu yaradıldı və bu faktor özünü aprel müharibəsində kifayət qədər təsdiq etdi".

"Bakı müasir şəhərdir və möhtəşəm binaları, bulvarı, ticarət kvartalları, qədim şəhərin rekonstruksiyaları ilə özünəməxsus şəkildə açıq hava altında muzeyidir"

Rusiyalı politoloq vurğulayıb ki, ötən 25 il Azərbaycanda digər ölkələrlə ikitərəfli münasibətlərin təmin olunması baxımından, effektli, inkişaflı mühit yaradıldı və burada İlham Əliyev siyasəti xüsusi rol oynayıb: "Eyni zamanda, biz görürük ki, Azərbaycanın bütün dünyada nüfuzu güclənib və bu ölkəyə turist axını da kifayət qədər artıb. Respublikada nəhəng sayda tədbirlər keçirilir ki, onların içərisində Bakı Humanitar Forumu, MDBƏİ (Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu -"MQİMO") Məzunlarının Konqresi, I Avropa Oyunları da var. Gələn il Bakı İslam Oyunlarını qəbul edəcək. Tədbirlərin sayının çoxluğu ölkənin yükəsk imicini xaricdə təmin edir. Burada Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da əməyi böyükdür".

Politoloq Bakının da inkişafına nəzər salıb və bildirib ki, Bakı yalnız paytaxt deyil, orada ölkə əhalisinin üçdə-biri yaşayır, əlavə olaraq digər hissəsi də paytaxta səfərlər edir: "Hətta deyə bilərik ki, Bakı Azərbaycanın yarısıdır. Hazırda şəhər möhtəşəm vəziyyətdədir, orada real tərəqqi mövcuddur. Həm şəhər sakinləri, həm də qonaqlar üçün bütün sahələr üzrə münbit şərait yaradılıb. Bakı müasir şəhərdir və möhtəşəm binaları, bulvarı, ticarət kvartalları, qədim şəhərin rekonstruksiyaları ilə özünəməxsus şəkildə açıq hava altında muzeyidir. Bakıda urbanistik inkişaf böyük nailiyyət kimi qiymətləndirilməlidir".

"Azərbaycanda keçirilən seçkilərin nəticələri həm Rusiya, həm də Qərb ölkələri tərəfindən tanınır ki, bu da postsovet məkanında çox nadir hallarda rast gəlinir"

Sergey Markov Azərbaycanda yürüdülən xarici siyasət baxımından Rusiya ilə münasibətlərə də toxunub və bildirib ki, hazırkı Rusiya-Azərbaycan münasibətləri çox yaxşıdır. Politoloq bunu Vladimir Putinin 2013-cü ilin avqustunda, Azərbaycanda prezident seçkiləri öncəsi səfəri ilə əlaqələndirib. Həmin vaxt hərbi-texniki və Xəzər dənizi şelfində birgə əməkdaşlıq barədə razılaşmaların olduğunu xatırladan politoloq deyib ki, bu kimi münbit əməkdaşlığın təməlində bir tərəfdən Rusiyada azərbaycanlıların diasporasının mövcudluğu, digər tərəfdən isə Azərbaycanda rus mədəniyyətinin, rus dünyasının inkişafı amili dayanır. Həmçinin, Azərbaycan həm rus, həm də türk dünyasında eyni anda təmsil olunur. SİTAT: " Bu iki dünyada təmsil olunmaq Azərbaycanın əsas xarakteristikasını göstərir. Mən bunu ən müasir keyfiyyətcə plastiklik də adlandırardım. Bu, müasir dünyada əsas uğurların əldə olunması üçün qəbul olunan dəyərdir. Ənənəvi plastiklik Rusiya-Türkiyə münasibətlərinin münaqişəli olduğu bir zamanda, Azərbaycana imkan verdi ki, həm Rusiya, həm də Türkiyə ilə mükəmməl münasibətlərini qoruyub-saxlamağı bacarsın. Diqqət yetirin, Azərbaycanda keçirilən seçkilərin nəticələri həm Rusiya, həm də Qərb ölkələri tərəfindən tanınır ki, bu da postsovet məkanında çox nadir hallarda rast gəlinir: çox vaxt ya biz, ya da onlar ölkəni tənqid edir, ancaq Azərbaycanla hər birimiz dostluq etmək istəyirik".

"Sözsüz ki, Rusiya-Azərbaycan münasibətləri bizim ümumi keçmiş tariximizə də əsaslanır. Hansı ki, həmin tarixdə Rusiya da Azərbaycanın inkişafı üçün öz töhfələrini vermişdir"-deyə qeyd edən Markov bildirib ki, İranda yaşayan azərbaycanlılarla Rusiyada yaşayan azərbaycanlıları müqayisə etmək kifayət edər ki, onlar arasında nə qədər fərqlər var: "Rusiya ilə münbit əlaqələr Azərbaycanın avropalaşma və sivilizasiyalararası mədəniyyətin inkişafına təkan verib.

Xatırladım ki, əgər Heydər Əliyev SSRİ Nazirlər Kabinetində qalsaydı, SSRİ-ni qoruyub-saxlamaq mümkün olardı".

"Dağlıq Qarabağ münaqişəsi - Azərbaycanın həll olunmayan açar problemidir"

Sergey Markov Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın inkişafına hansı təsirlər göstərməsinə də toxunub və bildirib ki, bu münaqişə, ilk növbədə, inkişafa neqativ təsirlər göstərib: "Bu, milyonlarla insanı əhatə edən qaçqınlar, resusrsların güclü ordu quruculuğuna xərclənməsi, o cümlədən, böyük bir ərazinin ölkənin iqtisadi inkişafından geri qalması və respublika rəhbərliyinin böyük miqdarda vəsaitlərin münaqişənin diplomatik yolla həll olunması üçün göstərdiyi səylərdir. Dağlıq Qarabağ münaqişəsi - Azərbaycanın həll olunmayan açar problemidir. Bu il, faktiki olaraq, münaqişənin müvəqqəti başa çatması üçün "Kazan formulu" istiqamətində cəhdlər oldu, ancaq hələ ki, bunun hansı cür səmərə verəcəyi məlum deyil".

"Əbəs yerə deyil ki, Rusiyada və Türkiyədə, eləcə də başqa ölkələrdə Mehriban Əliyevanın fan-klubları fəaliyyət göstərir"

Dahi Öndər Heydər Əliyev Azərbaycanın inkişaf və tərəqqisi üçün nəhəng işlər gördüyünü deyən politoloq vurğulayıb ki, Onu Azərbaycan dövlətçiliyinin qurucusu adlandırmaq olar: "Eyni zamanda, hazırkı Prezident İlham Əliyevin və Onun xanımı Mehriban Əliyevanın əməkləri çox böyükdür. Prezident İlham Əliyev Azərbaycanı effektli şəkildə idarə edir, Mehriban xanım Əliyeva isə xarici ölkələr qarşısında respublikanın stili baxımından, cəlbedici mühit yaradır. Əbəs yerə deyil ki, Rusiyada və Türkiyədə, eləcə də başqa ölkələrdə Mehriban Əliyevanın fan-klubları fəaliyyət göstərir".

Jurnalistin Azərbaycanın gələcəkdə hansı inkişaf perspektivlərinin olması barədə sualını da cavablandıran Sergey Markov bildirib ki, Azərbaycanın inkişafı və tərəqqisini gözləmək məntiqi fikirdir: "Qarşıda Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin həlli, neft və qaz sektorundan başqa, həm də yüksək texnologiyalar istehsalının inkişafı və daha sıx regional iqtisadi mütəşəkkillik gözləyir".

Rövşən Nurəddinoğlu

Digər xəbərlər