PDF Oxu

Siyasət

  • 12

Politoloq: “Uorlikin fikirlərini digər həmsədrlər bölüşmür”

Politoloq: “Uorlikin fikirlərini digər həmsədrlər bölüşmür”

"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin fikirlərini digər həmsədrlərin bölüşməsini söyləmək çətindir. Çünki onlar İrəvana gediblər, amma orda hələ belə fikirlər səsləndirməyiblər". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli Uorlikin "İşğal edilmiş torpaqlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır" fikrini şərh edərkən bildirib.

O deyib ki, ümumiyyələ Minsk qrupunun rolu o qədər də təsirli deyil: "İrəvanda onlar "bir qarış da torpaq vermərik" kimi səfeh ifadələrlə rastlaşdılar. Həmsədrlər bu ilin sonuna kimi nəsə etməyə, ən azı Prezidentlərin görüşünü təşkil etməyə çalışırlar. Amma Azərbaycan Prezidenti nəticəsi olmayan görüşlərdə iştirak etmək fikrində deyil. Çünki ermənilər tez-tez müharibə ritorikasına müraciət edirlərsə, hətta Dağlıq Qarabağın ətrafındakı 7 rayonu qaytarmayacaqlarını bəyan edirlərsə, belə bir şəraitdə Azərbaycanın müharibədən başqa seçimi qalmır. Bölgədə vəziyyət sülh danışıqları prosesini demək olar ki, təşkil etməyə imkan vermir. Həmsədrlər də bu məsələdə kifayət qədər gücsüz, yaxud da həvəssizdirlər. Onların içərisində bir Uorlik seçilir, onun da sözlərinə zənnimcə, qulaq asan yoxdur. Bu mənada Minsk qrupunun həmsədrləri yenə də təsiri olmayan təşəbbüslərlə çıxış edir və bir növ sülhyaratma prosesində iştirak etdiklərini imitasiya edirlər".

Politoloq əlavə edib ki, Rusiyanın tutduğu mövqe, yəni Ermənistana silah göndərilməsi, sülhyaratma prosesində iştirakla bağlı əvvəl verdiyi vədlərdən geri çəkilməsi onun ölkəsini təmsil edən həmsədrin davranışlarında da özün göstərir: "Fransa da Qarabağ nizamlanmasında o qədər fəal deyil. Doğrudur, sülh prosesini istəyir, amma bunun üçün həmsədrin deyil, dövlətin özünün xeyli dərəcədə fəal olması və prosesə müdaxilə etməsi lazımdır. Məsələn, Ukraynada prosesləri tənzimləmək üçün "Normand dördlüyü" formatında Almaniya və Fransa xeyli səylər göstərir, bu səyləri Azərbaycan üçün də dövlət başçıları səviyyəsində göstərmək olar. Bunu biz görmürük. Həmsədrlər səviyyəsində də görülən işlər kifayət qədər səmərəli deyil və buna görə də nəticəsi olmur. Tutaq ki, Uorlikin dediyi hər bir həmsədrin mövqeyini ifadə edir, axı bu heç nəyə təsir göstərmir. Onlar İrəvana gedəndə bir qədər fərqli danışırlar, yaxud da İrəvanda onların Bakıda verdikləri açıqlamalara sərt cavablar verilir. Yəni bu məsələ çox aşağı səviyyələrdə cərəyan edir və ona görə də nəticəsi olmur".

yap.org.az

Digər xəbərlər