"Mən Allaha minnətdaram ki, 1991-ci ildə Leyla Yunusu mənim təşəbbüsüm ilə Azərbaycanın Sosial Demokrat Partiyasının (ASDP) sıralarından kənarlaşdırdılar. O elə əvvəldən ölkəmizə qarşı işləyən böyük ambisiyalı tamahkar və eqoist qadındır". Bu sözləri SİA-ya ASDP-nin sədri Araz Əlizadə bildirib.
Onun sözlərinə görə, ilk dövrlərdə L.Yunus Azərbaycan Xalq Cəbhəsinin sıralarında "daldalanırdı", lakin o, ifşa olunduqdan və ona qarşı təqiblərin başlanmasından sonra ASDP-nın sıralarına keçdi: "Çox tezliklə biz başa düşdük ki, Leyla Yunusun fəallığı sosial demokratların mövqeyinin möhkəmləndirilməsinə deyil, şəxsi maraqların təmin edilməsinə yönəlib. Çünki "Vətən" və "namus" anlayışı bu qadın üçün heç bir əhəmiyyət kəsb etmir. Bir də eyni xislətlilərin bir araya gəlməsi təbiidir".
A.Əlizadə qeyd edib ki, bizim ölkədə silsilə qrant yeyənlər - avara-avara veyillənən və yalnız qrant almaq üçün Azərbaycanın ziyanına addım atmağa hazır olan şəxslər var: "Leyla Yunus da məhz bu tip insanlar kateqoriyasına aiddir".
A.Əlizadənin sözlərinə görə, dünyada Azərbaycanın nailiyyətlərinə qısqanclıqla yanaşan və insan adlandırmaqda çətinlik çəkdiyim qrantyeyənləri maliyyələşdirməyə daim hazır olan qüvvələr həddindən artıq çoxdur. ASDP lideri qeyd edib ki, bugünkü Azərbaycanda inkişaf və tərəqqi göz qabağındadır, əhalinin rifahı isə yaxşılaşmaqdadır. Ölkəmizin beynəlxalq nüfuzu da daima artmaqdadır ki, bu da Azərbaycanda Ermənistanın bənzərini görmək istəyən Qərb dairələrində birmənalı olaraq qəbul olunmur: "Bilirsiniz ki, ermənilər Yunusun qayınanasının milliyyətcə erməni olduğunu bildikləri üçün onu "milli qəhrəmana" çevriblər, bu gün də L.Yunus yenidən "siyasi mübarizəyə" geri döndüyünü bəyan edərək, "Müsəlman Birliyi" Hərəkatının lideri, terrorçuluqda ittiham olunan Taleh Bağırzadəyə "şanlı" məktub yollayaraq, ona qahmar çıxır. Görürsünüz, məhz ölkə rəhbərliyinin bariz humanizm aktından yararlanaraq azadlığa buraxılan zaman Leyla Yunus bu işdə xidməti olan tərəflərə ömrünün sonuna qədər minnətdar olduğu halda yenə də hansı xislətdə olduğunu nümayiş etdirir. O, unudub ki, pislər o və Tale Bağırzadə, eləcə də onları dəstəkləyənlər, yaxşılar isə məhz humanistlik nümayiş etdirib onu azadlığa buraxanlardır! Bir də qozbeli qəbir də düzəldə bilməz".
sia.az