Zərbədən sonra: siyasi çaşqınlıq əlamətləri
Məlum aprel döyüşlərindən sonra bir daha aydın oldu ki, işğalçı ölkədə Ermənistan prezidenti Serj Sarkisyan hakimiyyətinə qarşı narazılıqlar daha geniş vüsət alıb. Xüsusilə də, erməni ictimaiyyəti hələ də aprel məğlubiyyətinin acısından çıxa bilmir. Bütün etirazların başında sosial-iqtisadi, ictimai-siyasi vəziyyətin getdikcə gərginləşməsi, dinamik inkişaf edən böhrana çevrilməsidir. Erməni ekspertlərinin sözlərinə görə ölkənin belə bir ağır duruma düşməsinin ən əsas səbəbi Sarkisyan hakimiyyətinin səriştəsiz idarəçiliyi, artan narazılıq, xarici güclərin asanlıqla Ermənistana istədiklərini diktə etməsi vəziyyəti daha da çətinləşdirir. Ermənistanın müstəqil dövlət deyil.
Erməni müxalifətçi Armen Martirosyan bildirir ki, Ermənistan Sarkisyan rejiminin idarəsi altında azadlığını itirmək təhlükəsi ilə üzləşməklə yanaşı, Dağlıq Qarabağ məsələsində Azərbaycanın əldə etdiyi uğurların təsiri altında S.Sarkisyanın nüfuzunu itirməsi də açıq görünür: "Son aylar hakim Respublika Partiyası fəaliyyətini daha da genişləndirərək, iqtidarda qalmaq üçün müxtəlif addımlar atır. Ermənistan cəmiyyəti isə bunun fərqindədir. Onu da qed edim ki, S.Sarkisyanın özü də gizlətmir ki, 2017-ci il parlament seçkisində siyasi taleyi həll olunur. O, "Reuters" informasiya agentliyinə verdiyi müsahibədə deyib ki, "parlament seçkisində Ermənistan Respublika Partiyası uduzsa, mənim siyasətdə heç bir işim yoxdur".
Müxalifətçi-ekspert Ermənistan dövlət başçısının siyasi reytinqinin aşağı düşməsinin səbəblərinə də toxunub: "Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda rəsmi Yerevanın mövqeyinin xeyli zəifləməsi erməni cəmiyyətində prezidentə olan inamı heçə endirib. S.Sarkisyan da adəti üzrə bu prosesə siyasi riyakarlığı ilə reaksiya verməkdədir. Bu məsələ, yalnız nəyin bahasına olur-olsun, hakimiyyəti saxlamaq cəhdləri ilə məhdudlaşmır. Ermənistan rəhbəri qonşu dövlətlərə, ilk növbədə, Azərbaycan və Türkiyəyə qarşı qərəzli fikirlər söyləyir. "Reuters"ə müsahibəsində bununla bağlı bir neçə böhtan xarakterli cümlələr işlədib.
Müsahibədə erməni lider, məhz aprel savaşında Ordumuzun uğurunu nəzərdə tutaraq, Bakını günahlandırmağa cəhd edib. Bu, onu göstərir ki, Ermənistan prezidenti üçün heç bir siyasi etiket və ədalətlilik ölçüsü yoxdur. O, erməni ordusunun aldığı ağır zərbəni ört-basdır etmək üçün siyasi ibarələrdən və əsassız arqumentlərdən yararlanmağa çalışır. Bir də, rəsmi Yerevan yaxşı bilir ki, zəbt etdiyi Azərbaycan torpaqlarından erməni silahlı qüvvələri gec və ya tez qovulacaq. Bu səbəbdəndir ki, S.Sarkisyan da Azərbaycanı atəşkəsi pozmaqda ittiham etməklə real vəziyyəti gizlədir. Bir də, S.Sarkisyanın yalan danışmaqda və ictimaiyyəti çaşdırmaqda davam etməsi qəbulolunandır. Çünki Sarkisyan siyasətə yalanla gəlib və erməni xalqını bu adamın məhvə doğru apardığı şübhə doğurmur.
Aprel hadisələrindən sonra insanlar kütləvi şəkildə ölkəni tərk etməkdədirlər
Aprel ayında erməni silahlı birləşmələrinin təxribatının qarşısını layiqincə alan Azərbaycan Silahlı Qüvvələri bir daha öz gücünü düşmənə göstərdi. Xüsusi olaraq aprel hadisələrindən sonra Ermənistanda siyasi-iqtisadi böhranla yanaşı, ölkəni tərk edənlərin sayı artmağa başladı. İşğalçı ölkənin miqrasiya xidmətinin verdiyi rəsmi məlumata görə, təkcə ötən il ərzində respublikanı 16 min vətəndaş tərk edib. Qeyri-rəsmi məlumatlara görə, həmin rəqəm 50 mindən çoxdur. Ermənistan Milli Statistika Xidmətinin əhalinin siyahıya alınması şöbəsinin müdiri Karine Kuyumçuyanın mətbuata verdiyi məlumata görə, son beş ildə ölkə əhalisi 35,9 min nəfər, müstəqillikdən bu günə qədər isə 634,7 min nəfər azalıb. Rusiya Federal Miqrasiya Xidmətinin Yerevandakı nümayəndəliyinin yaydığı xəbər də Ermənistanda demoqrafik vəziyyətin acınacaqlı olmasından xəbər verir. Bildirilir ki, bu ilin may ayına olan məlumata görə, hazırda Rusiya ərazisində 472 min Ermənistan vətəndaşı yaşayır. Bununla da Ermənistan əhalisinin 17,2 faizinin Rusiyada yaşadığı aydın olur. Yeri gəlmişkən, hazırda Ermənistanın 2,9 milyon vətəndaşı var. Maraqlıdır ki, Ermənistanın rəsmi şəxsləri də bu faktı artıq gizlədə bilmirlər və açıq şəkildə etiraf etmək məcburiyyətində qalıblar. Eyni tendensiya Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda da müşahidə edilir. Yaranmış gərgin durum Ermənistan ordusunda baş verməkdədir. Ermənistanın müxalifətçi deputatı Nikol Paşinyan ölkədə yaranmış bu kriminal durumun günahkarının Sarkisyan olduğunu bildirib və vurğulayıb ki, indi alayda, qəsəbədə, Yerevanda, Ermənistanda hər kəsin həyatı təhlükə altındadır. Bu vəziyyət onlarla, bəlkə də yüzlərlə insan üçün birbaşa təhlükədir. Parlament üzvü hesab edir ki, onlar bu insanların həyatını xilas etmək, yeni qurbanlar verilməsinin və Yerevanda güllə atılmaısının qarşısını almaq üçün tədbirlər görməlidirlər. Paşinyanın danışıq apardığı qiyamçıların təslim olmağa hazırlaşmadıqlarını və polisin müdaxiləsi zamanı müqavimət göstərməyə hazır olduqlarını da vurğulayıb. Bildirib ki, yaramış vəziyyət Ermənistan prezidenti üçün müsbət heç nə vəd etmir.
Ümumiyyətlə, aprel döyüşlərindən sonra bu ölkədə yaşanan hadisələr - istər iqtisadi böhran, istər insanların kütləvi şəkildə ölkəni tərk etməsi və sair olayların hələ uzun müddət davam edəcəyi şübhəsizdir.
Göründüyü kimi, indiki vəziyyətdə Ermənistanda dərin sosial-iqtisadi tənəzzül hakimiyyətlə xalq arasında uçurumu genişləndirməklə yanaşı, sosial gərginliyi də yüksəldir. Ölkənin sosial problemlərini aradan qaldırmaq üçün kifayət qədər siyasi- iqtisadi resurslara malik olmaması isə hakimiyyətlə xalq arasında qarşıdurmanı gücləndirir. Elə bu səbəbdən hakimiyyətin xalq tərəfindən devrilməsi və bunun yaxın zamanda baş verməsi qaçılmaz sayılır.
A.SƏMƏDOVA