SİYASİ ARAŞDIRMA
Yaxud "ərəb baharı"ndan yaranan terror küləkləri
Bu günlərdə xarici KİV-lərdə belə bir məlumat yayıldı ki, "İŞİD" beynəlxalq terror təşkilatının maliyyə qaynaqları tükənmək üzrədir və buna səbəb son dövlərdə qanlı təşkilata qarşı aparılan genişmiqyaslı hərbi əməliyyatlardır. Hətta bunu ABŞ-ın maliyyə nazirinin köməkçilərindən olan Daniel Qlasser də bəyan edib. Amerikalı maliyyəçi deyib ki, "İŞİD" beynəlxalq terror təşkilatının maliyyə qaynaqlarının kəsilməsi, məhz böyük ölçüdə hərbi əməliyyatlara bağlıdır.
Qlasserin iddiası nə qədər real görünə bilər?
"Amerikanın Səsi"nə açıqlama verən amerikalı nazir köməkçisi hətta "İŞİD"-in maliyyə qaynaqlarını açıqlayıb və bunun qarşısını almaq üçün danışdıqlar apardıqlarını deyib. Lakin maraqlısı da budur ki, həmin qaynaqlar barədə fikirlərini bildirən Qlasser deyib ki, guya "İŞİD" xarici mənbələrdən qidalanan digər terror təşkilatlarından fərqli olaraq, daxili mənbələrdən qidalanır: SİTAT: "İŞİD"-in başlıca qaynaqları neft və təbii qazdır. Neft və təbii qaz satışından 2015-ci ildə qazandıqları pul təxminən 500 milyon dollar civarındadır. Bu rəqəmin 2016-ci ildə ciddi ölçüdə azaldığını düşünürük. Təşkilatın digər əhəmiyyətli gəlir qaynağı da vergi və xəracdan təmin edilir. Xərac deyilməsinin səbəbi var. Çünki vergi sözü "İŞİD"-i bir rəhbərlik olaraq qanuni saya bilər və bunu heç kim istəmir.
Ancaq xərac kəsmə "İŞİD"-in etdiyinə daha yaxındır, çünki həqiqətən, nəzarət etdikləri bölgələrdə yaşayanlardan müəyyən bir üzvlük haqqı alırlar. Yığdıqları pul 2015-ci ildə ayda 30 milyon dollar civarındadır, yəni ildə 360 milyon dollar gəlirləri var- neft, təbii qaz, xərac. Bunlar daxili mənbələrdir və hazırda "İŞİD"-in gəliri illik 860 milyon dollara çatdı. Təbii ki, bir də son olaraq, 2014-cü ildə Mosulu ələ keçirdikləri vaxt əllərinə xeyli pul var. Mosul banklarının kassalarındaki nağd 500 milyon dollara girişi də təmin etdilər. Yəni dövlət banklarından və Mərkəzi Bankın Mosuldaki şöbəsindəki pullar da "İŞİD"-in əlinə keçdi. Bunlar İŞİD-in gəlirlərində ən çox pay hesab edilir".
"Taliban"ın bir çox səhra komandirləri son illər "İŞİD" terrorbaşına - Əbu Bəkr əl-Bağdadiyə biət ediblər
Göründüyü kimi, amerikalı maliyyəçi burada istiqaməti "İŞİD"-in daxilinə yönəldib və burada istər-istəməz belə bir sual yaranır - bəs "İŞİD" formalaşarkən, bu təşkilatın arxasında dayanan hansı maliyyə qaynaqları olub? Əslində, bunun üçün elə də uzağa getməyərək, bəzi tarixi məsələləri xatırlamaq olar. Məsələn, bu gün "İŞİD"-dən heç də geri qalmayan "Taliban" hərəkatının formalaşmasında dayanmış əsas güc ABŞ olub. Soyuq müharibə dönəmində SSRİ-yə qarşı mübarizə üçün yaradılmış bu terror təşkilatı hazırda ABŞ-ın və bir çox dövlətlərin siyahısında, məhz terror təşkilatı kimi keçir. Həmin vaxt "Taliban"ı silah-sursatla, böyük maliyyə vəsaitləri ilə saxlayan ABŞ, SSRİ süquta uğradıqdan sonra, adıçəkilən terror təşkilatını məhv etmək üçün hərbi əməliyyatlar keçirdi. Ancaq bunun heç bir faydası olmadı. Bu gün "Taliban" Əfqanıstanda, Pakistanda və ətraf bölgələrdə düşərgələr yaradıb və zaman-zaman terror aksiyaları törədir. Yeri gəlmişkən, "Taliban"ın bir çox səhra komandirləri son illər "İŞİD" terrorbaşına - Əbu Bəkr əl-Bağdadiyə biət ediblər və Suriyada, İraqda və Yəməndə vəhşi siyasətlərini yürütməkdə davam etməkdədirlər. Əlbəttə ki, "Əl-Qaidə" və s. adlı terror təşkilatları da bu timsaldandır.
ABŞ və Qərbin siyasi maraqlarını təmin edən "ərəb baharı" faktoru - Liviya, Misir, Suriya, İaraq, Yəmən və???
Bu gün 2001-ci ilin 11 sentyabr hadisələri ətrafında gəzən söz-söhbətlərdən biri də bu qanlı hadisənin, məhz Amerika gizli kəşfiyyat orqanlarının əməli olması barədə irəli sürülən iddialardır. Səbəb - inkişaf xətti üzrə irəliyə gedən müsəlman dövlətlərində siyasi və iqtisadi cəhətdən tənəzzül yaratmaq, kütləvi qarşıdurmalar və iqtidarlara qarşı üsyanlar, qiyamlar qaldırmsaq idi. Əslində, bu siyasət baş tutdu. Burada daha bir məsələ ABŞ və Qərbin siyasi maraqlarını təmin edən "Ərəb baharı" faktorudur ki, məhz bunun nəticəsində, ilk növbədə, bir vaxtlar inkişaf xətti ilə çiçəklənən, xalqı firavan yaşayan Liviyada Müəmmaə Qəddafi hakimiyyətinə son qoyuldu. Ardınca isə sivil və dünyəvi baxışdan tərəqqi edən, o cümlədən, dini mərkəzləri ilə də məşhur olan Misirdə Hüsnü Mübarək iqtidarına son verildi. Maraqlısı da budur ki, Misirdə bu günə qədər müxtəlif dini konvensiyalar, o cümlədən, islam məzhəbləri arasında heç bir qarşıdurmalar yaşanmırdı. Mübarək devrildikdən sonra onun yerinə "İslam qardaşları" partiyası (sonradan bu partiyanın radikal dindarlar toplumu olduğu müəyyənləşdi) iqtidarı ələ aldı. "Ərəb baharı" Liviya kimi Misiri də ciddi dağıntılara, məzhəblərarası savaşlara sürüklədi. Həmçinin, əsrlər boyu bu ölkədə yaşayan xristian koptlar da ölümə, qana-qadaya təhrik olunudular. Bir müddət sonra Qərb Misirdə yaratdığı radikal təkfirçi-vəhhabi qoluna nəzarətini itirdi. Belə ki, general Sisiyə məxsus ordu radikal islamçıları iqtidardan uzaqlaşdırmağa nail oldu. Ancaq indinin özündə də Qərb Sisi hakimiyyətini tanımır və ona qarşı ciddi təzyiqlər edir. Bütün bunlar isə birbaşa bu siyasi dairələrin maraqlarının açıq-aşkar göstəricisidir.
Siyasətin tərkib hissəsi bu gün İraqda və Suriyada cərəyan edir. Vaxtilə Qərbin maraq dairələri çərçivəsində yaradılmış "İŞİD" indi ciddi başağrısına çevrilib. O cümlədən, region ölkələri arasında da müəyyən narazılıqlar yaranır. Uzağa getməyərək, yay aylarında Rusiya-Türkiyə münasibətləti kontekstində yaranmış dövlətlərarası münasibətlərin pozulması amilini xatırlaya bilərik.
Qərb öz siyasi maraqları səbəbindən, həqiqətən də, həllolunmaz bir problem yaradıb və bu gün həmin problemi öz daxilində də yaşamağa başlayıb
Bu gün qonşu Türkiyənin İraq əməliyyatları çərçivəsində koalisiyada olmasına rəğmən, demək olar ki, kənarda qalması, milyonlarla qaçqın problemi də eyni mənanı kəsb edir. Bəzi siyasi analitiklər hazırda baş verənləri məzhəblərarası qarşıdurma kimi qələmə verməyə çalışırlar. Ancaq bu gün faktdır ki, Suriyada və İraqda həm sünnilər, həm də şiələr birlikdə silahlanaraq ordu sıralarına qatılıb radikal vəhhabi-təkfirçi başkəsənlərə qarşı mübarizə aparırlar.
Beləliklə, bu gün ABŞ-ın dövlət səlahiyyətlisi Qlaserin "İŞİD"-in yalnız daxili hesablarına maliyyələşdiyini iddia etməsi heç bir ciddiliyə söykənmir. Bu gün sual edə bilərik ki, "İŞİD"-in əlində olan Qərb silahları, hərbi texnikaları necə əldə olunub? Çünki onların əksəriyyətinin üzərində istehsal olunduqları ölkələrin adları yazılıb. Yəqin ki, bu sualın cavabı elə sualın özündədir.
Ancaq bu məsələnin mahiyyətinin kökü yenə də "Ərəb baharı"ndan yaranan terror küləkləridir ki, bu küləyin bundan sonra daha bir müddət əsəcəyini düşünmək olar. Çünki Qərb öz siyasi maraqları səbəbindən, həqiqətən də, həllolunmaz bir problem yaradıb və bu gün həmin problemi öz daxilində də yaşamağa başlayıb. Bir-birinin ardınca Avropada baş verən terror olayları isə buna bir sübutdur...
Rövşən NURƏDDİNOĞLU