Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının X konfransı keçirilib. Konfransda hesabat məruzəsi ilə çıxış edən təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov bildirib ki, 7 fevral 1993-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə təsis olunan Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatı ötən dövrdə böyük inkişaf yolu keçib: "Rayon təşkilatı üçün müasir tələblərə cavab verən inzibati bina inşa edilib. Rayonun Yaycı, Ərəzin, Əbrəqunus, Kırna, Qızılca, Xanəgah, Əlincə, Saltaq, Milax, Ərəfsə, Ləkətağ, Teyvaz, Gal, Şurud, Gülüstan kənd mərkəzlərində partiyanın ilk təşkilatları üçün hərtərəfli şəraiti olan iş otaqları ayrılıb. Vurğulanıb ki, rayon təşkilatı yarandığı vaxtdan bu günədək 9 konfrans keçirib. 27 may 2013-cü il tarixdə keçirilən IX konfransdan sonra təşkilatın sıraları daha da genişlənib. Bu dövrdə 380 nəfər partiya sıralarına qəbul olunub. Hazırda rayon üzrə Yeni Azərbaycan Partiyası üzvlərinin 1825 nəfəri gənclərdir. Rayon təşkilatı partiyaya qəbul zamanı sağlam əqidəli, dövlətçiliyimizə sədaqətli gənclərə üstünlük verir, rayonun ictimai-siyasi, iqtisadi həyatında, keçirilən tədbirlərdə onların fəal iştirakına şərait yaradır. Hesabat dövründə partiya sıralarına qəbul edilənlərin 286 nəfərini və yaxud 75,3 faizini gənclər təşkil edib".
Q.İbrahimov onu da diqqətə çatdırıb ki, IX konfransdan ötən müddət ərzində təşkilatın tərkibi keyfiyyət və kəmiyyətcə xeyli yüksəlib: "Fəaliyyət sahələrinə görə partiya üzvlərinin 1315 nəfəri təhsil, 332 nəfəri səhiyyə, 298 nəfəri mədəniyyət, 140 nəfəri idarəetmə, 3271 nəfəri sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və digər sahələrdə çalışırlar. Hesabat dövründə keçirilən prezident, bələdiyyə, parlament seçkilərində, 26 sentyabr 2016-cı ildə keçirilən referendumda Yeni Azərbaycan Partiyasının üzvləri fəallıqları ilə seçiliblər".
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov bildirib ki, partiyanın Culfa rayon təşkilatının yaranması, formalaşması Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır: "7 fevral 1993-cü il tarixdə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə təsis edilən Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının partiya və milli dövlətçiliyimizin tarixində olduqca əhəmiyyətli yeri məhz bu amillə bağlıdır. Bu gün özünün X konfransını keçirən partiya təşkilatı, bütövlükdə, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının 10 faizdən çoxunu təşkil edir və rayonun ictimai-siyasi həyatında xüsusi yerə malikdir". Hesabat dövrü ərzində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun partiya təşkilatları qarşısında qoyduğu tapşırıqlardan bəhs edən icra katibi Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatı bu tapşırıqların yerinə yetirilməsində fəallıq göstərdiyini bildirib.
Rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib. Qadir İbrahimov yenidən Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri, 21 nəfərdən ibarət şura seçilib. Konfransdan sonra şura ilk iclasını keçirib. İclasda nəzarət-təftiş komissiyası, qadınlar şurası, gənclər birliyi və 11 nəfərdən ibarət idarə heyəti seçilib.
Samir