PDF Oxu

Siyasət

  • 11

"Milli kimliyin formalaşmasında milli dəyərlərin rolu"

"Milli kimliyin formalaşmasında milli dəyərlərin rolu"

Bu mövzuda DQİDK və İçərişəhər Cümə məscidi icması birgə tədbir keçirib

İçərişəhər Cümə məscidində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İçərişəhər Cümə məscidi icması ilə birgə Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə "Dini icmalara yardımı göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, "Milli kimliyin formalaşmasında milli dəyərlərin rolu" layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbirə modetarotluq edən DQİDK səlahiyyətlisi Ceyhun Əliyev çıxış edərək ilk öncə qurumun sədri Mübariz Qurbanlının tədbir iştirakçılarına salamlarını çatdırıb və layihənin mahiyyəti barədə məlumat verib. C.Əliyev bildirib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri ən yüksək səviyyədə inkişaf edir və bu amil istər milli kimliyin, istərsə də milli dəyərlərin formalaşmasında, qorunub-saxlanılmasında önəmli rol oynayır: "Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü il 27 noyabr tarixində Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə "Dini icmalara maliyyə yardımı göstərilməsi haqqında" mühüm Sərəncam imzalayıb. Məhz bu Sərəncamdan sonra bir daha sübut olunub ki, Azərbaycanda dövlət-din münasibətləri ən yüksək inkişaf xəttini tutub. Burada əsas faktorlardan biri də dini icmalarda maarifləndirmə işlərinin aparılması, ölkənin inanclı kəsiminə dövlətinə, xalqına bağlılığı istiqamətində təbliğatların aparılması, o cümlədən dövlətçilik, milli kimlik və dəyərlərin qorunub-saxlanılması inkişaf etdirilməsidir".

C.Əliyev çıxışında onu da qeyd edib ki, Azərbaycan dövlətçiliyinin rəmzi olan dövlət bayrağımızdakı rənglərdən biri də yaşıl rəngdir ki, bu islamçılığı tərənnüm edir: "Azərbaycan xalqının əsas hissəsinin islam dininə bağlı olmasını əks etdirən bu amil həm də ölkəmizdə tolerantlıq mühitini də tərənnüm edir. İlk növbədə, dövlət-din münasibətlərində artan inkişaf xətti, o cümlədən, Prezident İlham Əliyev Cənabları ilə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin arasında olan səmimi münasibətləri ölkəmizdəki dövlət-din münasibətlərinin ali göstəricisidir".

QMİ-nin Səbail rayonu üzrə səlahiyyətli nümayəndəsi, İçərişəhər Cümə məscidinin axundu, ilahiyyatçı Hacı Surxay Məmmədlim çıxışında tədbir iştirakçılarına təşəkkür etdi və müqəddəs Qurani-Kərmdən kəlamlar oxudu.

Hacı Surxay Məmmədli DQİDK-yə və qurumun sədri Mübariz Qurbanlıya layihənin keçirilməsi üçün şərait yaradıldığına görə öz təşəkkürünü bildirdi və vurğuladı ki, bu kimi layihələrin, tədbirlərin keçirilməsi dövlət-din münasibətləri fonunda milli özünüdərki kifayət qədər ehtiva edir: "Əlbəttə ki, bu bir örnəkdir və bu örnəyi genişləndirmək, hər birimizin vətəndaşlıq borcumuzdur. Bu kimi layihələrimiz davamlı olacaq və biz çox şadıq, o cümlədən minnətdarıq ki, Azərbaycanın dövlət rəhbərliyi, ölkə Prezidenti İlham Əliyev bu cür təşəbbüslərlə çıxış edir, bizlərə dəstək göstərir. Biz də bu önəmli fürsətdən istifadə edərək, milli kimliyimizin, dəyərlərimizin formalaşması istiqamətində var gücümüzlə çalışacaq, töhfələrimizi verəcəyik".

Surxay Məmmədli daha sonra bildirib ki, Azərbaycanda çoxsaylı məscidlər, pirlər, ocaqlar fəaliyyət göstərir və bütün bunların qorunub-saxlanılmasında dövlət böyük işlər görür: "Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri daim bu istiqamətdə təşəbbüslərlə çıxış edir, bunun isə təməlində milli dəyərlərimizin qorunması, inkişaf etdirilməsi məqsədi, amalı dayanır. Bu, həm də bir siyasətdir. Bu siyasətin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurulla da çıxışını müqəddəs Qurani-Məciddən kəlamlarla başlayaraq, bu kimi layihələrin keçirilməsinin zəruriliyindən danışdı və bildirdi ki, məhz Ulu Öndər Heydər Əıliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra, ölkədə məscidlərin, pirlərin, ocaqların kütləvi açılışı, təmir və bərpaları baş tutdu: "Bu, ilk növbədə, Onun tərəfindən dəyərlərimizə göstərilən böyük sayğı və dəyər idi. Çünki sovet dövrü bir çox məscid və ibadətxanalarımız bağlı qalmışdı, ya da onlar tamamilə başqa məqsədlər üçün istifadə edilirdi. Heydər Əliyevin qayıdışından sonra Bibi -Heybət, Təzə Pir və o cümlədən, bölgələrimizdə məscidlərin bərpasına, yenidən qurulmasına başlanıldı. İnanclı insanlarımıza bundan böyük töhfə ola bilməzdi".

QMİ rəsmisi daha bir xatırlatma edərək, Ulu Öndər Heydər Əliyev haqqında bir hadisədən bəhs etdi və bildirdi ki, Təzə Pirdə keçirilən Aşura mərasiminə təşrif buyuran Ulu Öndər xalqla birgə İmam Hüseyn əleyhissəlama təziyyə saxladı, müqəddəs Əhli-Beyt imamının kəlamlarından bəhs etdi, onların mahiyyətini açıqladı: " Bu böyük şəxsiyyət Azərbaycanda böyük bir ənənənin təməlini qoydu və Prezident İlham Əliyev cənabları bu ənənəni davam etdirir. Biz xoşbəxtik ki, bizim müstəqil dövlətimiz, bayrağımız, ulu tarixə söykənən dövlətçilik tariximiz, ənənələrimiz var.

İlahiyyatçı şərqşünas, Qarabağ seyid ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli də, öz növbəsində, bildirdi ki, bu cür layihələrin həyata keçirilməsi dövlət-din münasibətlərinin ən gözəl şəkildə tərənnümüdür: "Azərbaycan xalqı elə bir xalqdır ki, hər zaman öz dövlətinə bağlı olub və bu, əsrlər boyu davam edib. Ölkəmizdə formalaşmış bu mühüm hadisə hər birimiz tərəfindən qorunub-saxlanılmalı, inkişaf etdirilməlidir. Prezident ilham Əliyev cənabları bu işdə hər kəsə bir örnək və nümunədir. Biz elə də uzağa getməyərək, Gəncə şəhərində İmamzadə kompleksinin açılışını və orada möhtərəm Prezidentimiz İlham Əliyevin nitqini xatırlamalıyıq. Bəli, bütün bunlar həm də müqəddəs dəyərlərin qorunmasıdır ki, dövlətimiz bu istiqamətdə böyük işlər görür".

Tədbirin sonunda tarixçi-araşdırmaçı Yusif Məmmədli Azərbaycanın dövlətçilik ənənələri, milli kimliyin qorunub-saxlanılması və dəyərlərin təbliği mövzusunda çıxış etdi.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər