"Onların bu yuxudan ayıla bilməmək ehtimalı böyükdür"
"Biz hazırda ənənəvi müxalifətin növbəti dəfə qış yuxusuna getməsi prosesini izləməkdəyik. Çünki havalar soyumağa başlayanda onların dırnaqarası siyasətləri də donmağa başlayır. Bu hal artıq 23 ildir ki, davam edir". Sözügedən fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova əks düşərgənin fəaliyyətsizliyi barədə şərh edərkən deyib.
"Əslində, onların yoxluğu özünü referendumdan sonra keçirilən "mitinqlərində" göstərdi"-deyə xatırladan YAP funksioneri qeyd edib ki, əslində, bu gözlənilən idi və burada təəccüblənəcək heç nə yoxdur: "Yəni sağlam düşüncəli ictimai rəy də görür ki, müxalifət yox səviyyəsindədir. Bu o demək deyil ki, sədri və bir neçə müavini olan hər hansı bir siyasi qurum cəmiyyətdə ciddi partiya kimi qəbul edilsin. Çünki partiya adına iddia edən siyasi təşkilatın fəaliyyəti, proqramı, ictimai rəyə təsir imklanları olmalıdır. Ancaq biz bunu görmürük. Xüsusilə AXCP, Müsavat, Ümid, KXCP, ALP və s. bu kimi müxalifətçi qurumların hansı səviyyədə olmaları açıq-aşkar göz önündədir".
Təranə Kərimova bildirib ki, qeyd olunanlarla yanaşı, Qərbin və s. xarici ermənipərəst dairələrin nökərləri rolunda çıxış edən partiyalar öz varlıqlarını qoruyub-saxlamaqdan ötrü öz ətraflarında yedək qurumlar təsis edirlər, amma bunun da heç bir məntiqi nəticəsi yoxdur. Məsələn, "Milli Şura" da bu sıradandır. Gah qərbyönlü, gah da radikal dini qruplaşmalar adından çıxış edən "Milli Şura" bu addımı ilə öz cılızlığını sərgiləyib: "Əslində, bu Əli Kərimli-Cəmil Həsənli cütlüyünün vahid ideologiyasının olmamasından xəbər verən reallıqdır. Bu sübut edir ki, "Milli Şura" və AXCP son anda öz xilasını radikal dindarlarda axtardı, amma xilas olması yerinə siyasi məhvə doğru sürükləndi".
YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri xatırladıb ki, ümumiyyətlə, radikalların zaman-zaman mitinqlər keçirməsi sonda onların tükənmiş vəziyyətlərini daha açığa çıxarmış olur, insanlar bunu rahat şəkildə müşahidə edir. Ona görə də belə mitinqlər müvəqqəti xarakter daşıyır: "Biz referendumdan öncə də məhz bu kimi proqnozlarla çıxış edirdik. İndi bu proqnozlar özünü kifayət qədər doğruldub. Əks düşərgədə hər şey sönüb-gedir. Necə ki, həmişə seçkilərdən sonra müxalifət qış yuxusuna gedirdisə, indi də eyni şey təkrarlanır. Baxın, ən sadə şəkildə olsa belə, onların normal bir platformaları, təşkilati işləri yoxdur. "Liderlər" varlıqlarını isbatlamaq üçün ən yaxşı halda bir-birindən qisas almaqla, sosial şəbəkələrdə, mətbuatda bir-birlərini söyməklə, təhqir etməklə, alçaltmaqla məşğul olurlar. Amma bununla da özlərinin siyasi ölümlərinin fərmanlarını da verirlər. Hətta bu fərmanı xalq çoxdan verib. Radikallar qorxsunlar ki, qış yuxusuna getdikdən sonra ayılmamaq təhlükəsi ilə də üzləşə bilərlər".
sia.az