Prezident İlham Əliyev: "Ermənistan sülh istəmir"
Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqların hazırkı vəziyyəti barədə məlumat verib:
"Təəssüf ki, uzun illərdir torpaqlarımız işğal altındadır. Azərbaycan ərazisinin 20 faizi, təkcə Dağlıq Qarabağ deyil, həm də Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı 7 rayon işğal olunub. Bu işğal nəticəsində bizim 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Xalqımız Ermənistan tərəfindən etnik təmizləmə siyasətinə məruz qalıb. Beynəlxalq təşkilatlar mühüm qərar və qətnamələr qəbul ediblər. Xüsusən, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır".
Dövlət başçısı xatırladıb ki, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi təşkilatlar da oxşar sənədlər qəbul edib: "Lakin təəssüf ki, münaqişə həll olunmur. Çünki Ermənistan sülh istəmir, status-kvonu dəyişməz olaraq saxlamaq istəyir. Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin - ABŞ, Rusiya və Fransa prezidentlərinin status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə açıq şəkildə verdikləri bəyanata qulaq asmaq istəmir. Bu, status-kvonu dəyişməz olaraq saxlamaq istəyən və təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq davranış normalarına deyil, həm də dünyanın 3 aparıcı ölkəsinin liderlərinin bəyanatlarına məhəl qoymayan Ermənistan rəhbərliyinə birbaşa mesajdır. Bu, qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət Ermənistanı beynəlxalq hüquqa riayət etməyə və onlara məxsus olmayan, bizə məxsus olan əraziləri heç bir şərt irəli sürülmədən azad etməyə məcbur etmək üçün ciddi tədbirlər görməlidir. Münaqişənin həlli Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünə əsaslanmalıdır. Dünyada heç bir ölkə, o cümlədən, Ermənistan Dağlıq Qarabağın bu oyuncaq rejimini tanımır".
"Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq təmin edilməlidir"
Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bildirib: "Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir. Bu münaqişənin həllinin başqa yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, status-kvo dəyişdirilməlidir, işğala son qoyulmalıdır".
Ancaq Ermənistan prezidenti bu problemin həllində istarlı olduğunu sübut etmək üçün min bir oyundan çıxır. Xüsusilə də, Serj Sarkisyan aprel döyüşlərindəki sarsıdıcı məğlubiyyətdən sonra ölkənin dövlət strukturlarında, xüsusilə də, Müdafiə Nazirliyində köklü islahatlar apararaq, nazir postuna mülki şəxs olan Vigen Sarkisyanı, silahlı qüvvələrinin baş qərargahına isə Movses Akopyanı rəis təyin edib. Bəs reallıqda nə baş verir və kadr dəyişikliyinin pərdəarxası məqamları nədir? İslahatlardan sonra qoşunların qarşıdurma xəttində yeni döyüşlərin baş vermə ehtimalı nə qədərdir?
Məsələ ilə bağlı "SƏS" qəzetinə münasibət bildirən politoloq Qabil Hüseynli hesab edir ki, Sarkisyanın siyasi gedişləri Avropaya xoş gəlmək istəyi kimi başa düşülür: "NATO ölkələrinin hər birində müdafiə naziri mülki şəxs olur, ordunun idarə edilməsi baş qərargaha həvalə edilir. Sarkisyan da göstərmək istəyir ki, orduda ciddi, Avropa və NATO standartlarına uyğun islahatlar aparır. Guya Ermənistanda NATO standartlarına uyğun ordu quruculuğu aparmaq istəyirlər. Halbuki ordu bütünlüklə Rusiyanın nəzarətindədir və rus silahları ilə təchiz edilib".
Politoloq, həmçinin, onu da vurğulayıb ki, bu islahatlar Müdafiə Nazirliyinin səlahiyyətlərinin azaldılaması, ali baş komandan kimi Sarkisyanın səlahiyyətlərinin çoxalmasına gətirib çıxarır: "Yəni bu islahatlarla Sarkisyan, praktiki olaraq, ordunu idarə edən birinci şəxsə çevrilir, həmçinin, Sarkisyanın hakimiyyətinin möhkəmləndirilməsi, onun əlində daha çox səlahiyyətlərin cəmləşdirilməsinə xidmət edir. Sarkisyanı nə Avropa, nə də hər hansı bir başqa standartlar maraqlandırır. Söhbət hakimiyyətin Qarabağ klanının əlində sərt şəkildə mərkəzləşdirilməsinin mühüm elementindən gedir".
Eyni zamanda, o da vurğlanıb ki, islahatlar yeni hərbi toqquşmaların başvermə ehtimalını da yüksəldir: "Sülh danışıqlarında heç bir irəliləyiş yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışından aydın oldu ki, Ermənistana heç kim təzyiq etmir. Əksinə, böyük dövlətlər Azərbaycana təzyiq edirlər. Sülh danışıqlarında heç bir irəliləyiş yoxdur. Ermənistan yenidən təxribatlara əl atır, atəşkəsi intensiv surətdə pozur, həmçinin, işğal altındakı Azərbaycan torpaqlarında hərbi təlimlər keçirir. Bütün bunlar, onu təsdiqləyir ki, apreldəki döyüşlərə səbəb olan məsələlər yerində sayır. Bu, o deməkdir ki, hərbi toqquşmaların baş verməsi ehtimalı yüksəkdir".
Erməni mediası da Sarkisyanın məsuliyətsizliyini etiraf edir
"Qraparak" qəzeti yazır ki, erməni prezident 25 milyon dollara inşa oluna "Renesans" restoranında keçmiş qubernator Vayos Dzorun qızının toyuna qatılıb: "Digər toy isə "Odjax" restoranında keçmiş polis rəisi Ayk Artünyanın qızının toyu olub. Sarkisyan hər iki toyda iştirak edib və şahidlər prezidentin yetərincə yeyib-içdiyini və şənləndiyini danışırlar. Ölkənin indiki vəziyyətində prezidentin "toy bumu" yaşaması narahatedici məqamdır".
Qəzet, həmçinin, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış siyasi situasiyaya toxunaraq, ərazilərin qaytarılması məsələsini qeyd edir və bunun fonunda Sarkisyanın toyda kef çəkməsini tənqid edir.
Göründüyü kimi, işğalçı ölkənin mətbuatı da Ermənistan prezidentinin məsuliyyətsiz olduğunu qeyd etməklə, bu problemin həllində maraqlı olmadığını yazır. Vurğulanır ki, Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həllini istəyir, amma Ermənistan rəhbərliyi bütün addımları ona yönəlib ki, danışıqlar baş tutmasın və ya baş tutacağı təqdirdə, irəliləyiş olmasın.
Beləliklə də, artıq erməni xalqı da anlayır ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur. Bir də onu da anlayır ki, Azərbaycanın güclü Lideri və sarsılmaz ordusu var. Çünki güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Ali Baş Komandan, ölkə Prezidentinin bildirdiyi kimi: "Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq".
R.HÜSEYNOVA