PDF Oxu

Siyasət

  • 9

Təranə Kərimova: "Müxalifət növbəti qış yuxusuna gedir"

Təranə Kərimova: "Müxalifət növbəti qış yuxusuna gedir"

"Liderlərin bu yuxudan ayıla bilməmək təhlükəsi də var"

"Hazırda ənənəvi müxalifətin növbəti dəfə qış yuxusuna getməsi prosesini izləməkdəyik. Havalar soyumağa başlayanda, onların dırnaqarası siyasətləri də donmağa başlayır. Bu hal artıq 23 ildir ki, davam edir". Bu fikirləri "SƏS"ə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qadınlar şurasının sədri Təranə Kərimova dağıdıcı müxalifətin fəaliyyətsizliyi barədə məsələni şərh verərkən deyib.

"Əslində, onların yoxluğu referendumdan sonra keçirilən "mitinqlərində" göstərdi"-deyə T.Kərimova qeyd edib ki, əslində, bu gözlənilən idi və burada təəccüblü bir hal yoxdur: "Sağlam düşüncəli ictimai rəy də göstərir ki, müxalifət yox səviyyəsindədir. Bu, o demək deyil ki, sədri və bir neçə müavini olan hər hansı bir siyasi qurum cəmiyyətdə ciddi partiya kimi qəbul edilsin. Çünki partiya adına iddia edən siyasi təşkilatın fəaliyyəti, proqramı, ictimai rəyə təsir imklanları olmalıdır. Ancaq biz bunu hazırkı müxalifətin fəaliyyətində görmürük. Xüsusilə, AXCP, Müsavat, Ümid, KXCP, ALP və bu kimi müxalifətçi qurumların hansı səviyyədə olmaları açıq-aşkar göz önündədir".

Təranə Kərimova onu da bildirib ki, Qərbin və s. xarici ermənipərəst dairələrin nökərləri rolunda çıxış edən partiyalar öz varlıqlarını qoruyub-saxlamaqdan ötrü öz ətraflarında yedək qurumlar təsis edirlər, amma bunun da heç bir məntiqi nəticəsi yoxdur: "Məsələn, "Milli Şura" bu sıradandır. Gah Qərbyönlü, gah da radikal dini qruplaşmalar adından çıxış edən "Milli Şura" bu addımı ilə öz cılızlığını sərgiləyib. Əslində, bu, Ə.Kərimli-C.Həsənli cütlüyünün vahid ideologiyasının olmamasından xəbər verən reallıqdır. Bu, sübut edir ki, "Milli Şura" və AXCP son anda öz xilasını radikal dindarlarda axtardı, amma xilas olması yerinə siyasi məhvə doğru sürükləndi".

YAP Səbail rayon təşkilatının qadınlar şurasının sədri xatırladıb ki, radikalların zaman-zaman mini aksiyalar keçirməsi sonda onların tükənmiş vəziyyətlərini daha açığa çıxarmış olur, insanlar bunu rahat şəkildə müşahidə edirlər. Ona görə də belə mitinqlər müvəqqəti xarakter daşıyır. Biz referendumdan öncə də, məhz bu kimi proqnozlarla çıxış edirdik. İndi bu proqnozlar özünü kifayət qədər doğruldub. Əks-düşərgədə hər şey sönüb gedir. Necə ki, həmişə seçkilərdən sonra müxalifət qış yuxusuna gedirdisə, indi də eyni şey təkrarlanır. Liderlər varlıqlarını isbatlamaq üçün ən yaxşı halda bir-birindən qisas almaqla, sosial şəbəkələrdə, mətbuatda bir-birlərini söyməklə, təhqir etməklə, alçaltmaqla məşğul olurlar. Amma bununla da özlərinin siyasi ölümlərinin fərmanlarını da verirlər. Hətta bu fərmanı xalq çoxdan verib. Dağıdıcı müxalifət başa düşməlidir ki, qış yuxusuna getdikdən sonra ayılmamaq təhlükəsi ilə də üzləşə bilərlər".

Rəfiqə KAMALQIZI

Digər xəbərlər