"Cinayət Məcəlləsinə ediləcək dəyişiklik Azərbaycandan xarici ölkələrə gedib orada din adı altında ayr-ayrı qruplaşmalarda fəaliyyət göstərməyin qarşısını alacaq". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov Parlamentin bu günkü iclasında çıxışı zamanı deyib.Millət vəkili bildirib ki, ediləcək dəyişiklik həm də dövlətimizin konstitusion quruluşunun dəyişdirilməsinin qarşısının alınmasına xidmət edəcək.S.Novruzov qeyd edib ki, müstəqillik dövründən bu günə qədər ölkəmizdə 3 min nəfər xaricdə dini təhsil alıb: "Azərbaycanda 2166 məscid fəaliyyət göstərir ki, onun 1600-ü daimi fəaliyyət göstərəndir. Xaricdə dini təhsil alıb ölkəmizə gələnlərdən 200 nəfəri həmin məscidlərdə bu və ya digər funksiyaları yerinə yetirirlər. Bu gün Azəraycan Bakı Dövlət və İslam universitetlərində dini mütəxəssislər yetişdirilir. Bu proses davamlı şəkildə aparılacaq". Komitə sədri vurğulayıb ki, "Dini etiqad azadlığı haqqında" qanuna əsasən dini ekstrimizimlə məşğul olan dini qurumların fəaliyəti dayandırılıb ləğv ediləcək: "Bundan başqa bizim gündəliyimizdə informasiya almaq məsələləri də yer alıb. Belə ki, biz bu gün "Televiziya və Radio yayımı haqqında" və "İctimai Televiziya və Radio yayımı haqqında" qanunlara dəyişiklikləri müzakirə edəcəyik ki, orada dini informasiyaların hansı miqdarda, hansı hallarda və hansı formada getməsi ilə bağlı məsələlər öz əksini tapıb".
sia.az