Dünən 132-134 saylı Təhsil Kompleksinin akt zalında "Səbailli gənclər "Ağ ölümə" yox deyir!" mövzusunda tədbir keçirilib.
Tədbiri 132-134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova açaraq qonaqları və tədbir iştrakçılarını salamladı, tədbirin məqsədi barədə məlumat verdi.
Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Səbail rayon komissiyasının sədri Eldar Ağayev rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verib və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Səbail rayon polis idarəsinin rəisi, polis polkovniki Əli İbrahimov çıxış edərək müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə məlumat verib.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsi Eldar Sadıqov, Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev, Respublika Narkoloji Dispanserinin həkimi Afət Məmmədova, Səbail rayon Polis İdarəsi narkotiklərlə mübarizə bölməsinin əməkdaşı, polis leytenantı Bəhrəm Qasımzadə, İçərişəhər "Cümə məscidi" dini icmasının nümayəndəsi Hacı Elşən Əlizadə və digər çıxış edənlər narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamısının zəruriliyini vurğulayıblar.
Tədbirdə narkomaniyanın fəsadları ilə bağlı film nümayiş etdirilib.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilərək onları maraqlandıran suallar cavablandırılıb, həmçinin, iştirakçılara narkomaniyanın fəsadlarını göstərən bukletlər paylanılıb.
R.HÜSEYNOVA