PDF Oxu

Siyasət

  • 25

Milli Məclisin növbəti plenar iclası keçirilib

Milli Məclisin növbəti plenar iclası keçirilib

Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyində 25 məsələ müzakirə olunub. Spiker Oqtay Əsədov gündəliyi təqdim edərək bildirib ki, 2 məsələ gündəliyindən çıxarılaraq növbəti iclasa keçirilib: "Bu, Cinayət və İnzibati Xətalar məcəllələrinə olan dəyişikliklərdir. Bugünkü iclasın gündəliyində 25 məsələ var".

Milli Məclis beynəlxalq sənədləri ratifikasiya edib

İclasda "Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının 21-ci tərəflər konfransı zamanı qəbul edilmiş "Paris Sazişi"nin təsdiq edilməsi haqqında" qanun layihəsi haqqında məlumat verən Milli Məclisin vitse-spikeri Valeh Əsgərov bildirib ki, layihə ölkə başçısının məktubu ilə Milli Məclisə daxil edilib. Onun sözlərinə görə, "Paris sazişi" adlanan sənəd Azəraycan hökuməti tərəfindən imzalanan müvafiq qaydalar əsasında Milli Məclisdə ratifikasiya edilməlidir: "Saziş 1992-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının davamı olaraq qəbul edilib. Bu sənədə qoşulan tərəflər üzərilərinə müəyyən öndəliklər götürürlər ki, bura iqlim dəyişməsinə təsir edən tullantıların azalması daxildir. O cümlədən, Azərbaycan tərəfi də müvafiq göstəriciləri qəbul edib və bu istiqamətdə müəyyən işlər görməyi öz üzərinə götürüb".

Deputatlar iclas zamanı "Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında bitki mühafizəsi və bitki karantini haqqında əməkdaşlıq sazişinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası prezidentlərinin bəyannaməsinin təsdiq edilməsi haqqında" sənəd layihələrini müzakirə ediblər.

Sadalanan qanun layihələri səsə qoyularaq qəbul edilib.

MM ekstremizmlə məşğul olan dini qurumun ləğvi barədə dəyişiklikləri qəbul edib

İclasda "Dini etiqad azadlığı haqqında" qanuna, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə barədə Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib. Ə.Hüseynli bildirib ki, sənədə əsasən, dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən, dini ayin və mərasimləri yerinə yetirməyə, dini ayin və mərasimlərdə iştirak etməyə, dini təhsil almağa məcbur edən şəxslərin 7000 manatdan 9000 manata qədər cərimələnməsi, 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.

Siyavuş Novruzov: "Ediləcək dəyişiklik həm də dövlətimizin konstitusion quruluşunun dəyişdirilməsinin qarşısının alınmasına xidmət edəcək"

"Cinayət Məcəlləsinə ediləcək dəyişiklik Azərbaycandan xarici ölkələrə gedib orada din adı altında ayr-ayrı qruplaşmalarda fəaliyyət göstərməyin qarşısını alacaq". Bunu YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, ediləcək dəyişiklik həm də dövlətimizin konstitusion quruluşunun dəyişdirilməsinin qarşısının alınmasına xidmət edəcək.

S.Novruzov qeyd edib ki, müstəqillik dövründən bu günə qədər ölkəmizdə 3 min nəfər xaricdə dini təhsil alıb: "Azərbaycanda 2166 məscid fəaliyyət göstərir ki, onun 1600-ü daimi fəaliyyət göstərəndir. Xaricdə dini təhsil alıb ölkəmizə gələnlərdən 200 nəfəri həmin məscidlərdə bu və ya digər funksiyaları yerinə yetirirlər. Bu gün Azəraycan, Bakı Dövlət və İslam universitetlərində dini mütəxəssislər yetişdirilir. Bu proses davamlı şəkildə aparılacaq".

Komitə sədri vurğulayıb ki, "Dini etiqad azadlığı haqqında" qanuna əsasən, dini ekstrimizimlə məşğul olan dini qurumların fəaliyəti dayandırılıb ləğv ediləcək: "Bundan başqa bizim gündəliyimizdə informasiya almaq məsələləri də yer alıb. Belə ki, biz bu gün "Televiziya və Radio yayımı haqqında" və "İctimai Televiziya və Radio yayımı haqqında" qanunlara dəyişiklikləri müzakirə edəcəyik ki, orada dini informasiyaların hansı miqdarda, hansı hallarda və hansı formada getməsi ilə bağlı məsələlər öz əksini tapıb".

Layihələr müzakirələrdən sonra ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

Dini zəmində cinayət törədənlərə ömürlük həbs

Azərbaycanda dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə etiqad etməyə məcbur edən şəxslər 5 ilədək müddətə həbs edilə biləcək. SİA-nın xəbərinə görə, Cinayət Məcəlləsinə yeni 167-1.4 bəndinin əlavə edilməsi təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Layihə haqqında məlumat verən Hüquq siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənədə əsasən, dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən, dini ayin və mərasimləri yerinə yetirməyə, dini ayin və mərasimlərdə iştirak etməyə, dini təhsil almağa məcbur edən şəxslərin 7000 manatdan 9000 manata qədər cərimələnməsi, 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.

Məcəllənin 214-cü (terrorçuluq) maddəsindəki dəyişikliyə əsasən, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəmnində törədilən əməllərə görə 14 ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.

Cinayət Məcəlləsinin 279-cu maddəsində edilən dəyişikliyə görə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəmnində silahlı birləşmələr və ya qruplar yaratma , həmin birləşmə və ya qruplarda iştirak etməyə görə altı ildən on ilədək müddətə azadlıqdan məhrumetmə tətbiq olunacaq.

Bundan başqa, məcəllənin 283-cü maddəsində də dəyişiklik edilib.

Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.

Dini ekstremizm əleyhinə əməliyyat aparan orqana əlavə səlahiyyətlər verildi

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında "Dini etiqad azadlığı haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Qaz təchizatı haqqında", "Elektroenergetika haqqında", "Su təchizatı haqqında", Telekommunikasiya haqqında" "Yol hərəkəti haqqında", "Avtomobil yolları haqqında" qanunlarına dəyişiklik layihələri müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, "Dini etiqad azadlığı haqqında" qanununda dəyişiklik layihəsinə əsasən, dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir.

Bundan başqa, dini ekstremist fəaliyyətlə məşğul olma dini qurumun ləğv edilməsinə səbəb olacaq.

"Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik layihəsində isə dini ekstremizm əleyhinə aparılan əməliyyat barədə məlumatların əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilməsi nəzərdə tutulur.

"Qaz təchizatı haqqında", "Elektroenergetika haqqında", "Su təchizatı haqqında", Telekommunikasiya haqqında" qanunlarında dəyişiklik layihəsinə görə, dini ekstremizim əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında məhkəmə qərarı ilə qazın, işığın, suyun verilməsi dayandırıla və rabitə xidmətləri məhdudlaşdırıla bilər.

Bundan əlavə, "Yol hərəkəti haqqında" qanunun 12-ci maddəsinə əlavələr edilməsi təklifi də müzakirəyə çıxarılıb.

Bu qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə, yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.

Dəyişiklik layihəsinə əsasən, ölkədə hansı ərazidə dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparılırsa, orada əməliyyatı aparanlara yol hərəkətini müvəqqəti məhdudlaşdırılmaq və ya qadağan etmək səlahiyyəti verilir.

Dəyişiklik layihələri səsverməyə qoyularaq qəbul edilib.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər