PDF Oxu

Siyasət

  • 33

Davamlı inkişaf yolu ilə dinamik tərəqqiyyə doğru

Davamlı inkişaf yolu ilə dinamik tərəqqiyyə doğru

İlham Əliyev: "Dünya iqtisadiyyatında böhranlı vəziyyətin yaşandığı bir zamanda ölkəmiz öz yolu ilə gedir, öz siyasətini aparır"

Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü arxada qoyan Azərbaycan Respublikasında sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək əzmkarlıqla və yaradıcılıqla həyata keçirilən inkişaf strategiyası bütün sahələrdə səmərəli nəticələrini göstərir.

Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun, zamanın nəbzini tutmaqla həyata keçirdiyi düşünülmüş, sürətli və davamlı inkişaf strategiyasının nəticəsi olaraq, Azərbaycan artıq iqtisadi sahədə keçid dövrünü başa vurub. Bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək, islahatçı ölkə kimi tanınır. Ölkəmizdə neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunub, ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır.

Paytaxtın və regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün görülən kompleks tədbirlər ölkəmizin uğurlarını şərtləndirdi. Nəticədə, həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mühüm uğurlar əldə edildi. Əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər də regionların iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynadı.

Ötən ildə olduğu kimi, bu il də ölkədə dövlət investisiya siyasətinin əsas istiqamətini investisiya axınının qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsinin stimullaşdırılması, regionlar arasında investisiyaların bölüşdürülməsinin optimallaşdırılması, ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin gücləndirilməsi, insan kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyi təşkil etmişdir.

Güclü və dayanıqlı iqtisadiyyat

Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası cari ilin dünya iqtisadiyyatı üçün çox ağır il olsa da, Azərbaycan bu çətinlikdən uğurla çıxıb: "Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var".

İndiki mürəkkəb beynəlxalq mənzərə fonunda Azərbaycan uğurla inkişaf edir. Son illərdə neftin qiymətinin kəskin şəkildə düşməsi nəticəsində ölkəmizdə dövlət investisiyaları azaldı, tikinti sektoruna az sərmayə qoyuldu və bu, müəyyən qədər iqtisadi çətinliyə gətirib çıxardı. Lakin bu mürəkkəb ilin 9 ayında ölkəmizdə sənaye istehsalı, az da olsa - 0,2 faiz artıb. Prioritet sahə olan qeyri-neft sektoru daha sürətlə - 3,6 faiz artımla inkişaf edib. Kənd təsərrüfatı istehsalı isə 2,4 faiz yüksəlib və yaxın gələcəkdə burada artım daha da sürətlənəcəkdir. Çünki kənd təsərrüfatı sahəsində aparılan işlər yaxın perspektivdə daha böyük nəticə verəcəkdir. Dövlət başçısı nitqində əhalinin həyat tərzinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərə də toxunub: "Sosial layihələr icra edilib. İyirmi doqquz məktəb tikilib, 485 məktəbdə təmir işləri aparılıb, 33 səhiyyə obyekti inşa olunub, təmir edilib. Böyük yol layihələri, kənd yolları layihələri icra edilib. Bir neçə şəhərimizdə içməli su layihələri başa çatıb. İnfrastruktur layihələri icra edilir, 154 min iş yeri yaradılıbdır, onlardan 121 mini daimi iş yeridir. Doqquz ayda 36 min iş yeri bağlanıbdır. Əlbəttə, biz bağlanan iş yerləri ilə əlaqədar daim təhlil aparırıq - 121 min daimi iş yeri yaradılıb, 36 min iş yeri bağlanıb. Bu, çox gözəl göstəricidir. Hesab edirəm ki, böhranlı il üçün bu, xüsusi bir göstəricidir".

Dövlət başçısı çıxışında maraqlı bir məqama da toxunub. Qeyd edib ki, bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var: "Bəzi insanlar bu gün də belə deməkdə davam edirlər ki, biz harasa inteqrasiya etməliyik. Bəlkə özləri də dərk etmirlər ki, bu, nə deməkdir. Biz hara lazımdırsa, artıq ora inteqrasiya etmişik. Bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanıbdır".

Göründüyü kimi, yaradılmış möhkəm təməl, düşünülmüş güclü iqtisadi siyasət nəticəsində növbəti illərin, o cümlədən, 2017-ci ilin də Azərbaycan üçün uğurlu olacağı və əvvəlki dövrdə qazanılan nailiyyətlərin davamlı olacağı şübhəsizdir. Çünki inkişafın davamlı və yüksələn xətli olmasını təmin etmək üçün Azərbaycanda bütün imkanlar, ən əsası isə möhkəm siyasi iradə var.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər