"Hər hansı bir xarici ölkəyə getmək xeyli maliyyə vəsaiti tələb edir. Avropaya, Amerikaya gedib-gəlmək daha da baha başa gəlir. Hər şeydən əvvəl, sual yaranır ki, bu şəxslər tez-tez hansı maliyyə vəsaiti ilə xaricə gedib-gəlirlər? Üz tutduqları həmin xarici ölkələrdə ən bahalı otellərdə qalaraq, xeyli müddət oralarda gəzirlər. Söz yox ki, müxalifət təmsilçilərini himayə edən qüvvələr onları xarici ölkələrə dəvət edirlər. İş birliyi və əməkdaşlıq münasibətlərinin planları xaricdə qurulur. Müxalifətin fəaliyyət göstərməsi üçün xarici qüvvələr onlara maliyyə yardımları ayırır". Bu fikirləri SİA-ya açıqlamasında "Yurddaş" partiyasının sədri Mais Səfərli bildirib.A.Hacılı və C.Həsənlinin xaricə məqsədyönlü səfərlərinin pərdəarxası məqamlarını şərh edən M.Səfərli qeyd edib ki, bu səfərlərin arxasında Azərbaycan əleyhinə xaicdə məkrli planlar qurmaq niyyəti dayanır: "Xarici maddi və mənəvi dəstəyə baxmayaraq, dağıdıcı müxalifət hələ də yerində sayır. Amma bəzi xarici qüvvələr müxalifətə maliyyə yardımları etsə belə, müxalifət təmsilçiləri yenə də irəliyə doğru heç bir addım ata bilməyəcək. Çünki birmənalı olaraq, cəmiyyət tərəfindən bu müxalifət qəbul olunmur. Siyasi partiyaların xaricdəki qurumlar tərəfindən maliyyələşdirilməsi qanunvericiliyin tələbinə görə cinayətdir. Belə partiya sədrləri həbs oluna bilər. Bununla belə, müxalifət hansısa xarici qüvvələrdən maddi və mənəvi dəstək almaqla, özünə nüfuz qazandıra bilməyəcək. Birmənalı olaraq, müxalifətin bu cür hərəkətlərə əl atması yaxşı hal deyil. Demək olar ki, onlar belə hərəkətləri ilə xalqın gözündən daha da düşür və xarici qüvvələrin əlində bir alətə çevrilirlər. Müxalifət təmsilçiləri vaxtaşırı müəyyən məsələlər tapırlar ki, gündəmdə bir müddət qala bilsinlər. Bununla da diqqəti özlərinə cəlb etmək istəyirlər. Amma müxalifət təmsilçiləri bilməlidirlər ki, onlar bu cür yersiz hərəkətləri ilə özlərini daha da gözdən salırlar. Ümumiyyətlə, müxalifət partiya sədrləri çox gözəl başa düşürlər ki, bu gün onların hakimiyyətə gəlmək şansları yoxdur. Bunu bilə-bilə müxalifətin yenə də öz hərəkətlərindən əl çəkmək niyyəti yoxdur. Yəni müxalifət təmsilçiləri reallığı özündə əks etdirməyən xəyallar qururlar".
sia.az