PDF Oxu

Siyasət

  • 13

Ermənistanı ticarət mərkəzlərinin direktorları idarə edir

Ermənistanı ticarət mərkəzlərinin direktorları idarə edir

ERMƏNİ EKSPERT

Arnak Xaçatryan: "Mən deyirdim ki, Azərbaycanın regiondakı mövqeyi o qədər dəyişəcək ki, Rusiya bu ölkə ilə hesablaşmağa məcbur olacaq"

Dünya çox tez dəyişir və bir il öncə mövcud olmuş münasibətlər artıq bu gün öz mövcudluğunu itirib. SİA xəbər verir ki, tanınmış hüquq müdafiəçisi və siyasi ekspert Arnak Xaçatryan Ermənistanın hazırkı vəziyyətini və regiondakı nüfuzunun itirilməsi reallığını ölkəsinin birinci informasiya kanalına (1.in.am) müsahibəsində deyib.

Dördgünlük aprel müharibəsindən sonra Rusiya-Ermənistan münasibətlərinin baş vermiş dəyişikliklərə nəzər salan erməni ekspert, eyni zamanda, Türkiyə-Rusiya münasibətlərinə də toxunub və deyib ki, bu ölkələr əvvəl-axır barışmalı idi və onun özü bu barədə daha öncədən demişdi: "Türkiyənin NATO üzvü olmasını xatırlasaq, onun Rusiya üçün çox önəmli ölkəyə çevrildiyini deyə bilərik. Bənzər bəyanatlarla Lavrov və Zaxarova da çıxış ediblər, məhz bu konteksti ortaya qoyublar".

"Qarabağ məsələsində Rusiyanın Ermənistana sərf etməyən güzəştli addımları olacaq"

"Sadəcə, yazıqlar olsun ki, zaman ötdükcə Ermənistan regiondakı mövqelərini itirir və hadisələrə nəzarət edə bilmir" - deyə qeyd edən A.Xaçatryan bildirib ki, əgər sual olunsa ki, necə hesab edirsiniz, Rusiya üçün Qarabağ məsələsində ermənipərəst mövqe sərgiləmək sərfəlidir, yoxsa Türkiyə ilə yaxınlaşma? Əlbəttə ki, Qarabağ məsələsində Rusiyanın Ermənistana sərf etməyən güzəştli addımları olacaq.

Jurnalistin Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya mətbuatına verdiyi müsahibəsi ətrafında "Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşula bilərmi və Moskva buna görə nələrdən keçməlidir?" sualını cavablandıran erməni hüquq müdafiəçisi və eksperti deyib ki, istər İlham Əliyev, istərsə də azərbaycanlı dövlət məmurları periodik olaraq bu barədə fikir bildirirlər: "Mən isə həmişə deyirdim ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olması ona elə də sərf etmir, lakin zaman çatacaq və bu ölkə ittifaqa üzv olmaq üçün öz şərtlərini irəli sürəcək. Mən deyirdim ki, Azərbaycanın regiondakı mövqesi o qədər dəyişəcək ki, Rusiya bu ölkə ilə hesablaşmağa məcbur olacaq. İndi Rusiyanın bunun üçün hansı güzəştlərə getməsi barədə danışmaq çətindir, ancaq Azərbaycanın adıçəkilən ittifaqa üzv olmasının Rusiyaya sərf etməsi faktdır".

"Ermənistanın nə qədər öz əhəmiyyətini itirməsini anlamalıyıq"

Arnak Xaçatryan deyib ki, Azərbaycan Prezidentinin Kiselyovla söhbəti artıq bir çox məqamlardan xəbər verir. Belə ki, Kiselyov faktiki Rusiyanın mərkəzi xəbərlərinin rəhbəridir və Rusiyanın rəsmi təbliğat rəhbəri Prezident İlham Əliyevdən müsahibə alır: "Bu elə bir vəziyyətdir, hansı ki, 10 il öncə təsəvvürümüzə gətirə bilməzdik və hazırda Ermənistanın nə qədər öz əhəmiyyətini itirməsini anlamalıyıq. Artıq qonşu ölkə (Azərbaycan-red.) o qədər güclənib ki, onunla hesablaşırlar, amma bizimlə yox".

Erməni hüquq müdafiəçisi qeyd edib ki, Ermənistanda hakimiyyət sözünün mənası şişirdilib. Belə ki, hakimiyyət nümayəndələrini hansı ifadə ilə xarakterizə etmək mümkün deyil.

"Əgər Ermənistan özünü qalib ölkə hesab edirdisə, ötən illər ərzində Qarabağ məsələsini öz xeyrinə həll edə bilərdi"-deyə xatırladan Arnak Xaçatryan deyib ki, bunun yerinə talamadan, ailələrin dağılmasından, dövlət institutlarının məhv olmasından başqa heç nə baş verməyib: "Bu gün həmin insanlar ki, Ermənistana lazımdırlar, artıq öz yerlərində deyillər. Ölkəni isə ticarət mərkəzlərinin direktorları idarə edir".

"Ermənistanın siyasi arenası, bütövlükdə bir nəfərin əlindədirsə, hansı dəyişikliklərdən danışmaq olar?"

Erməni eksperti Serj Sarkisyanın "islahatlar" apararaq, yeni hökumət qurması məsələsinə də toxunaraq deyib ki, o, prosesin uğurla başa çatmasına inanmır: "Bugünkü günə qədər ölkənin talanması səbəbləri açılmayıb və bir neçə nəfəri istefaya göndərib, onları yeniləri ilə əvəzləməklə, dövlət qurmaq olmaz. Strateji səhvlərə görə cavabdehlik daşıyanlar məsuliyyətə cəlb olunmurlar. Ermənistanı 1 milyondan çox insan tərk edib, halbuki xaricə çıxarılan pullar büdcəni doldura, iş yerlərinin açılmasına səbəb olardı. Hazırda nəyisə dəyişmək hər hansı məsələlərin həll olunmasına kömək etmir. Hələ də Ermənistanda hakimiyyətin saxlanılması üçün məqsəd gücləndirilib və iqtidardakı adamlar işə yalnız öz adamlarını götürürlər, özlərinin adamları olmayanlar isə kənarda qalırlar. Bütün bunların olduğu bir vəziyyətdə hansı müsbət dəyişikliklərdən danışmaq olar? Hökumət başçısını dəyişməklə ölkənin dəyişilməsi barədə danışmaq çətindir. Bu gün Ermənistanın siyasi arenası, bütövlükdə bir nəfərin əlindədirsə, hansı dəyişikliklərdən danışmaq olar?"

Jurnalistin "Hesab edirsinizmi ki, Ermənistanın siyasi arenasındakı müxalifət də prezidentin əlindədir?" sualını da cavablandıran Arnak Xaçatryan bildirib ki, Ermənistanda, ümumiyyətlə, müxalifət deyilən faktor qalmayıb. Belə ki, xalq nəyisə dəyişmək üçün başını qaldırdığı zaman, dərhal birinci prezident oyunu (Levon Ter-Petrosyan nəzərdə tutulur-red.) baş tutdu. İnsanlar başlarını qaldırdılar, onlar bunun müqabilində sındırıldılar, ağır zərbəyə məruz qoyuldular.

Bu, dövlətin xalqına qarşı apardığı genosid siyasətinin nəticəsidir

Ekspert iyul hadisələrindən sonra yenidən xalqın ayağa qalxmasını, hətta silahlı müqavimət göstərəcəyini də istisna etməyib. "Xalqın silahlı, ya da başqa tərzdə mübarizə aparacağını deyə bilmərəm, ancaq partlayış olacaq"-deyə vurğulayan Arnak Xaçatryan bildirib ki, hakimiyyət öz rıçaqlarını iqtidarda saxlamaqdan ötrü hər addıma getməyə hazırdır: "Bu zaman xalqa nə qalır? Yəni hadisələr necə baş verəcəksə, hansı nəticələrə çıxaracaqsa, hələ ki, sual altında qalmaqdadır".

Hüquq müdafiəçisi son olaraq ölkəsində baş verənləri qondarma erməni soyqırımı ilə müqayisə edib və deyib ki, insanlar Ermənistanda öz həyatı uğrunda bir neçə qəpik qazanmaq üçün mübarizə apara bilmir və məcbur olub gedir: "Bu - 1915-ci ildəkindən fərqli olaraq, daha betər genosiddir. Həmin vaxtlardan fərqli olaraq, insanlar talançılıqdan qaçırlar. Əgər ailələr anlayanda ki, dövlət onların düşməninə çevrilib, bu, onlara çox baha başa oturur".

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər