Cümşüd Nuriyev: "Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikiüzlülük edirlər"
Son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarbağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətsizliyi müşahidə olunur. Rusiyalı politoloq Sergey Markov bunu Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar masasına oturmaqdan imtina etməsi ilə əlaqələndirib. Politoloq Cümşüd Nuriyev isə SİA-ya açıqlamasında rusiyalı politoloq Sergey Markovun yanaşmalarının bir o qədər də ciddi olmadığını bildirdi: "Bir neçə ay öncə də Markov Azərbaycanın beş rayonunu ermənilərdən almışdı. S.Markovun növbəti dəfə belə iddia ilə çıxış etməsi işğalçı Ermənistana bir mesajdır ki, hələ ki, sizinlə masa arxasında oturmağın vaxtı deyil. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Yəni Azərbaycan dövlətinin öz marağı, mövqeyi, şərtləri var. Biz şərtlərimiz daxilində hər cür sülh danışığına getməyə hazırıq. Demək olar ki, bu gün Ermənistan bir dövlət kimi iflas mərhələsindədir. Bəzi Ermənistanı himayə edən xarici dövlətlər çalışlar ki, işğalçı ölkəni iflas olmaqdan xilas etsinlər".Politoloqun sözlərinə görə, işğalçı Ermənisatana göstərilən dəstəyin əsas xəttini-informasiya dəstəyi nümayiş etdirir: "Hazırda Rusiyanın mövqeyində Ermənistanın önə keçməsi bir informasiya müharibəsinin işartılarıdır. Azərbaycan onların siyasətini yaxşı başa düşür və Azərbaycanın üzərinə qoymaq istədikləri siyasətlə razılaşmır. Ona görə də, rusiyalı politoloq bu cür iddia ilə çıxış edir. Sergey Markov bəyəm Serj Sarkisyandı? Kimdi ki? Yəni adi bir politoloq bu cür böyük-böyük danışmamalıdır. Bir sözlə, rusiyalı politoloq S.Markovun dövlətin adından danışmağa heç bir ixtiyarı yoxdur". "Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsinə, cəbhədə atəşkəsi tez-tez pozmasına həmsədrlərin münasibət bildirməməsi nədən irəli gəlir" sualına cavab olaraq, politoloq bildirdi ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikiüzlülük edirlər desək, daha yaxşı olar. Çünki Bakıda bir cür danışan həmsədrlər Yerevana gedir, ayrı cür danışırlar. Demək olar ki, ATƏT-in Minsk Qrupu həmsədrləri özlərinə olan hörməti də itiriblər. Birmənalı şəkildə, Azərbaycan xalqının nəinki həmsədrlərə, hətta onların təmsil etdikləri dövlətlərə də inamı yoxdur. Çünki 23 ildir ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı həmsədrlər yalan bəyanatlar verərək, yalan danışırlar. Bu baxımdan da, belə gedişlə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərindən nə isə gözləmək olmaz. Onlar nə vaxt ki, Ermənistanı işğalçı dövlət kimi tanıyacaqlar və Ermənistana qarşı sanksiyalar tətbiq edərək problemin həllini gündəmə gətirərlər, o zaman biz də onların səmimiyyətinə inanarıq".
sia.az