Tədbirdə Dövlət Proqramından irəli gələn vəzifələr, görülən işlər və aparılan monitorinqlərin nəticələri müzakirə olunub
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və İsmayıllı rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda "Regionlarda dil situasiyası: İsmayıllı" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələr, görülən işlər və aparılan monitorinqlərin nəticələri müzakirə olunub.
Tədbirdə İsmayıllı rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxış edərək mövzunun aktuallığını qeyd edərək, bununla bağlı İsmayıllı rayonunda görülən işlər barədə məlumat verib.
Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva "Dövlət Proqramının icra mexanizminin başlıca istiqamətləri", şöbənin aparıcı elmi işçiləri Şahlar Məmmədov "Mətbuatda dil problemləri", Nəzakət Qaziyeva "Qloballaşma dövründə dövlətin dil siyasəti", Rasim Heydərov "Reklamların dil mənzərəsi" mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə Dövlət Proqramında qarşıya qoyulan vəzifələr, dilimizin qorunması və inkişafı istiqamətində Prezident İlham Əliyevin tapşırığına əsasən, görülən işlər və mövcud problemlərdən söz açılıb. Bu gün dil normalarının pozulmasının qarşısının alınması, idarəçilikdə və kargüzarlıqda ədəbi dilin düzgün tətbiq edilməsi, əhali arasında nitq mədəniyyətinin yüksəldilməsi və sair kimi məsələlərin gündəmdə durduğunu bildirilib.
Dəyirmi masada ədəbi normalara əməl olunmasının zəruriliyi qeyd edilib, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, Azərbaycan dilinin tədrisinin və tətbiqinin genişləndirilməsi, dilimizin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və kütləvi informasiya vasitələrində təbliğinin vacibliyi vurğulanıb.
ZÜMRÜD