PDF Oxu

Siyasət

  • 25

Bakıda IV Beynəlxalq Teatr Konfransı öz işinə başladı

Bakıda IV Beynəlxalq Teatr Konfransı öz işinə başladı

Dünən Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Dövlət Musiqili Teatrında "Multikulturalizm və teatr" mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı öz işinə başladı.

Tədbir iştirakçıları ilk olaraq teatrın foyesində ötən beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi və Milli Kitabxana tərəfindən təşkil edilən kitab sərgisi ilə tanış oldular. Təntənəli açılış mərasimi incəsənət ustalarının təqdim etdikləri teatr tamaşalarından səhnələr, musiqi nömrələri, Azərbaycan teatrının mənzərəsini əks etdirən mini-tamaşa ilə başladı. Səhnədə quraşdırılan monitorda Azərbaycan teatrının şanlı keçmişini əks etdirən videomaterial nümayiş olunurdu.

Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla çıxış edərək Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciəti diqqətə çatdırdı: "Multikulturalizm və teatr" mövzusunda keçirilən konfransa toplaşmış görkəmli teatr peşəkarları tədbir çərçivəsində qarşıya qoyulan bir çox məsələlərin həllinə nail olacaqlar. Dostluq, qardaşlıq nümunəsi olan multikulturalizm ideyalarının teatr kimi möhtəşəm mədəniyyət abidəsinin köməyi ilə dünyaya yayılmasına şərait yaradılacaq.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatrının keçdiyi tarixi inkişaf yolundan söz açdı: "Beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi ölkəmizdə artıq bir ənənəyə çevrilib. Beynəlxalq teatr konfransının əsas məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş teatr peşəkarları tərəfindən müasir teatrların imkanlarının və qarşılıqlı əlaqələrinin müzakirə edilməsi, yeniləşən dünyada teatr üçün platforma yaratmaqdır. Müxtəlif ölkələrdən teatr xadimlərinin yenidən bir araya gəlməsi və belə bir tədbirin Bakıda keçirilməsi bizdə qürur hissi doğurur. Müasir teatr problemlərinin araşdırılması təqdirəlayiq haldır. Bu gün Azərbaycan həm də tolerantlıq və multikultural ənənələri ilə tanınan ölkədir.

Nazir qeyd etdi ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin "Lənkəran xanının vəziri" və "Hacı Qara" komediyalarının səhnələşdirilməsi ilə təkcə ölkəmizdə deyil, eləcə də bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməli qoyulub. Bu zaman kəsiyi ərzində Azərbaycan teatrının siması və statusu dəyişib, bədii axtarışları, yaradıcılıq yönümü kamilləşib.

Ə.Qarayev Azərbaycan dövlətinin teatr sənətinə xüsusi qayğı və diqqət göstərdiyini vurğuladı: "Bunun nəticəsində Azərbaycanın teatr mühitində yeni təsisatlar meydana gəlir, fərqli janr istiqamətinə malik olan səhnə ocaqları yaradılır. Hazırda ölkəmizdə 26 dövlət teatrı fəaliyyət göstərir. Bundan əlavə, yeni yaradılan "Üns" yaradıcılıq səhnəsi, "Bələdiyyə", "Yuğ" və digər özəl və xalq teatrları fəaliyyətdədir. Azərbaycanda həmçinin rus, ləzgi, gürcü dram teatrları da mövcuddur. Teatra dəstək məqsədilə dövlət başçısı tərəfindən müxtəlif sərəncamlar imzalanır, dövlət proqramları həyata keçirilir".

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun vitse-prezidenti, şahzadə Zolani Mkiva, Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının prezidenti Cin Qrehem Cons (ABŞ) və Beynəlxalq Teatr İnstitutunun ərəb ölkələri üzrə təmsilçisi İbrahim Assari (Səudiyyə Ərəbistanı) konfransa ev sahibliyi edən Azərbaycana minnətdarlıqlarını bildirdilər, tədbirin işinə uğurlar arzuladılar.

Konfrans işini bölmə iclasları ilə davam etdirdi.

ZÜMRÜD

Digər xəbərlər