"İnsan üçün harada xoşdursa, orada da yaşayır. Harada o, daha yaxşı yaşayırsa, bunu da edir. Harada ailəsi üçün daha yaxşı şərait əldə edirsə, orada yaşayır. Bunların hamısı ilə gərək heç vaxt öz milli kökünü, torpağını, vətənini, öz dilini unutmasın. Öz dilini yaddan çıxarmasın, öz milli-mənəvi ənənələrini unutmasın"
Ümummilli Lider Heydər Əliyev
Mürəkkəb sosial proses olan miqrasiya bəşər tarixinin bütün mərhələlərində mövcud olmuşdur. Qloballaşmanın sürətli olduğu, sivil dünyamız üçün bu termin yeni deyil. Miqrant sözünün latın dilində mənası köçmək deməkdir və insanlar zaman-zaman bir ölkədən digər ölkəyə həmişəlik və ya uzun müddətli köç ediblər. Dünyada gedən proseslərə, tarixi reallıqlara nəzər salsaq, görərik ki, Azərbaycanda baş verən ictimai-siyasi proseslərdə miqrasiya edən insanların sayı kifayət qədər olmuş və müasir dünyanın bütün ölkələrində soydaşlarımız məskunlaşmışdılar. Hətta bunların arasında dünya şöhrətli alimlər, sənətkarlar, iş adamları da vardır. Bütün bunlar tarixin bizə diktə etdiyi gerçəkliklərdir. Bir fakta - Pakistanda olan iki kəndə diqqəti çəkmək istərdim. Onlardan biri Ağdam, digəri isə Qarabağ kəndi adlanır. Orada yaşayan insanlar nə vaxtsa adları çəkilən yaşayış yerlərindən Pakistan dövlətinin ərazisinə köçmüş, orada yaşamağa başlamışlar və bu gün də orada yaşayırlar. Tarixdə dillərini, adət-ənənələrini qoruyub saxlamış, əməksevərlikləri ilə yerli sakinlərdən seçilirlər.
Bu gün miqrasiya prosesinin coğrafi məkanı daha da genişlənib. Belə ki, müasir dünyada baş verən müharibələr, dünyanı dəhşətə gətirən təbii fəlakətlər, yaranan işsizlik və digər səbəblər əhali arasında miqrasiya prosesinin daha da aktivləşməsinə səbəb olub. Ərəb ölkələrində - Suriyada, İraqda, Liviyada, Yəməndə, Əfqanstanda və başqa ölkələrdə baş verən müharibələr və onların yaratdığı fəsadlar, kütləvi şəkildə miqrasiya proseslərinin baş verməsinə səbəb olub. Bunların sayı o qədər çoxdur ki, Avropa ölkələrinin bu sayda insanı qəbul etmək belə imkanı yoxdur. Bu gün yeganə dövlət Türkiyədir ki, 3 milyondan çox miqrantları öz vətəndaşları kimi qəbul edirlər.
Ötən əsrin 80-ci illərinin sonlarında Ermənistanın apardığı deportasiya, soyqırımı və təcavüzkarlıq siyasəti nəticəsində minlərlə azərbaycanlılar məcburi miqrasiyaya məruz qaldılar. Təcavüzkar ermənilərin Azərbaycan torpaqlarının 20 %-nin işğalının nəticəsində bir milyon əhali qaçqın və köçkün olmuş, öz evlərini tərk edib, respublikanın bütün regionlarına yayılmışdılar.
Bu gün dünyada qaçqınların və məcbur köçkünlərin sayı 43 milyondan artıqdır. Əslində, sığınacağa ehtiyacı bir adam belə varsa, bu, artıq böyük problemdir. Hazırda dünyada 232 milyondan artıq insan miqrasiya edir. Ona görə də, "Miqrantlar" qlobal mövzudur və qlobal diqqət tələb edir. BMT ekspertlərinin hesablamalarına görə, dünyada hər 35 nəfərdən biri miqrantdır.
Azərbaycan Respublikasında aparılan uğurlu siyasi və iqtisadi islahatlar nəticəsində müşahidə olunan sürətli inkişaf əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün ölkəmizi cəlbedici bir regiona çevirib. Son illər ölkəmizə miqrasiya axınının artığı müşahidə olunur. Azərbaycan öz qapılarını onların üzünə açıb. Prezident İlham Əliyevin vurğuladığı kimi: "Qapılarımız xoş məramla gələn hər bir əcnəbi üçün açıqdır. İndi biz dünya iqtisadiyyatına inteqrasiya edirik. Azərbaycana xaricdən gələnlərin sayı artır. Azərbaycan vətəndaşları başqa ölkələrdə işləyirlər. Bu normal prosesdir. Əsas odur ki, bütün bu işlər qanun çərçivəsində tənzimlənsin və iqtisadi maraqlarımız tam şəkildə təmin olunsun".
Müasir dünyada miqrasiya proseslərinin tənzimləməsi, miqrantların, xüsusilə, əməkçi miqrantların hüquqlarının qorunması ən aktual problemlərdən biri olduğundan Azərbaycanda miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə ölkədə bir sıra zəruri normativ-hüqiqi aktlar qəbul edilib və təşkilatı tədbirləri həyata keçirilib. Bu gün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti fəaliyyəti dövründə bir sıra ölkələrin müvafiq qurumları üçün nümunə ola biləcək səviyyəyə çatıb. Dövlət Miqrasiya Xidməti miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması, monitorinqin təşkil edilməsi, vahid informasiya sisteminin yaradılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, əcnəbi, yaxud daimi yaşamaq üçün icazənin, müvəqqəti olma müddətlərinin uzadılması ilə bağlı qərarın verilməsi, vətəndaşlıq məsələləri, qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin, onların ölkə ərazisindən çıxarılması işinə də ciddi nəzarət edir.
Uğurla reallaşan maarifləndirmə xarakterli layihələr ölkəmizə qədəm qoyan hər bir əcnəbiyə vəzifəsini xatırlamaqla yanaşı, sözün əsl mənasında, həm də onların hüquqlarının müdafiəsi kimi qiymətləndirilir. Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya sahəsini əhatə edən yeniliklərlə bağlı ictimayyəti maarifləndirici və məlumatlandırılması məqsədi ilə mühüm lahiyyələr, görüşlər və tədbirlər həyata keçirilməsi məqsədəuyğundur. Dövlət Miqrasiya Xidməti tərəfindən Beynəlxalq Miqrasiya Gününə həsr olunan sərgi, film və tədbirlərinin təşkili ölkəmizdə miqrantların hüquq və azadlıqlarının qorunmasının hər zaman diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir.
Dövlət Miqrasiya Xidməti üzərinə düşən vəzifələri düzgün və vaxtında icra edərək, qeyri-qanuni miqrasiyaya qarşı effektiv tədbirlər həyata keçirir. Qanunsuz Miqrasiya halları dünyanın bütün ölkələrində mövcuddur. Ölkəmiz də bu prosesdən kənarda qalmayıb. Azərbaycan Respublikası Dövlət Miqrasiya xidməti qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə tədbirləri həyata keçirir. Bu il yanvar - avqust aylarında Daxili İşlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin müafik qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2622 nəfər gələn və 1205 nəfər ölkədən gedən qeydə alınıb miqrasiya saldosu müsbət 1417 nəfər təşkil edir.
Statistikaya nəzər salsaq, görərik ki, 2014-cü ildə sahibkarlıq subyektlərində 257 yoxlama aparılıb, 164-də inzibati pozuntu aşikarlanıb və qanunsuz əmək fəaliyyəti ilə məşqul olduqları üçün 2543 əcnəbinin ölkə ərazisindən kənara çıxarılması təşkil edilib.
Qanunsuz miqrasiyanın doğurduğu təhlükələr barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə müntəzəm olaraq maarifləndirmə xarakterli tədbirlər reallaşdırılır. Miqrasiya sahəsində dövlət siyasəti miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsində müstəsna rol oynayır.
Miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından Azərbaycan Respublikasının əsas tərəfdaşı kimi Beinəlxalq Miqrasiya təşkilatı çıxış edir. Azərbaycan bütün sahələrdə olduğu kimi, miqrasiya sahəsində də, mütərəqqi və qabaqcıl dünya təcrübəsindən istifadə edir.
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən 18 dekabr 1990-cı ildə bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının Müdafiəsi haqqında Konvensiya qəbul edilib və 2000-ci ildən 18 dekabr tarixi dünyada Beynəlxalq Miqrasiya Günü kimi qeyd olunur. Bu konvensiya Azərbaycan Respublikasının Milli Məclisinin 11 dekabr 1998-ci il tarixli qanunu ilə ratifinasiya olunub.
Ölkəmizdə gənclərin dövlət qulluğuna cəlb edilməsi müasir kadr siyasətinin əsas istiqamətlərində səmərəliyin artırılmasında və bütövlükdə, ictimai həyatın şəffaflaşmasında mühüm rol oynayır. Gənclərə diqqət və qayğı onların təhsilinin inkişafına yönələn addımlar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin də əsas tərkib hissələrindəndir. Miqrasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, miqrasiya proseslərinin idarə və kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, əməkdaşların profesional inkişafı, nəzəri və praktiki baxımdan bilik və bacarıqlarının artırılması, həmçinin, xidmətə yeni işə qəbul olunan işçilərin peşə hazırlığının təmin edilməsi məqsədilə təlim-tədris kurslarının təşkil edilməsi qənaətbəxş hesab edilir.
Avropa İttifaqının Avropa Qonşuluq Tərəfdaşlıq Aləti Proqramı çərçivəsində maliyyələşən "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin profesional inkişafına dəstək "Q" vininiq lahiyəsi 2013-2015- ci illəri əhatə edir. Lahiyə çərçivəsində miqrasiya qanunvericiliyi, qanunsuz miqrasiya qarşı mübarizə, Dövlət Miqrasiya Xidməti əməkdaşlarının professional inkişafı üçün təlim tədris metodlarının daha da yüksəlməsi və ictimaiyyətin Miqrasiya məsələləri barədə maarifləndirilməsi üzrə 4 istiqamətdə seminar və görüşlər keçirib.
On illik fəaliyyəti dövründə Mirasiya Xidməti bir çox uğurlara imza atıb. Ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı olaraq həyata keçirilən tədbirlər miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsinə, bu sahədə əngəllərin tamamilə aradan qaldırılmasına xidmət edir. Cənab İlham Əliyevin dediyi kimi:"Mirasiya Xidmətinin yaranması çox vaxtında atılmış addım idi və bu illər ərzində xidmət formalaşdı, gücləndi. Bu gün Azərbaycanın iqtisadi maraqlarının qorunması üçün miqrasiya xidmətinin çox mühüm rolu vardır".
Məmməd Əyyub Şamil oğlu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
tibbi elmi üzrə fəlsəfə doktoru, əməkdar həkim,
Nyu-York Elmlər Akademiyasının üzvü
Yazı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10-cu ildönümü münasibəti ilə elan etdiyi müsabiqəyə təqdim etmək üçün verilir