"Ermənistan tərəfindən Dağlıq Qarabağın adının dəyişdirilməsi təklifi, müzakirələri bir daha onu göstərir ki, bədnam qonşularımız sağalmaz xəstəliyə düçar olublar. Bu adamlar sözün həqiqi mənasında başlarını itirmiş kimi nə etdiklərinin fərqində deyillər. Əvvəla, bunları başa salan yoxdur ki, siz kimsiniz ki, qonşu dövlətin işğal altında saxladığınız ərazisinin adını dəyişirsiniz? Necə olur ki, lazım gələndə sizin "DQR"-ə aidiyyatınız olmur, amma üstündən bir müddət keçəndən sonra siz Qarabağdakı bir ovuc həmvətənlərinizin təəssübünü çəkirsiniz?". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.O hesab edir ki, ermənilərin bu cəhdi də, bundan əvvəl guya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaq hədəsi kimi fiaskoya uğrayacaq və bu sadəcə baş qatmaq və vaxt udmaq üçün dövriyyəyə buraxılmış addımdır: "Onsuz da, Ermənistan Qarabağla bağlı tupik vəziyyətə gəlib çatıb. Nə onlar özlərində cürət edib bu qondarma qurumu müstəqil dövlət kimi tanıya bilməyəcək, nə də Azərbaycan bundan sonra da bir bu qədər müddət torpaqlarının işğal altında qalması faktı ilə barışmayacaq. Ona görə də, Ermənistan və havadarları bunu nə qədər tez anlasalar, düşünürəm ki, ən azından Azərbaycan dövlətinin öz suverenliyi və ərazi bütövlüyü uğrunda başlıyacağı hərbi əməliyyatlar zamanı öz vətəndaşlarının həyatını qorumuş olacaq. Bu isə qaçılmaz fakdır ki, danışıqlar prosesi tezliklə ya real nəticələrlə başa çatmalıdır, ya da bizim güc amilindən istifaə etməkdən başqa yolumuz qalmayacaq".
sia.az