"Ermənistan törətdiyi bütün əməllərinə görə öz cəzasını çəkəcəkdir"
Məlum olduğu kimi, Ali Baş Komandan Prezident İlham Əliyevin imzaladığı qərara əsasən, Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlimlərlə başlayıb. Maraqlıdır ki, Ermənistanla yanaşı, işğalçı ölkəni himayə edən bəzi xarici güclər bu hərbi təlimlərdən narahatçılığını ifadə edən mövqe ortaya qoyublar.
Politoloq Arzu Nağıyev "Səs" qəzetinin müxbiri ilə söhbətində Azərbaycan Ordusunun keçirdiyi genişmiqyaslı hərbi təlimlərin son zamanlar ermənilərin atdıqları qeyri-adekvat addımlara və siyasi şoulara cavab olduğunu bildirdi: "İşğalçı Ermənistan KTMT-nin üzvü olduğunu bəhanə gətirməklə, Rusiyadan alınan silahları nümayiş etdirməklə, Talış kəndində və a digər işğal edilən Azərbaycan ərazilərində saxta paradlar keçirməklə sanki dünya ictimaiyyətini saymamaq kimi addımlar atırdılar. Bundan başqa, regiona səfər edən ATƏT-in Minsk Qrupunun həmsədrləri də yenə təəssüf ki, qeyri-konstruktiv bəyanatlarla işlərini bitmiş hesab etdiklərindən ermənilər separatçı rejimin rəhbərliyinə verdikləri "müstəqillik" sözünün üstündə duracaqlarını bəyan etdilər. Onlar öz silahlarını nümayiş etdirmək, apreldə itirdikləri mövqeləri bərpa etmək üçün bir neçə dəfə təxribatlar etdilər. Lakin layiqli cavablarını aldıqları üçün geriyə çəkilməyə məcbur oldular. Belə bir vəziyyət aprel ayında da yarandı və sonu Azərbaycan Ordusunun keçirdiyi yüksək peşəkarlığı ilə seçilən hərbi əməliyyat nəticəsində böyük bir ərazinin işğalçılardan təmizlənməsi ilə nəticələndi. Hazırda da həmin prosesin təkrarlanması hər an ola bilər. Məhz buna görə də onlar narahatdırlar və təşviş içindədirlər".
Politoloq Elçin Mirzəbəyli də o fikirdədir ki, işğalçı Ermənistan aprel döyüşləri zamanı Azərbaycan Ordusunun gücünü gördükdən sonra çox ciddi təşviş və vahimə içindədir: "Ermənistan Azərbaycan ərazilərini işğal edib. Ancaq nədənsə Azərbaycan öz ərazilərində hərbi təlimlər keçirəndə, Ermənistan və işğalçı ölkəni himayə edənlər ciddi narahatçılıq keçirirlər. Bunun da səbəbi, ilk növbədə işğalçı ölkədə yaranan qorxudur. Digər tərəfdən, aprel döyüşlərində Azərbaycan Ordusunun nümayiş etdirdiyi qətiyyətli bir mövqedir, cəsarətdir. Azərbaycan dövlətinin hərbi potensialının gündən-günə güclənməsidir. Şübhəsiz ki, bu potensialın təkcə tətbiqi deyil, hətta nümayişi belə Ermənistan cəmiyyətində çox ciddi fəsadlara gətirib çıxarır və işğalçı ölkədə mövcüd olan dərin böhranı bir azda dərinləşdirir. Ümumiyyətlə, Ermənistan törətdiyi bütün əməllərinə görə öz cəzasını çəkəcəkdir. Hələ ki, beynəlxalq güclər tərəfindən işğalçı ölkə olan Ermənistana münasibətdə konkret addımlar yoxdur. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyinə görə, dünya birliyi Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Təəssüflər olsun ki, bu gün açıq şəkildə Ermənistanın işğalçı bir ölkə olması etiraf olunmur. Bir sözlə, işğalçı ölkə olan Ermənistana qarşı dünyanın güc mərkəzləri tərəfindən təzyiqlər göstərərək, konkret olaraq, sanksiyalar tətbiq etməlidirlər ki, işğalçı ölkə beynəlxalq hüquq normalarına əməl etsin".
GÜLYANƏ