"Səmimi deyirəm, mən çox ehtiyat edirdim ki, Hillari Klinton prezident seçilsə, bu ermənilərin xeyrinə olacaq. Çünki Klinton dövlət katibi olduğu vaxtda da, bütün fəaliyyəti boyunca ermənipərəst mövqeyi ilə həmişə fərlqənib. Ancaq Donald Trampın siyasi karyerası olmayıbsa da, seçki prosesində də onun erməni lobbisinin təsiri altında ermənipərəst fikirlər səsləndirməsini müşahidə etmədik".Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Donald Trampın prezident seçilməsindən sonra ABŞ-Azərbaycan münasibətlərinin gələcək perspektivlərindən danışan E.Məmmədov qeyd edib ki, Trampın bu vaxta qədər bir iş adamı olaraq fəaliyyəti boyunca Azərbaycana qarşı düşmənçiliyi olmayıb: "Biz bunu Trampda müşahidə etməmişik. Hesab edirəm ki, ABŞ-Azərbaycan münasibətlərinin pisləşməsi üçün heç bir səbəb yoxdur. Trampın prezident seçilməsindən sonra ABŞ-Azərbaycan münasibələrlərinin pisləşəcəyi ilə bağlı bəzi adamların səsləndirdiyi iddiaların heç bir əsası da yoxdur. Tramp elə dünən verdiyi bəyanatların üzərində dayansa, bundan sonra o, hər kəslə münasibətləri müsbət yönümdə aparacağını təsdiq etmiş olacaq. Düşünürəm ki, ABŞ-Azərbaycan arasında bu günə qədər olan münasibətlər bundan sonra daha yüksələn templə davam edəcək".
sia.az