PDF Oxu

Siyasət

  • 20

Erməni erməninin üzünə durdu

Erməni erməninin üzünə durdu

"Erməni hüquq müdafiəçilərinin Bakıda etirafları ümumi erməni cəmiyyətinin etirafıdır"

Məlum olduğu kimi, Bakıya gələn bir qrup erməni hüquq müdafiəçisi Sarkisyanı ifşa edən açıqlamalar verdilər və Dağlıq Qarabağın, birmənalı olaraq Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirdilər. Təbii ki, mövcud fakt onu deməyə əsas verir ki, bu cür düşünən və düşündüyünü beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran yalnız Ermənistanın hüquq-müdafiə təşkilatlarının rəhbərləri deyil. Bir ovuc Sarkisyan rejiminin dəstəsi istina olmaqla, ümumi erməni cəmiyyəti ədalətli mövqe ortaya qoyur, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu etiraf edirlər. Söhbət etdiyimiz Azərbaycanın QHT rəhbərləri də haqqın tədricən öz yerini almağa başladığını və bu nöqteyi nəzərdən dünya birliyinin də mövcud reallığı qəbul etməyə məcbur olacağını bildirdilər.

"Şəmsi Əsədullayev" Xeyriyyə İctimai Birliyinin nümayəndəsi Cəsarət Hüseynzadə:

- Bu məsələ bir fakt olaraq mövcuddur ki, hazırda Ermənistanda hakimiyyətdə bir qrup cinayətkar qüvvələrdir və onların da başında Sarkisyan durur. Sözsüz ki, xalqı uzun müddət aldatmaq mümkün deyildir. Erməni xalqı da xeyli müddətdir görür ki, ölkə və xalq səfalət içində yaşayır. Bu münaqişə ancaq Ermənistana və erməni xalqına səfalətdən başqa bir şey gətirmədi. Regionda böyük energetika layihələri reallaşdı. Azərbaycan, Türkiyə o cümlədən, qonşu Gürcüstan bu layihələrdən faydalandı. Ermənistan isə işğalçı siyasəti ucbatından bütün regional layihələrdən kənarda qaldı. Xaricdən gələn yardım və ianələr hesabına bir neçə il yaşamaq olar. Bəs sonra? Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsi xərcləri səviyyəsindədir. Artıq Ermənistanı himayə edən xarici qüvvələr də, bu və digər faktlar və reallıqlar qarşısında Yerevanı müdafiə edə bilmirlər. Ermənistanda siyasi partlayışın olması labüddür. Məhz Bakıda bir qrup erməni hüquq müdafiəçisinin verdiyi bəyanatlar da buna işarədir. Hər halda, bu hüquq müdafiəçiləri Ermənistandakı vəziyyətdən və reallıqlardan çıxış edərək, bu addımları atırlar. Azərbaycan dövləti bütün dünyaya birgəyaşayış nümunəsi olan bir ölkədir. Ermənistandakı bəzi qüvvələr də artıq anlayır ki, Dağlıq Qarabağ məsələsi artıq həll olunması vacib olan regionun bir nömrəli məsələsidir. Seçim isə Ermənistanın olacaq. Sülh, yoxsa Hərb. Azərbaycan hər 2 mövqedə öz sözünü artıq deyib.

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri Cavid Şahverdiyev:

- Təbii ki, artıq Ermənistan rəsmiləri ilə yanaşı, erməni ictimaiyyətinin tanınmış simaları da, nəhayət, dərk ediblər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və o torpaqlar heç bir zaman Ermənistanın olmayacaq. Ermənistanın bəzi mətbu orqanları da dəfələrlə bu məsələyə toxunublar. Baxın, Ermənistanın "Avroviziya 2016"-dakı təmsilçisi İveta Mukuçyan Yunanıstanda olarkən yerli KİV-ə verdiyi müsahibəsində Qarabağın Azərbaycan torpağı olduğunu deyib. Bu açıqlamasından sonra Ermənistan tərəfindən ona ciddi təpkilər göstərilmədi. Ermənistandan xaricə qaçan bir çox siyasi məhbuslar da Qarabağın Azərbaycan torpağı olduğunu etiraf ediblər. Bu etiraf ondan irəli gəlir ki, artıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın yürütdüyü siyasət Ermənistanın məkrli planlarını ifşa edib. Ermənistan nə dünya birliklərində, nə də "qardaş" dediyi supergüclərdən belə dəstək ala bilmir. Erməni ictimaiyyəti Sarkisyan rejiminin bütün dünya erməniləri üçün qorxu yaratdığından təşvişə düşüblər. Ötən gün erməni hüquq müdafiəçilərinin Bakıda acı etiraflarını onların şəxsi fikri kimi qəbul etməməliyik. Bu etiraf ümumi erməni cəmiyyətinin etirafıdır.

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov:

- Artıq heç kəsə sirr deyil ki, Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasət nəticəsində Ermənistanın işğalçılıq siyasəti ifşa olunmaqdadır. Bir çox beynəlxalq təşkilatlarında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi qərarlar, Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanıdılması istiqamətində aparılan işlər, ortada olan nəticələr, onu deməyə əsas verir ki, Ermənistan hakimiyyətinin illərlə apardığı saxtakarlıq üzərində qurulan diplomatiyası fiaskoya uğramaqdadır. Bir neçə gün bundan öncə, Azərbaycanda səfərdə olan erməni hüquq müdafiəçilərinin Azərbaycanın ərazi bütövlüyünü tanıyan açıqlama vermələri təsadüfi bir hal kimi qəbul edilməməlidir. Çünki erməni hüquq müdafiəçiləri onların bu addımının erməni əhalisinin qınaq obyektinə çevrilməyəcəyini yaxşı bilirlər. Ermənistanda yaxşı anlayırlar ki, Azərbaycan torpaqlarını uzun müddət işğalda saxlamaq onların məhvini yaxınlaşdıran əsas amil ola bilər. 2-5 aprel döyüşlərindən sonra erməni analarının "biz övladlarımızın başqa ölkənin ərazisində-Qarabağda ölməsini istəmirik" demələri Serj Sarkisyanın işğalçı siyasətini ifşa etmələri erməni cəmiyyətinin əsas düşüncələri kimi qəbul edilməlidir. Çünki Qarabağın Qədim Azərbaycan torpağı olmasını erməni əhalisi çox gözəl bilir və hüquq müdafiəçilərinin səsləndirdiyi bu fikirlər əksər erməni əhalisinin mövqeyi kimi qəbul edilməlidir. Erməni cəmiyyəti aprel döyüşlərinə kimi bu məsələyə loyal yanaşırdılarsa, artıq müharibənin başlanmasının Ermənistan üçün törədəcəyi fəsadları nəzərə alan erməni hüquq müdafiəçiləri Azərbaycanın haqq səsini müdafiə etməklə kriminal terrorçu rejimə rəhbərlik edən, dövlətdən çox forpost funksiyasını yerinə yetirən Ermənistan hakimiyyətinə ciddi mesaj verdilər.Belə hesab etmək olar ki, hüquq müdafiəçilərinin bu addımı gələcəkdə erməni əhalisinin aktiv hissəsinin də bu cür mövqe sərgiləyəcəyindən xəbər verir.

İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:

- Unutmamaq lazımdır ki, erməni elə ermənidir. Bu baxımdan da, erməni hüquq müdafiəçilərinin Bakıda səsləndirdikləri fikirlərə güvənmək olmaz. Amma real fakt budur ki, erməni cəmiyyəti Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsini olduğunu etiraf edir. Başa düşürlər ki, başqasına aid olan torpaqlara iddia edirlər. Bakıda erməni hüquq müdafiəçilərinin Sarkisyanı ifşa edən açıqlamalar vermələri əsaslıdır. Həqiqətən də, Ermənistan hakimiyyəti cinayətkar bir rejimdir. Erməni hüquq müdafiəçilərinin dediklərinə görə erməni ictimaiyyətində monitorinq aparsalar, sorğu keçirsələr görərlər ki, ermənilərin Azərbaycan xalqına düşmənçilik mövqeyi sərgiləmir. Ermənilərin düşməni yalnız Sarkisyan rejimidir. Çünki S.Sarkisyan və onun cinayətkar dəstəsidir ki, Ermənistanı dağıdıb, insanları isə zəlil gününə qoyub.

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov:

- Adətən, hüquq müdafiəçiləri hansı ölkədə olmalarından asılı olmayaraq, öz ölkələrindəki haqsızlıqları daha yaxşı görürlər və əhalidən fərqlənərək, fikirlərini açıq şəkildə ifadə edir və beynəlxalq təşkilatlara çatdıra bilirlər. Erməni hüquq müdafiəçilərinin Bakıda səsləndirdikləri fikirlər onu göstərir ki, həqiqətən də, erməni cəmiyyətində hökm sürən acınacaqlı vəziyyət həmin cəmiyyətin, birmənalı şəkildə çürüklüyünü göstərir. Yəni Ermənistanda təmsil olunan rejimin hansı vəziyyətdə olduğunun bariz nümunəsidir. Bu baxımdan da, erməni hüquq müdafiəçilərinin Sarkisyanı ifşa edən açıqlamalar vermələri və Dağlıq Qarabağın, birmənalı olaraq Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirmələrin də təəccüblü heç bir şey yoxdur. Çünki onlar düzünü dilə gətirərək deyiblər.

GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər