"ABŞ-da keçirilən seçkilər Amerika cəmiyyətində irqi, dini, milli böhranı ortaya çıxarmaqla yanaşı, amerika vətəndaşlarının pulunu Əfqanıstanda, Yaxın Şərqdə və digər məkanlarda inqilablara xərcləyənləri məğlubiyyətə uğratmış oldu". SİA-nın xəbərinə görə, bunu millət vəkili Zahid Oruc Milli Məclisdə cari məsələlər müzakirə olunan zaman deyib.Onun sözlərinə görə, ABŞ-dakı seçkilərin nəticəsi Ağ ev ətrafında toplaşan, prezidentliyə namizəd olan Hillari Klintonun çevrəsində qərarlaşan lobbi qrupları, maliyyə mərkəzləri, eləcə də ticarət şəbəkələrinin qurduqları korrupsiya sistemi dağılmasına səbəb oldu: "Müxtəlif ərəb şeyxlərindən tutmuş, ayrı-ayrı ticarət mərkəzlərindən alınan vəsaitlər ABŞ-dakı seçki kampaniyasına yönəlmişdi ki, bu fakt oradakı seçki sistemində belə korrupsiyanın olduğunu sübut etmiş oldu. Bunlar bizim rəyimiz deyil, məsələlərlə əlaqədar müxtəlif faktlar mövcuddur".Millət vəkili qeyd edib ki, Amerika xalqı budəfəki seçkilərdəki seçimi ilə diktatura rejimini demokratiya adı altında ayrı-ayrı ölkələrin məhvinə səbəb olan siyasətə reaksiyasını bildirmiş oldu: "Amerika vətəndaşının problemini kənara qoyub, müxtəlif ölkələrdə siyasət quranlar və onlara necə yaşamağı diktə edənlər, liberal demokratiyanı ixrac edənlər qarşılarında çox ağır nəticə gördü. Ona görə də hesab edirəm ki, bu seçkilər zamanı 2009-cu ildə Ermənistan-Azərbaycan sərhədlərini açmaq adı ilə bu millətin Dağlıq Qarabağ kimi dərdinin üstündən xətt çəkmək istəyənlər məğlub oldular".
sia.az