"Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfəri, orada çoxsaylı obyektlərin açılışında içtirak etməsi, cəbhəyanı regionda əhali ilə görüşməsi özlüyündə bir hadisədir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, ən önəmli hadisə isə Prezident İlham Əliyevin işğalçı dövlətin hərbi xunta rejiminə təmas xəttindən göndərdiyi mesajlar idi: "Mən hadisə sözünü təsadüfən işlətmirəm. Bir şeyə xüsusi diqqət etmək lazımdır ki, Prezidentin səfəri ilə eyni vaxtda Ali Baş Komandanımızın əmrinə uyğun olaraq Azərbaycan ordusu 60 min nəfərlik şəxsi heyətin və ən müasir hərbi texniki vasitələrin iştirakı ilə təmas xətti yaxınlığında hərbi təlimlər keçirir. Buna paralel olaraq bir neçə gün əvvəl bir qrup Ermənistan vətəndaşı Bakıya səfər edib və erməni hərbi-cinayətkar rejiminin dinc azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri etiraf edir və cinayətkarları ittiham edir. Eyni zamanda Azərbaycan Prezidenti işğalçı dövləti xəbərdar edir ki, əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Düşünürəm ki, bütün bu hadisələr arasında sistemli bir əlaqə var".H.Babaoğlu əlavə edib ki, aprel döyüşlərinin xüsusi vurğu ilə ermənilərə xatırladılmasının arxasında isə ayrıca bir məna və xəbərdarlıq var. Azərbaycan Prezidenti əmindir ki, Dağlıq Qarbağ probleminin həllində keyfiyyətcə yeni bir mərhələ formalaşdırılıb. Hərbi, siyasi, iqtisadi və diplomatik parametrlər üzrə bu mərhələ Azərbaycanın lehinədir və yeni şərtlər Azərbaycanın sistemli, məqsədyönlü və ardıcıl siyasəti sayəsində meydana çıxıb. Azərbaycanın əleyhinə olan şərtlər neytrallaşdırılıb.Ona görə də cənab Prezident qeyd etdi ki, Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin. Bax bu məsaj da hesab edirəm ki, düzgün oxunmalıdır və nəyə işarə vurulduğu aydın dərk edilməlidir.Yəni Ali Baş Komandanımız vurğulayır ki, bu vaxta qədər çox ciddi dəstək aldığınız dövlət yaxud dövlətlər artıq sizi müdafiə etməyəcək. Nəhayət bunu başa düşün və işğal etdiyiniz Azərbaycan torpaqlarından çəkilin. Hesab edirəm ki, bu olduqca ciddi xəbərdarlıqdır və ermənilər bundan nə qədər tez nəticə çıxarsalar bir o qədər yaxşı olar".
sia.az